Şrift ölçüsü:
A+
A
A-
Kr
25 Fevral 2016

Mehdiyevin mülklərinin siyahısı ilə bağlı qalmaqal böyüyür

Siyavuş Novruzovdan Eldar Sabiroğluna cavab gəldi, qarşı tərəfin reaksiyası sərt oldu

Müdafiə Nazirliyinin mətbuat xidmətinin keçmiş rəisi Eldar Sabiroğlunun “Basta”da dərc olunan məqaləsi hakimiyyət düşərgəsində narazılıq doğurub.

Eldar Sabiroğlu həmin məqalədə Prezident Administrasiyasının rəhbəri Ramiz Mehdiyevin sahib olduğu bütün mülklərin siyahısını açıqlayacağını bildirmişdi. Eldar Sabiroğlu digər məsələlərlə yanaşı, onu da yazıb ki, PA rəhbəri Ramiz Mehdiyev Rusiyanın ən inanılmış adamı olaraq, Azərbaycanın Qərb və Avropa ilə münasibətlərinin korlanmasında rol oynayıb.

Eldar Sabiroğlunun bu yazısına hakimiyyətin cavabı gecikməyib. YAP icra katibinin müavini, deputat Siyavuş Novruzov modern saytına açıqlamasında bildirib ki, Eldar Sabiroğlu gündəmdə qalmaq üçün hər üsula əl atır: “Bu adam gündəmdə qalmaq üçün bilmir ki, nə etsin. Dedikləri də başdan-ayağa yalandır. Daha ona başqa heç nə demək istəmirəm”.

Eldar Sabiroğlu isə Siyavuş Novruzova sərt cavab verib. O, “Basta”ya açıqlamasında bildirib: “Bu varlıq nə danışdığının fərqinə varmır. Bu səbəbdən də ən müxtəlif sahələr üzrə mütəxəssisləşmiş belə birisindən inciməyin yeri yoxdur. Deməli, ona görə mətbuata çıxmaq, hansısa məsələyə dair fikir bildirmək gündəmdə qalmaq kimi başa düşülür. Dərrakə bu qədərdir. Belə çıxır ki, söz gərək dilinə gətirməyəsən, etdinsə, ya gündəmdə qalmaqla səni topa tutacaqlar, ya da vəzifə almaq üçün ”dəridən-qabıqdan” çıxmaqda ittiham edəcəklər. Bəs görəsən, onun özü cəmiyyətdə ikrah doğuran atmacaları ilə tez-tez podiuma çıxanda heç düşünürmü ki, camaat hansı sözləri dilə gətirir”.

Eldar Sabiroğlu həmçinin bildirib ki, Siyavuş Novruzovu bu açıqlamanı verməyə Ramiz Mehdiyev vadar edib: “Ramiz Mehdiyevin halına həm də ona görə acıyıram ki, gör kimi özünə sözçü saxlayır? Və daha acınacaqlısı odur ki, bu gün belə birisi praktiki olaraq partiya aparatına rəhbərlik edir. Mən o varlığa çatdırmaq istəyirəm ki, çox yaxın günlərdə Administrasiya rəhbərinin hansı mülklərə sahib olduğu barədə verdiyim vədi yerinə yetirəcəyəm. O zaman varlığın nə danışacağı maraqlı olardı”.
868 dəfə baxılıb
Loading ...
Nur-Az Xeber