Şrift ölçüsü:
A+
A
A-
Kr
01 Mart 2016

Sosial yardımı istəyirsınsə - 600 manat və ya 6 ayın pulunu verməlisən

Bizim parlament ansamblı o qədər yeknəsəkdir ki, arada səslənən istənilən “orijinal ifa” gündəmi zəbt edir. Özünüz bilirsiniz, bu məclisdə oturub illər boyu cınqırını çıxarmayan adamlar var. Təsadüfi bir yerdə adları çəkilsə, “o kimdir” sualını verəcəyik ixtiyarsız. Bizmi günahkarıq yəni, adamlar nə vaxt kəlmə kəsib varlıqlarını göstərdilər ki, duyub tanımadıq? Arada heyrətlə düşünürsən də ki, ölkədə normal, qanuni seçkilər keçirilsə, bu 125 adamdan hansı biri bura düşə bilər? Xülasə, buranın seçim meyarları başqadır. Bunu nəinki ölkədə, dünyanın o başında belə bilməyən yoxdur. O çərçivədən kənara ayaq qoymaq kimin həddinə? On illərdir tərkibi yalnız 3-5 adam fərqiylə dəyişən bu məclisin ölkə insanının bir dərdinə dərman olduğu görünməyib. Indi küçədə kiçik bir sorğu keçirib soruşsam ki, parlamentin son 10 illik fəaliyyətində hansı çıxışlar yaddaşınızda qalıb, eşidəcəyim cavabları da təxminən bilirəm. Hər kəs el dilində anekdota çevrilmiş deputat deyimlərini xatırladacaq, hər halda. Istəsəniz, özünüz də sınaqdan keçirə bilərsiniz…

Nə isə… dərdimiz böyükdür. Bu 125 nəfərlik ansamblı kim seçibsə, heç bizə dəxli olmayan rollar ifa edir. Ara-sıra mikrofon qarşısına keçib, bizə xitabən səsləndirdikləri də adamı varından yox etməkdən başqa heç nəyə yaramır. Ölkə insanına rəva gördükləri daş daşımaq, divar hörmək, soğan əkmək, qoyun bəsləmək işlərindən uzağa getmir. Bunu o adamlar deyir ki, uzun illərdir yoğurub-yapmadan tapdığı yağlı kökənin gen-bol dadını çıxarır. Yığıb topladıqları mal-mülkü, sərvəti də top vursan, dağılmaz. Amma gəl ki, “sehrli qutu”nun kəraməti sayəsində gedib çıxdıqları kürsüdə özlərindən qat-qat yüksək olan insanları belə xor görürlər. Bu ölkənin müəllimini fəhləlik etməyə, soğan əkməyə, qoyun bəsləməyə çağırırlar…


Bənzər təklif hər zamankı kimi, yenə “orijinal” təklifləriylə gündəmdə qalan Hadı Rəcəblidən gəlib. Ağsaqqal deputat tövsiyə edib ki, kənd yerlərində ailələrə verilən ünvanlı sosial yardımın pulunu qoyunla əvəzləsinlər. Bu, həm insanların ələbaxımlığına son qoymaq, həm də onlara təsərrüfatlarını inkişaf etdirmək imkanları baxımından faydalı olar. Hadı müəllimin bu tövsiyəsi təklif olaraq çox cazibədardır. Normal şərtlərdə belə imkanı lap alqışlamaq lazım. Amma sizin aşağılarda baş verənlərdən xəbəriniz varmı, cənab deputatlar? Siz kəndlərdə əkin-biçin, fermerlik, heyvandarlıq, sahibkarlıq işləri ilə məşğul olmağın hansı əngəllər bahasına başa gəldiyini bilirsinizmi? Bilmirsinizsə, maraqlanın. Yerlərdə xarici şirkətlərin öz vəsaitləri hesabına yerli insanlar üçün yaratdığı sahibkarlıq imkanlarını belə sonradan icra hakimiyyətinə bağlı adamlar qapazlayıb ələ keçirir. Bunu havadan deyil, məsələyə birbaşa şahid olan biri kimi deyirəm. Insanların yer şumlamağa, toxum almağa, heyvanları yemləməyə, torpağa qulluq etməyə beş qəpik pulu yoxdursa, necə quracaqlar o təsərrüfat imkanlarını?

Ünvanlı sosial yardım məsələsinə gəlincə… Mən illər öncə bu sosial yardımı Zəngilan rayonundan olan üç nəfərlik bir qaçqın ailəsi üçün düzəltməyə çalışmışdım. Yataqxanada çox kiçik bir otaqda məskunlaşan üç nəfər işsiz qadın, ikisi xəstə, ailə üzvlərindən 5 nəfər itkin. O yardımın verilməsi üçün insanın daha hansı itkilərə məruz qalması lazımdır görəsən? Nəticə o ki, mən bu işdə ailəyə yardımçı ola bilmədim. Süründürməçiliyə və absurd tələblərə görə bacarmadım. Üstündən illər keçir. Ancaq bu prosedurlar nəinki asanlaşıb, daha da betər olub. Indi bu sosial yardımı almaq istəyən və çarəsiz geri dönənlərin dediyinə görə, onlardan 600 manat və ya 6 ayın pulu tələb olunub. Hadı müəllimin də xəbəri olsun ki, təklif etdiyi qoyun məsələsi reallaşsa, o qoyunun ən azı 3-nü şirinlik istəyəcəklər. Yerdə qalan ikisini də qurd və ya çaqqal dağıtsa, kəndli batdı. Xülasə, demək istədiyim o ki, xalqı bu qədər aşağılayıb dağa-dərəyə salmayın. Onların da sizin qədər yaxşı yaşamaq haqqı var. O haqlar birbaşa sizin oturduğunuz yerdən tapdanır, bilirsinizmi?

Səadət Cahangir /azadlıq
650 dəfə baxılıb
Loading ...
Nur-Az Xeber
29.11.16, 12:22
Dollar 1,79-u keçdi
29.11.16, 09:25
Qış yuxusu
29.11.16, 09:10
PKK qaz borusunu partlatdı
28.11.16, 18:41