Şrift ölçüsü:
A+
A
A-
Kr
29 Fevral 2016

Bizə beynəlxalq yarışlar gərəkdir, yoxsa bataqlıqdan çıxmaq?

1988-ci ildən – Dağlıq Qarabağ münaqişəsi başlayandan xalqımız çox iztirablar çəkib; dədə-baba yurdundan qovulmaq, aclıq, fəlakət, ölüm-itim və soyqırım.

1988-1994-cü ili əhatə edən I Qarabağ Savaşı zamanı bütün bunlara birtəhər dözmək olardı, təki Vətən sağ olsun. Lakin 1994-cü il atəşkəsindən sonra həyat səviyyəsi daha da ağırlaşdı, sanki müharibə qurtarmayıb…

1994-cü ildən bu yana qədər iqtidar xalqı səfalətə sürükləməkdədir. 2003-cü ildən sonra bu prosses daha da dözülməz xarakter alıb. Icra hakimiyyətinin yüksək aparatı olan Prezident Administrasiyasındakılar, nazirlər, deputatlar, icra başçıları, məmurlar, torpağını erməniyə təhvil verib, gəlib paytaxtda yüksək vəzifə tutanlardan başqa bütün xalq fəlakət içindədir.


Bu cür haqsızlıqlara susmayanları isə ölüm, həbs, təqib gözləyir. Qanunvericilikdə cinayət sayılmayan tənqid, seçmək və seçilmək hüququ belə bu azğın hakimiyyət üçün cinayət sayılır…

Avropa Şurasının siyasi məhbusların azad olunması tələbini belə hakimiyyət həyasızcasına yerinə yetirmir və başda Ilham Əliyev olmaqla deyirlər ki, Azərbaycanda heç bir siyasi məhbus yoxdur…

Əslində yazım siyasi məhbuslarla bağlı deyil, sadəcə hakimiyyətin özbaşınalığına haqlı olaraq etirazını bildirən insanlara qarşı haqsızlıqlardan söz açmaq, ölkədə baş verən iqtisadi tənəzzül və xalqın acınacaqlı vəziyyətiylə bağlı düşüncələrimi bölüşməkdir. Bu qədər zəngin ölkə olan Azərbaycan nə üçün bu gün qara qitə ölkələri kimi acınacaqlı durumdadır?! Axı ölkəmizə əcnəbi şirkətlər bu qədər sərmayə qoyub. Bu qədər yatırımlarla xalqımız səfalət çəkməməlidir, əksinə, dünyada ən yaxşı yaşayan xalqlardan biri olmalıdır!

Təəssüflər olsun ki, sərvətdən gələn gəlirlər hakimiyyətin kostyumlu acgözlərinin cibinə, yollar, körpülər, binalar, parklar tikdirməyə, eləcə də Avrovizion mahnı müsabiqəsi, Bakı 1-ci Avropa oyunları keçirib, həmçinin gələcəkdə də bir çox beynəlxalq dərəcəli tədbirlərə sərf olunur!

Görəsən bu acgöz həramilər düşünmürlər ki, ölkənin bütün sərvətləri Azərbaycan Respublikasına məxsusdur və bu sərvət də ölkə vətəndaşlarının layiqli həyat səviyyəsinin yüksəldilməsinə sərf edilməlidir.

Azərbaycan manatının 98% devalvasiyaya uğraması və xalqın acınacaqlı durumu görünür, mövcud hakimiyyətin zərrə qədər də olsun vecinə deyil, belə ki, ölkə başçısı Formula-1 və Islam oyunlarına ev sahibliyi etməklə yetərlənməyib, indi də 17 yaşadək futbolçular arasında keçiriləcək Avropa çempionatına ev sahibliyi etmək qərarına gəlib, hətta bununla bağlı bu ayın 15-də artıq 2 sərəncamda imzalayıb.

Həmin sərəncamlarda gələn qonaqlara yüksək xidmətdən, qayğıdan, onların təhlükəsizliyilə bağlı görüləcək tədbirlərlə bağlı göstəriş və tapşırıqlar verilir.

Ölkə başçısı Futbol üzrə Avropa çempionatına və əcnəbi vətəndaşların qulluğunda necə durur. Görəsən futbol oyunlarına ev sahibliyi etmək təcrübəsinin zənginləşdirilməsi xalqın güzəranının yaxşılaşdırılmasından bu qədər üstündür?!

Güc strukturlarının tədbirin fəaliyyətini və əcnəbilərin təhlükəsizliyini qoruduğu qədər, öz vətəndaşlarına nə üçün həmin qayğını göstərmir?! Çox təəcüblü olsa da zavallı xalq istər-istəməz öz-özünə belə bir sual verir ki, görəsən əcnəbi bizlərik, yoxsa ayrı dövlətin vətəndaşları?!

Səhiyyə Nazirliyi isə elə bil gələcək futbolçular, azarkeşlər və turistlər üçün sanki, qaliblərə hər cür ehtiyaclarını ödəmək üçün hazır vəziyyətdədirlər! Bəs görəsən bu nazirlik qara camaata niyə bu qədər açıq ürəkli deyillər? Bu cür laqeydlik görən insanlarda belə deyim formalaşıb: amanın bir günüdür, özünüzü qoruyun!, hər kəs özü öz həkimi olsun, əks halda batdınız! Yani pulun varsa, həkim sənə qayğı göstərəcək, yoxdursa, xoş gəldin!

Görəsən ölkə başçısı bu sərəncam əvəzinə xalqın banklara olan kredit borclarını qismən və ya tam olaraq dövlət hesabına ödənilməsi, kommunal xərclərin qiymətlərinin azaldıması və ya ləğv edilməsi, universitetlərdə pullu təhsilin ləğv edilməsi, sosial yardımları artırmaq( maaşları 10 % artırmaq kimi yox), məmur özbaşnalıqlarına qarşı dözülməz tədbirlər, vətəndaşlara qonşu ölkələrdən – Gürcüstan və Irandan ucuz və keyfiyyətli ərzaqların gətirilməsi və s. bu kimi sərəncamlar verə bilməzdimi?!

Cibi boş, qarnı ac, mənəviyyatı sarsıdılmış xalqın hansısa gərəksiz futbol oyununun final mərhələsi nəyinə lazımdır?!

Bu cür beynəlxalq tədbirlər keçirməklə düşünürsünüz ki, Azərbaycanı dinamik inkişaf etdirirsiniz, əslində isə bununla fəlakətə aparırsınız. Heç bir Avropa ölkəsində milli pulu devalvasiyaya uğrayan dövlət xalqın güzəranını yaxşılaşdırmaq əvəzinə bu tipli tədbirlərə qol qoymaz!

Əli Seyfəlli
825 dəfə baxılıb
Loading ...
Nur-Az Xeber
07.12.16, 10:54
Hətta bir yuxusuz gecə...