Şrift ölçüsü:
A+
A
A-
Kr
19 Dekabr 2013

Ermənistanda 40 min rus əsgəri yerləşdiriləcək!!!

Rusiya yaxın perspektivdə Ermənistandakı hərbi iştirakını xeyli genişləndirəcək və bu ölkədəki hərbçilərinin sayını 40 min nəfərə çatdıracaq.

Virtualaz.org saytı xəbər verir ki, bu sensasion məlumat Rusiya qaynaqlarında yer alıb. Belə ki, warfiles.ru portalının əməkdaşı Viktor Sokirko Rusiya prezidenti Vladimir Putinin Ermənistana Gümrüdə yerləşən 102-ci bazadan başlayan səfəri ərəfəsində həmin şəhərdə olub və oradan geniş reportaj hazırlayıb.

Reportajda hərbi bazanın Putinin gəlişinə necə hazırlanmasından və Gümrü sakinlərinin rus hərbçilərinə xoş münasibətindən, onları öz müdafiəçiləri kimi görməsindən bəhs edilir.

Materialda bildirilir ki, 102-ci bazanın hərbi qulluqçularının sayı hazırda 4,5 min nəfərdir. Qruplaşmanın tərkibinə üç motoatıcı və bir artilleriya polku, həmçinin tank batalyonu, 74 tank, 17 BMP, 148 BTR və 84 artilleriya qurğusu, o cümlədən “Smerç” və “Qrad” reaktiv artilleriya qurğuları daxildir.

Sayt yazır ki, bu yaxınlarda bazanın silahlarına “İsgəndər-M” və “Tornado-Q” operativ-taktiki raket kompleksləri də əlavə olunub. Bu komplekslər 500 kilometr məsafədə hədəfə dəqiq zərbə endirir. Bazanın hava hücumundan müdafiə qüvvələrinə 988-ci zenit polku daxildir. Polkun sərəncamında “S-300V”, “Buk-M1-2” kompleksləri daxildir.

Ermənistandakı Rusiya qüvvələrinin bir hissəsi də İrəvan yaxınlığındakı “Erebuni” aeroportunda cəmləşdirilib. Orada modernizə olunmuş “MiQ-29” qırıcıları yerləşdirilib. Putinin səfəri ərəfəsində aeroporta 18 döyüş vertolyotu da gətirilib.

Sayt yazır ki, hazırda Ermənistandakı Rusiya hərbçilərinin sayı cəmi 13 min nəfərdir (müqayisə üçün deyək ki, Ermənistan ordusunun hərbçilərinin sayı 39 min nəfərdir). Rusiya hərbçilərinin 4,5 min nəfəri qeyd olunduğu kimi, Gümrüdə yerləşdirilib. Daha 5 min rus hərbçisi “Erebuni” aviabazasında dislokasiya olunub.

Üstəgəl 4500 Rusiya sərhədçisi erməni sərhədçiləri ilə birlikdə Ermənistanın Türkiyə ilə 330 kilometrlik, İranla 45 kilometrlik sərhədini qoruyur. Sərhəd qüvvələri qruplaşmasının tərkibinə Gümrü, Armavir, Artaşat və Mehri sərhəd dəstələri, o cümlədən İrəvanın “Zvartnots” aeroportundaki sərhəd dəstəsi daxildir.

Hərbi qaynaqlardan bildirilib ki, yaxın perspektivdə Rusiyanın Ermənistandakı hərbi kontingentinin sayı əhəmiyyətli dərəcədə artacaq və Ermənistan ordusunun kontingenti ilə bərabərləşəcək, yəni 40 min nəfərə yaxınlaşacaq.

Artıq Ermənistan Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatı (KTMT) hərbi blokunun Zaqafqaziya birləşməsinin öz ərazisində yerləşdirilməsini təklif edib. Ermənistan ərazisində KTMT-nin çevik-əməliyyat qüvvələrinin, sülhməramlı qüvvələrinin, habelə birləşmiş aviabazasının yerləşdirilməsi planlaşdırılır.

Bu qüvvələrin tərkibini böyük ölçüdə Rusiya hərbçiləri təşkil edəcək. Həmçinin ermənilər müqavilə əsasında bu qüvvələrin tərkibində xidmət edə biləcək. Bununla da Ermənistan işsizlik  probleminin həllinə ciddi töhfə verə bilər.

Bundan əlavə, KTMT-nin xilasetmə qüvvələri də Ermənistan ərazisində yerləşdirilir. Artıq Balaovit və Stepanavan aeroportları bu qüvvələrin sərəncamına verilib. Ermənistan həmçinin Byurokan rəsədxanasına Rusiya kosmik qüvvələrinin sərəncamına verməyə hazırdır. Habelə Rusiya geofizika xidmətinə öz ərazisində seysmik baza yaratmağı təklif edib.

Bütün bu məsələlər prezident Vladimir Putinin səfəri zamanı müzakirə olunub. Bu günlərdə Ermənistan Milli Təhlükəsizlik Şurasının katibi Artur Bağdasaryan bəyan edib ki, Türkiyə və İranla sərhədlər möhkəmləndiriləcək, orada Rusiya sərhəd qüvvələrinin əlavə bölmələri yerləşdiriləcək.

Lakin Gürcüstanla sərhəddə əlavə qüvvələr yerləşdirilməsi nəzərdə tutulmur. Çünki Ermənistan öhdəlik götürüb ki, Rusiya hərbi bazaları Gürcüstanı təhdid edə bilməz. Bununla belə Gürcüstanla sərhəd-keçid məntəqələrini modernləşdirmək nəzərdə tutulur.

“Ermənistan hakimiyyəti Rusiyanın ölkə ərazisində hərbi iştirakını genişləndirməklə ilk növbədə özünü xarici təhlükələrdən qoruyur. İkincisi, erməni ordusu Rusiyadan müasir hərbi texnikanı və silahları havayı alır. Hansı ki, buna böyük pullar xərcləmək lazım gələrdi” - deyə Strategiya və Texnologiya Analizləri Mərkəzinin direktoru, hərbçi ekspert Ruslan Puxov bildirir.

Ekspert deyir ki, prezident Putin Ermənistanda hökm sürən siyasi və iqtisadi situasiyadan istifadə edərək Rusiyanın Cənubi Qafqazda mövqelərini möhkəmləndirir.

“Ermənistan bizə ilk növbədə geosiyasi baxımdan maraqlıdır. Oradan Rusiya müəyyən dərəcədə Türkiyə, Azərbaycan, Gürcüstan və İran üzərində hərbi monitorinq imkanları əldə edir. 90-cı illərin əvvəllərində biz Qafqazdan çəkilməli olmuşduq, indi isə ora qayıdırıq” - deyə Puxov əlavə edib. 

1577 dəfə baxılıb
Loading ...
Nur-Az Xeber
30.11.16, 00:21
İ