Şrift ölçüsü:
A+
A
A-
Kr
27 Fevral 2016

Ölkə fəlakətin astanasında

Azərbaycanda onminlərlə adamın özünü və əmlakını həbs gözləyir

Mövcud hakimiyyət heç vaxt həqiqətləri dilə gətirməyib və buna cəhd edənləri müxtəlif yollarla zərərsizləşdirib. Yəni ölkədə işsizlik, yoxsulluq, kütləvi intiharlar, aşağı əmək haqqları, şikəst iqtisadiyyat olsa da hökumət yalnız “vəziyyət əladır” mesajı verib.

Cəmiyyətə sübut etməyə çalışıblar ki, əsas sizin müşahidə etdiyiniz deyil, bizim dediklərimizdir. Belə ki, neftin qiymətinin yüksək olduğu vaxtlarda ölkəyə milyardlar axdı və bu milyardlar mənimsənildi. Hökumət yeni parkları, ucalan binaları, idman komplekslərini, körpüləri ideal həyatın nümunəsi kimi təqdim etdi. Sadə vətəndaşlar arasında “pis yaşayıramsa, deməli, fərasətim yoxdur” qənaəti formalaşdı. Faktiki olaraq kölələşmə siyasəti aparıldı və insanlar hökumətin anti-xalq mahiyyətinə varmadılar.


Amma bir müddət ötdü, neftin qiyməti ucuzlaşdı və “analoqsuz inkişaf” yoxa çıxdı. Məlum oldu ki, bu hökumət diş çöpü istehsal etməyə də qadir deyil, heç bir sahədə inkişaf yoxdur, hökumət yalnız neftin qiymətinə arxayın olub meydan sulayırmış. Statistik rəqəmlər də göstərdi ki, ölkənin iqtisadi göstəriciləri qonşu Gürcüstan və Ermənistandan da geridə qalıb.

Vəziyyət o həddə çatıb ki, müşavirələrdə, bölgələrə səfərlərdə “dünya bizə paxıllıq edir”, “dünya Azərbaycan modelini öyrənir”, “milli valyutamız sabit qalacaq”, “Heç bir böhran bizə təsir edə bilməz” söyləyən ölkə başçısı artıq böhranın anonsunu verir, qənaətdən danışır, valyuta ehtiyatlarının azalmasından söhbət açır. Insafən deyək ki, sonuncu dəfə Tovuz səfəri zamanı ölkə başçısı həqiqəti söylədi və tam haqlıdır. Bəli, Ilham Əliyev dedi ki, böhranın sonu görünmür. Təbii ki. Ölkəni hansı vəziyyətə saldıqlarını gözəl bilirlər və bu vəziyyətdən çıxmağın çətinliyini də anlayırlar. Statistik rəqəmlər də göstərir ki, ölkənin ağır vəziyyəti qlobal böhranla, neftin qiymətiylə bağlı deyil. Ölkəni uçuruma salan yarıtmaz, acgöz, korrupsioner idarəetmə olub. Əgər neftin bir barreli 500 dollar olsa da, bu təfəkkürlə ölkəni yalnız uçuruma aparmaq olar.

Təsəvvür edin ki, 2.5 milyon vətəndaş banklara pul ödəyir, bankların vətəndaşlara verdiyi kreditlərin ümumi miqdarı isə 22 milyarddır. Azərbaycanın bank sektorunda dollar kreditlərini müştərilərin ödəməsi səviyyəsi 70 faizidir. Yəni dolarla krediti olanların 30 faizi ödəniş edə bilmir. Bu isə o deməkdir ki, bank sferası 30 faiz çöküb. Onu da qeyd edək ki, Azərbaycanda maliyyə sektorunun 94 faizi bank sisteminin payına düşür. Istehlak kreditlərinin yalnız 50 faizi geri qaytarılıb. Ümumi mənzərə onu göstərir ki, problemli kreditlərin həcmi sürətlə artır. Nəticə isə budur ki, bank sistemi çökür. Əgər maliyyə sektorunun 94 faizi bank sisteminə aiddirsə və bu sistem çökürsə, deməli, maliyyə siyasəti iflasa uğrayıb. Onu da qeyd edək ki, son 1 il ərzində banklardan 3000 işçi çıxarılıb. Əgər bank sistemində 3000 işçi işini itiribsə, digər sahələrdəki vəziyyəti təsəvvür etmək çətin deyil. Bu isə onu göstərir ki, işsizlik və yoxsulluq səviyyəsi də hökumətin dediyi kimi 5-3 faiz deyil.

Bu rəqəmləri yazmaqda məqsədimiz budur ki, hökumətin ölkəni necə bir fəlakətə sürüklədiyini dəqiq təsəvvür edək. Yuxarıda göstərdiyimiz rəqəmlər təhlükəli tendensiyadan xəbər verir. Onsuz da hər gün sosial vəziyyətin ağırlığına görə 2-3 adamın intihar xəbəri yayılır. Hökumətin böhrandan çıxmaq üçün real addımlar atmaması qarşıdakı mərhələdə daha böyük aqressiya yaradacaq. Yoxsulluğun, işsizliyin artması, banka borcunu ödəyə bilməyənlərin əmlakına həbs qoyulması, özlərinin inzibati qaydada cəzalandırılması, nəticə etibarilə sosial partlayışa, xaosa aparır. Vətəndaşı mədəsiylə sınağa çəkmək, halal qazancdan məhrum etmək ciddi qarşıdurmanın yaranacağından xəbər verir. Londonda ziyafət verən, Vatikanda xarabalıqları abad edən, Formula-1 yarışlarına milyonlar xərcləyən hökumət, ölkədə yetişməkdə olan partlayışı dərk etməlidir.

Demək istəyirik ki, Ilham Əliyevin “böhranın sonu görünmür” ifadəsinin arxasında pis görüntü dayanır. Bəli, böhranın sonu çox pis görünür. 23 il “stajı” olan hökumət zəngin bir ölkəni sonu görünməyən uçuruma atdı. Hələ də gözlərini döyüb bu uçuruma tamaşa edirlər.

Samir
702 dəfə baxılıb
Loading ...
Nur-Az Xeber
07.12.16, 10:54
Hətta bir yuxusuz gecə...