Şrift ölçüsü:
A+
A
A-
Kr
19 Dekabr 2013

Nurçular hücuma keçdi: “Hələ 40-a yaxın kaset var”

Fətullah Gülən tərəfdarlarının əlində hələ 40-a yaxın kaset var.

Türkiyə mediasına sızan bu məlumatda nurçuların hər an bu kasetlərdən istifadə edə biləcəyi və Türkiyəni qarışdıracağı eyhamı hiss olunur.

Xatırladaq ki, bu gün Türkiyə saytlarının birində Baş nazir Rəcəb Tayyib Ərdoğanın qardaşı Mustafa Ərdoğanın qalmaqallı gizli çəkilişi yayılıb.

Nurçuların əlində bu tip kasetlərin olduğunu Türkiyənin hakim partiyası olan AKP-yə yaxınlığı ilə seçilən köşə yazarı Əbdürrəhman Dilipakın “Akit” qəzetində yazdığı köşəsi də təsdiqləyir. Ə.Dilipak yazır:

“Planda 50-yə yaxın millət vəkilini istefa verdirib, arxasından 40-a qədər haqqında kaset olan millət vəkilini şantajla öz tərəflərinə çəkmək, AKP-ni iqtidardan salıb, öz aralarında CHP, MHP ilə yeni meydana gələn hökuməti qoyub, yerli seçkiləri təxirə salıb, prezident seçkiləri ilə birlikdə bələdiyyə və millət vəkillərinin seçkilərini birlikdə keçirərək AKP-ni bitirmə planı da masaya qoyulmuşdu”.

Türkiyəyə qarşı bütün dünyanın birləşdiyini yazan müəllif iddia edir ki, “...bu macəra camaatın (nurçuların – red.) sonu olar... Görəcəksiniz, iqtidar bu işdən güclənərək çıxar.

Öz içindəki bir sıra rüşvətxor əxlaqsızlara qarşı da partiya bir təmizləmə əməliyyatı keçirər... Məncə, bir müsibət min nəsihətdən daha yaxşıdır... Təyin etdikləri namizədləri belə bu hadisədən sonra bir daha nəzərdən keçirib, öz mənafeyini güdən, mövqe ehtirası ilə ətrafını əzib keçən bəzi adamları namizəd siyahısından ayırsa, nə yaxşı iş görər... Böyük bir iddia üç-beş axmağın pul, şöhrət və qadın ehtirasına qurban edilə bilməz! Unutmamaq lazımdır ki, çinar ağacının işini bitirən balaca bir qurddur...”
1544 dəfə baxılıb
Loading ...
Nur-Az Xeber