Şrift ölçüsü:
A+
A
A-
Kr
25 Fevral 2016

Vatikandakı muzeylərin bərbad vəziyyəti hökumətimizin ürəyini ağrıdır

Ac xalqın “səxavətli” hökuməti

Yaxud Vatikanda və ABŞ-da havaya sovrulan milyonlar

Hakimiyyət yenə də öz ampluasındadır. Böhran, vətəndaşın ağır vəziyyəti, valyuta ehtiyatlarının azalması hökumətin bədxərcliyinə təsir etmir. Yəni ölkə ictimaiyyətinə “hər qəpiyin qədrini bilməliyik” deyib, ölkədən kənarda milyonları talan edirlər. Ötən gün iki xəbər yayıldı və hər iki xəbərdən pul qoxusu gəldi.

Əvvəla, məlum oldu ki, hökumətimiz Vatikanda xeyriyyəçiliyini davam etdirir. Bildiyiniz kimi bugünə qədər Heydər Əliyev Fondu Vatikanda xeyli abadlaşdırma işləri aparıb, muzeyləri, qədim abidələri, kilsələri bərpa etdirib. Məlum olur ki, bundan sonra da “səxavət”li siyasət davam edəcək və Vatikanda nə qədər uçuq-sökük yerlər varsa, Azərbyacanın pulları hesabına düzələcək. Ölkənin ucqarlarında məktəb binaları, bağçalar bərbad vəziyyətdədir, sosial şəbəkələrdə yayılan fotolara ürək ağrısıyla baxırıq, hələ də kənd yolları acınacaqlı haldadır, təmirə ehtiyacı olan minlərlə tikili var, evsizlikdən əziyyət çəkənlər, məcburi müalicəyə ehtiyacı olanlar var. Heydər Əliyev Fonduna minlərlə müraciət ünvanlanır. Amma nə hikmətdirsə, ölkə vətəndaşının ağrısı-acısı hökumətimizi təsirləndirmir, ölkədəki uçuq-sökük məktəb binaları, kitabxanalar, bərbad yollar hökumətin gözünə görünmür. Amma Vatikandakı muzeylərin bərbad vəziyyəti hökumətimizin ürəyini ağrıdır. Bu qədər saymazlıq, özbaşınalıq, vətəndaşa ögey münasibət olarmı? Bu xeyriyyə layihələrinin qarşısında Vatikan bizə nə verəcək? Bu “səxavət” Azərbaycan maraqlarına hansı xidməti göstərəcək? Görünən budur ki, Vatikan erməni soyqırımını tanıyıb və hökumətimizin səxavəti şəxsi maraqlardan qaynaqlanır.

Ikinci xəbər hökumətimizin Kristofer Smitin layihəsinə qarşı Amerikanın “Podesta Group” lobbi təşkilatı ilə müqavilə bağlamısıdır.

Bildiyiniz kimi, Azərbaycan hökuməti ABŞ Konqresinin “Azərbaycan Demokratiya Aktı” qanun layihəsinin qəbuluna yol verməməsi üçün hər cür tədbirlərə əl atır. Bu qanun layihəsi demokratiyanın pozulmasına görə vəzifəli şəxslərə qarşı sanksiyaların tətbiqini nəzərdə tutur. Indi hakimiyyət yeni lobbi təşkilatıyla müqavilə imzalayıb ki, bu işdə hökumətə kömək etsinlər. Məlumata görə, Azərbaycan hökuməti həmin təşkilata ayda ən azı 50 min dollar ödəyəcək.

ABŞ Ədliyyə Nazirliyinin məlumatına görə, “ictimaiyyətlə əlaqələr üzrə xidmətin göstərilməsi üçün” fevralın 1-də Azərbaycanın ABŞ-dakı səfiri Elin Süleymanov və “Podesta Group” arasında müvafiq sənəd imzalanıb. “Podesta” Vaşinqtondakı nüfuzlu şəxslərə yol tapmaq üçün Azərbaycan hökumətinə zəmanət verib.

Göründüyü kimi, hökumət özünü təmizə çıxarmaq üçün yenə də külli miqdarda vəsaiti havaya sovurmağa start verib. Onsuz da uzun illər ərzində xarici lobbi təşkilatlarına külli miqdarda pullar xərclənib. Indiki halda da hökumət tənqidlərdən nəticə çıxarmaq, siyasi məhbusları azad etmək, demokratik islahatlara start vermək əvəzinə, məlum qətnamənin qəbul olunmaması üçün yollar axtarır.

Hər gün ölkədə borca görə intiharlar baş verir, sosial-iqtisadi vəziyyət getdikcə ağırlaşır, işsizlik səviyyəsi, dövlət borcları artır. Belə bir vaxtda dövlətin maliyyəsini şəxsi məqsədlər üçün sərf etmək cinayətdir, xəyanətdir. Hakimiyyət hansı haqla bu pulları talan edir? Bunlara kim ixtiyar verib ki, çirkablarını dövlətin maliyyəsiylə yusunlar?

Açıq şəkildə dövlətin və millətin taleyinə qəsd edirlər. Bu qətnamənin qəbul olunmaması üçün mühüm addımlar atmaq əvəzinə, lobbi şirkətlərinə pul paylayırlar. Bəs, deyirdilər ki, qətnamələr bizim üçün kağız parçasıdır. Niyə bu kağız parçasına görə dövlətin pulunu talan edirlər?

Qısası, bir daha aydın olur ki, hökumətin qənaət etmək, böhrandan çıxış yolu axtarmaq fikri yoxdur. Sadəcə olaraq xalqı aldadıb, öz talançılıqlarına davam edirlər. Vətəndaş hər gün intihar etsə də, ac-yalavac qalsa da, ölkə batsa da olar. Əsas odur ki, Vatikanda muzeylər təmir olunsun, ABŞ-da lobbi təşkilatı pul qazansın./azadliq/
826 dəfə baxılıb
Loading ...
Nur-Az Xeber
07.12.16, 10:54
Hətta bir yuxusuz gecə...
07.12.16, 08:11