Şrift ölçüsü:
A+
A
A-
Kr
25 Fevral 2016

Həbsxanadan dəhşət saçan məktub

Məhkum işgəncələr altında eləmədiyi cinayəti «etiraf» etməyə məcbur olduğunu deyir

“Azadlıq”ın redaksiyasına həbsxanadan məktub gəlib. Vəsiyyət xarakteri daşıyan məktubu Şüvəlan həbsxanasından Sübhan Kərimov göndərib. Məktubda deyilir: “Əziz atam, qardaşım və doğmalarım. Bu məktubun bir neçə surətini çıxarıb prezidentə, birinci xanıma, baş prokurora, daxili işlər nazirinə, ədliyyə nazirinə, Milli Məclisə, ombudsmana, sosial şəbəkələrə və mətbuata verin. Ona görə ki, hələ də inanmıram ki, 6 aydan çoxdur ki, başıma gətirilənlərlə bağlı yazdığım saysız məktublar adları qeyd olunan şəxslərə çatmayıb.

31.07.2015-ci ildə Şakir adlı tanışımla mərkəzi bazarın yanında söhbət edirdim. Bu vaxt dörd nəfər mülki geyimli şəxs mənə yaxınlaşıb kiminlə dalaşmağımı soruşaraq maşınla Sumqayıt şəhəri 4-cü polis bölməsinə gətirdilər. Telefonum itdiyindən üstümdəki həyat yoldaşımın telefonu idi. Bunu və telefonun içində ailə-uşağımın şəkillərinin olduğunu yolda Səbuhi adlı təhqiqatçıya dedim. O, yoldaşımın adını soruşanda cavab vermədim və bu zaman Səbuhi mənə təhqiramiz sözlər dedi. Bölmədə isə Kənan adlı rəis müavini məni “isti münasibət”lə qarşıladı. Sonra isə iki telefon gətizdirib onları filan yerdən apardığımı bildirdi. Mən telefonları tanımadığım şəxsdən aldığımı və ehtiyat hissəsi kimi hansı mağazaya satdığımı dedim. Müsibətim bundan sonra başladı. Döyüləndən sonra Kənan müəllim üstümdəki telefondan yoldaşımın şəklini göstərərək “biz deyənlərlə razılaşmasan, arvadını bura gətizdirməsəm, belə-belə (söyüşləri yazmıram) olum” dedi. Sonra da salafanda narkotik vasitə olan anaşa otu göstərdi. Mən belə şeylərdən uzaq olduğumu dedim. Sonra Kənan başda olmaqla adları yadımda qalan Səbuhi, Zaur, Fəxrəddin və digər adamlar söyüşlərlə qaydasız döyüşə başladılar. Bir neçə dəfə özümdən getsəm də, Kənan müəllim seyfindən maye halında çıxardığı dərmanı burnuma tuturdu və istədiyini boynuma qoymağa təhrik edirdi. Saxlanılarkən əynimdə olan sarı köynək çırılıb çıxmışdı. Qalan paltarlarımı da çıxarıb məni yerə yıxdılar. Polis dəyənəyini götürüb mənə elə bir şey tətbiq edəcəklərini dedilər ki, özümü polis bölməsində deyil, erməni əsirliyində hiss etdim. Başımı birtəhər qaldırıb bir neçə polis nəfərinin əlində mobil telefonun kamerasıyla biabırçı mənzərəni çəkməyə hazır dayandıqlarını gördüm. Dünya başıma fırlandı və onlara dayanmalarını, dedikləriylə razılaşdığımı bildirdim.

Səhərisi gün mayor rütbəli Fərəməz adlı şəxs mənə təzə köynək alıb gətirdi. Mənə təklif olundu ki, 2-ci mikrorayon ərazisində yerləşən qaçqın evinə girdiyini boynuna al, onsuz da bölmə rəisi Ruslan müəllim Sumqayıt şəhər məhkəməsinin sədri Zeyqəm müəllimin oğludur və sənin işini yoluna qoyarıq. Onlara ev yiyəsinin mənim ora necə girdiyimi soruşacağını deyəndə, onun da çarəsi olduğunu bildirib plan qurdular. Belə ki, Fərəməzin aldığı köynəyi geyindim, Kənanın verdiyi qara kepkanı qoydum və sahə müvəkkili Ramil Hüseynovun gətirdiyi qara eynəyi taxdım. Kənan, Ramil və digər polis əməkdaşlarıyla hadisə yerinə yollandıq. “Təlimata” görə mən burada “Qorotdel”dən gələn “ekspert mütəxəssis” rolunu oynamalı idim. Ev yiyəsi tanımadığım orta yaşlı bir kişi və səhv etmirəmsə, onun oğlu qırmızı köynəkli bir oğlan idi. Kişi hadisənin necə baş verdiyini söylədikcə əlimdəki Ramilin verdiyi qara dəftərçəyə “qeyd” edirdim. Bölməyə qayıdanda atamın gəldiyini dedilər. Yazıq atam məni görüb tanımadı. Məni bu hala kimin saldığını deyəndə utandığımdan yıxıldığımı bildirdim. Amma Kənan məni özünün döydüyünü, telefonda balaca qızlarımın şəklini görüb yazığı gəldiyi üçün məni öldürmədiyini dedi. Həmin gün axşam Kənan müəllim onu satmadığım üçün mükafat olaraq rus arağı gətirdi. Içmədiyim üçün keşiyimi çəkən polis səhəri günü arağı apardı.

Iki gündən sonra mən hadisə yerinə müstəntiq, Kənan, Ramil, bölmə əməliyyatçısı və polis idarəsinin bir işçisiylə yenidən getdik. Müstəntiq bir neçə rakursda şəklimi çəkdi. Bu dəfə evə girən oğru kimi şəkillərimi çəkdilər. Qayıdanda ev yiyəsi polisləri saxlayıb mənə sual vermək istədiyini bildirdi. O mənə “a bala, stulun üstündə nə var idi” deyə, soruşanda mən təlimatda olmadığı üçün duruxub “nə stul? Heç nə yox idi” dedim. Ev sahibi də “aydındır, qondarma işdir, evimə girən bu deyil” dedi.

Doğrudur, mən əvvəllər ailəmin düşdüyü ağır vəziyyətə görə cinayət törətmişəm. Bunu etiraf edirəm. Amma cəzamı çəkərək 14 saylı cəzaçəkmə müəssisəsindən 7 dəfə təşəkkür elan olunan nümunəvi məhkum kimi azad olunmuşam. Mən tutulandan sonra kiçik qızım ailəmin hazırda kirayədə yaşadığı evin 4-cü mərtəbəsindən yıxılıb kəllə-beyin travması almışdı və onun Heydər Əliyev Fondunun rəhbəri Mehriban Əliyevanın müdaxiləsindən sonra sağ qalması mənə kəsilən cəzadan da təsirli olmuşdu. Imkanım olsaydı, Mehriban Əliyevaya üz tutub deyərdim. Qızım 4-cü mərtəbədən yıxılmışdı. Çox sağ olun ki, onu ölməyə qoymadınız. Indi isə xilas etdiyiniz qızın atasıını 4-ci polis bölməsinin hazırladığı ssenariylə yıxılmağa qoymayın.

Bu gün Kənan kimi bir çox vəzifəli şəxslər qanunsuzluqlara yol verirlər. Bu məktubdan sonra haqlarımın pozulduğuna görə etiraz olaraq aclıq aksiyasına başlayıram. Başıma gətirilən və özümə edəcəyim hansısa xoşagəlməz hadisəyə görə isə Ruslan Hüseynov, Kənan Nəbiyev, Səbuhi Bayramov, Mehman Babayev, Ələhməd Əhmədli və Ələsgər Məmmədov məsuliyyət daşımalıdır. Bu məktubu heç bir təzyiq və müdaxilə olmadan özüm yazaraq doğruluğunu imzamla təsdiq edirəm”.
709 dəfə baxılıb
Loading ...
Nur-Az Xeber
07.12.16, 10:54
Hətta bir yuxusuz gecə...