Şrift ölçüsü:
A+
A
A-
Kr
25 Fevral 2016

Həbsdəki MTN generalının kabinetindən keçən məhbus-tələbə danışdı

Hazırda 11 saylı cəzaçəkmə müəssisəsində cəza çəkən Elnur Zəki oğlu Bəşirov prezident İlham Əliyevə, surəti redaksiyamıza təqdim olunan məktubunda belə yazır. Həbs olunmamışdan əvvəl Milli Aviasiya Akademiyasının IV kurs tələbəsi olan E.Bəşirov 14 sentyabr 2008-ci ildə Lerikdən Bakıya qayıdarkən, Qaradağ rayonu ərazisində MTN əməkdaşları tərəfindən saxlanılıb:

“Saxlanıldıqdan dərhal sonra MTN-ə gətirilmişəm. Burada əməliyyatçılar tərəfindən fiziki işgəncələrə və psixoloji təzyiqlərə məruz qalmışam. Onlar dubinka ilə başıma, ayaqlarıma, belimə vurub, elektroşokla bədənimin müxtəlif hissələrinə cərəyan veriblər. Məndən tələb olunan isə 17 avqust 2008-ci ildə ”Əbu-Bəkir" məscidində baş vermiş partlayışın kimlər tərəfindən edildiyi idi. Təbii ki, bu barədə heç bir məlumatım olmadığını bildirdim. Bu cavabım onları qane etmədiyindən işgəncələr davam etdirildi. Tutulduğum andan etibarən, həmin gecə səhərədək, demək olar ki, fasiləsiz işgəncələr davam etdirilib. Səhərisi gün başıma maska taxaraq, məni başqa bir otağa qaldırdılar. Kabinetin sahibi bir gün əvvəl mənə işgəncə verənlərdən biri idi".

Tələbə-məhbus yazır ki, sonralar həmin şəxsin hazırda həbsdə olan Akif Çovdarov olduğunu öyrənib: “Yalnız indi bilmişəm ki, bu şəxs MTN-in generalı Akif Çovdarov olub. İşgəncə verənlərin arasında MTN-in Antiterror Mərkəzinin rəisi Elçin Quliyev və adını bilmədiyim, lakin üzdən tanıdığım bir neçə əməkdaş da var idi. Akif Çovdarov yenidən dubinka ilə başıma vuraraq dedi ki, ”Əbu Bəkir" məscidinə qumbara atılanda guya orada iştirak etmişəm. Bir daha bu işdən xəbərim olmadığını bildirəndə, yenidən işgəncələr davam etdirildi. Mən artıq bu qədər işgəncələrə dözməyərək məcburi şəkildə “Əbu-Bəkir” məscidinə qumbara atılanda guya orada olub ətrafa nəzarət etidiyimi boynuma götürdüm.

Məhkəmədə də hakimlər bu saxta ifadələrimə əsaslanaraq və heç bir əlavə sübut gətirmədən mənə 15 il cəza verdilər. Həmin hadisə olan vaxt “20 Yanvar” - “Neftçilər” metrostansiyaları arasında hərəkətdə olduğumu və ifadələri işgəncələr altında verdiyimi bildirsəm də heç bir xeyri olmadı. İndi MTN-in mənə işgəncə verən, etmədiyim cinayəti boynuma qoyan cinayətkar əməkdaşları həbs olunub və onların digər cinayətləri də üzə çıxıb.

Amma nədənsə müraciət etdiyim orqanlar mənim işimə çox biganə yanaşırlar. Baxmayaraq ki, mən də bu cinayətkar dəstədən böyük zərərlər görmüşəm. Əgər iş adamları bu cinayətkarlara görə pullarını itiribsə, mən azadlığımı itirmişəm. Etmədiyim cinayətə görə həbs olunmuşam. Elə ona görə də diqqətinizi bu işə yönəltmək üçün mətbuat vasitəsilə müraciət edirəm. Xahiş edirəm ki, bu işin yenidən, düzgün şəkildə araşdırılmasına özünüz şəxsən nəzarət edəsiniz"./criminal/
807 dəfə baxılıb
Loading ...
Nur-Az Xeber
07.12.16, 17:27