Şrift ölçüsü:
A+
A
A-
Kr
29 Fevral 2016

İsmayıllının «sehirbaz» icra başçısı

Mərməri plastik örtüklə əvəzləyən Mirdaməd Sadıqov rayona ayrılmış pulları «filfilo» eləyərək yoxa çıxarıb

İsmayıllı rayonunda həyata keçirilən bir çox işlərin içində qaranlıq məqamların olduğu getdikcə daha qabarıq şəkildə üzə çıxır. Demokratiya.info xəbər verir ki, bu qaranlıq məqamlar sırasında əsas yeri bağça və təmir işləri tutur. İcra başçısı Mirdaməd Sadıqovun «gərgin» əməyinin bəhrəsi olan vəziyyət isə artıq narazılıq üçün əsas yaratmaqdadır.

Daş yerinə plastik örtük

İsmayıllı İcra Hakimiyyətinin ayrılan dövlət vəsaitlərinə göz dikməsi elə onların gördükləri işlərdən məlumdur. Rayonun mərkəzində istifadəyə verilmiş parkda aparılan təmir işləri zamanı sənədlərdə başqa, reallıqda isə başqa tikinti materiallarından istifadə olunub.

Belə ki, parkın ortasındakı hovuzun yerinə sənəd üzərində mərmər daşının döşəndiyi qeyd edilsə də, reallıqda ora plastik örtük vurulduğu artıq təsdiqini tapıb. Kvadrat metrii 35-40 manat olan daşın əvəzinə, kvadratı 6-7 manat olan linenium örtüyün vurulması isə heç kiçik olmayan qazanc anlamına gəlir. Həmçinin bu proses bir neçə yerdə təkrarlanarsa, o zaman bu rəqəmin daha hansı sıfırlarla ifadə olunduğunu təxmin etmək elə də çətin deyil.

Bağça korrupsiyası

İsmayıllı İcra Hakimiyyətinin bir başqa «əməliyyatı» isə uşaq bağçaları ilə bağlıdır. Saytın araşdırmalarına görə, rayonda yerləşən bəzi bağçalarda cari və əsaslı təmir işlərinin aparılması üçün heç də kiçik olmayan məbləğdə pul ayrılıb. Halbuki həmin bağçaların təmir işləri elə də uzaq tarixdə aparılmayıb.

Məsələn, 3 saylı uşaq bağçasında əsaslı təmir işlərinin həyata keçirilməsi üçün 29743 manat vəsait ayrılıb. Amma bağça yeni istifadəyə verildiyindən bu pulun ayrılması üçün heç bir zərurət olmayıb. Mənbələr isə bildirir ki, bu pul icra başçısı Mirdaməd Sadıqova lazım olduğu üçün, silinmək məqsədiylə ayrılıb.

Görünən odur ki, icra başçısına daha çox pul lazım olub. Əks təqdirdə, təmir işlərini aparmaq üçün bir bağçaya iki dəfə pul ayırmaqla yanaşı, ikinci bağçanı da prosesə qatmazdı. Belə ki, 3 saylı uşaq bağçası və 1 saylı uşaq bağçalarında cari təmir işlərinin aparılması üçün 23587,6 manat vəsait ayrıldığı sənədlərdə göstərilir. Üstəlik, bu bağçalar üçün 5565 manatlıq inventarların, yataq ləvazimatlarının və xüsusi geyimlərin satın alındığı da vurğulanır. Amma uşaqların nə xüsusi geyimləri var, nə də yataq ləvazimatları o həddə deyil ki, «bəh-bəh»lə təriflənsin.

Rayonun abalşadrılımasına ayrılmış 1,1 milyon manat nəyə xərclənib?

Qeyd edək ki, Prezident İlham Əliyev keçirdiyi müşavirələrin birində bəyan etmişdi ki, ən çox korrupsiya tikinti sektorunda müşahidə olunur və bunun qarşısını almaq üçün əsaslı işlər görülməlidir. Şübhəsiz ki, Cənab Prezident bu sözləri konkret məlumatlara əsaslanaraq vurğulamışdı.

Bu sözlərin təsdiqini tapan rayonlardan biri elə İsmayıllıdır. Ona görə ki, təkcə ötən il rayon mərkəzinin abadlaşdırılması üçün ayrılmış 1,1 milyon manatın hansı məqsədlərə xərcləndiyi, ümumiyyətlə, xərcləndiyi kifayət qədər şübhəlidir. Belə ki, rayonda abadlıq işlərinin həyata keçirilməsi üçün 507531 manat pul ayrılıb ki, bu işləri də «VÜSAL-A.R.» MMC şirkəti reallaşdırıb. Lakin rayondan gələn xəbərlər belədir ki, həmin pulların heç yarası təyinatı üzrə sərf olunmayıb. Əksinə, icra başçısının təlimatına əsasən xərclər məqsədli şəkildə şişirdilib.

Eyni proses İsmayıllı şəhərinin daxili yollarının əsaslı təmir işlərinin görülməsində də müşahidə olunur. Bu zaman 661529 manat vəsaitlə rayonun daxili yollarının asfaltlanması nəzərdə tutulub ki, «İsmayıllı Tikinti-27» ASC reallaşdırıb. Di gəl, rayonun mərkəzi yollarında durum yaxşı olsa da, kənar məhəllələrin durumu bərbaddır.

İcra başçısı hər il mebelləri niyə dəyişdirir?

İsmayıllıda qəribə olaylardan biri də icra başçısı Mirdaməd Sadıqovun hər il mebellərini yeniləməsi ilə bağlıdır. Sayt yazır ki, yaşlı icra başçısı bir il oturduğu mebeldən növbəti il istifadə etməməyi üstün tutur. İddia edilir ki, o, köhnə mebelləri tenderlərə satış üçün saldırır və təzi adı altında bunu həyata keçirtdirir. Belə ki, həmin mebellər təzələndikdən sonra köhnəsi hansısa idarə və müəssisə üçün təzə adı ilə sənədləşdirilir. Ayrılmış pullar da bu yolla silinir.

Bundan başqa, İcra Hakimiyyəti digər maşın və avadanlıqların satın alınmasına 14090 manat, inventarların satın alınmasına isə 18583 manat pul ayrımaqdan da çəkinməyib.

Təmir-tikinti hoqqabazlığı

Rayonda həyata keçirilən təmir-tikinti işlərinin daha çox hoqqabazlıq olduğunu elə İcra Hakimiyyətinin öz işçiləri deyirlər. Onlar bildirirlər ki, İsmayıllıda baş verənləri diqqətlə araşdırmaq mümkün olarsa, ortada milyonlarla manatın israf edildiyinə və ya mənimsənildiyinə şahidlik etmək olar. Məsələn, şəhər mərkəzində fəaliyyət göstərən 3 saylı orta məktəbin əsaslı təmir işlərinə 2265993 manatın ayrılması bunun bariz nümunəsidir. Əcəba, bu məktəb nə boydadır ki, 16 mərtəbəli bir binanın xərcini «əridir»? Hətta bu məktəbi yenidən inşa etmək lazım gəlsəydi belə, yenə də bu qədər pula gərək olmazdı. Lakin hörmətli akademik Mirdaməd Sadıqov üçün 2-ni 2-yə vurub, 6 cavabını almaq elə də çətin məsələ deyil.

Və ya İsmayıllı İcra Hakimiyyətinin inzibati binasında cari təmir işlərinin aparılması da bu qəbildəndir. İldə bir neçə dəfə əsaslı və cari təmirə saxlanılan binanın dərdi-səri isə bitmir. Daha doğrusu, Mirdaməd müəllim dərd-sərin bitməsinə heç bir şəkildə imkan vermir. Elə bu səbəbdəndir ki, növbəti dəfə cari təmir işləri üçün 22322 manat ayırılması tapşırığını verib.
661 dəfə baxılıb
Loading ...
Nur-Az Xeber