Şrift ölçüsü:
A+
A
A-
Kr
03 Mart 2016

Adını toxunulmaz hesab edənlər

Ölkədə bu dərəbəyliyin sonunu görsəydik, gözüaçıq getməzdik. Fərman kimdən gəlirsə, əli azacıq vəzifəyə çatan özünü darğa hesab edir. Kölgəsi gözünə elə böyük görünür ki, düşünür, kimsə onun adını çəkib üstünə toz qondura bilməz. Kimsə onun ziyanlı əməllərini dilinə gətirib, tənqid edə bilməz. Onu ölkəyə və millətə vurduğu zərbəyə görə ittiham etmək heç kimsənin həddi deyil. Edəni də cəzalandırarlar. Bu nə düşüncə, nə ağıl, nə yanaşma, nə insanlıqdır belə? Ikidə bir 37-ci illərdən danışıb, insanlara ondan betərini çəkdirmək hansı mənəviyyata sığır? “Adımı çəkənin adını silərəm” hikkəsi ilə hara qədər gedəcəksiniz? Dünyanın bu vaxtında insanları tənqidi fikrinə görə işdən qovdurmaq hökmünü hansı cəngəllik qanunlarından çıxarırsınız? Bu ölkəni nə hala gətirdiniz, Allah xatirinə?

Az əvvəl 2-3 adamı “silahlandırıb” Azərbaycan jurnalistikasının dəyərli simalarından biri Qulu Məhərrəmlini hədəf aldırmışdılar. Onlar da olmayan ağılları ilə cızma-qara edib, Qulu müəllimə böyük zərbə vurduqlarını düşünürdülər. Nə var ki, o hardasa AzTV-nin və onun sədrinin ünvanına tənqidi fikirlər səsləndirib. Sizi bu ölkədə kim belə toxunulmaz elan edib ki, xəbərimiz yox? Bu qədər hakimiyyət və səlahiyyət hardandır, deyin, biz də bilək. Həqiqətən, özünüzdən bu qədər məmnunsunuz yəni? Indi yerli telekanalların hansı primitiv hala gətirildiyini, az qala, Yer planetində hər kəs bilir axı. Əslində, “ya səbr” deyib, orda gedən verilişlərin bir-ikisini izləyən kənar şəxs belə, məsələnin hansı düşüncə dərəcəsində olduğunu anlaya bilər. Illərdir Almaniyanın işsizlikdən batdığını haray çəkən, Amerikanı faşizmdə ittiham edən, Ingiltərədə insan haqlarının çarmıxa çəkildiyini hayqıran təbliğat maşınının arxasında necə gülünc göründüyünüzün fərqində olsaydınız keşkə!

Hələ məsələ bununla bitmir. Bu adamların qisasçılıq hisslərinin tükənmə limiti yoxmuş demə. Ünvanlarına səslənən hər tənqidi fikrə görə ölçü götürəcək qədər kinləri varmış. Növbəti belə kin püskürməsinin qurbanı da dəyərli şairimiz Məmməd Ismayılın qızı Intizar Ismayıl olub. Üç gün əvvəl onu ITV-də çalışdığı baş redaktor vəzifəsindən çıxarıblar.ÿNiyə? Intizar xanımın özü deyib ki, işdən çıxarılmasına səbəb atasının Arif Alışanov haqqında verdiyi açıqlama olub. Məhz bu açıqlamadan sonra onunla bağlanan müqaviləyə xitam verilib. Əslində, Məmməd müəllim də elə ağır bir söz deməyib. Sadəcə, bildirib ki, mühasibdən televiziya rəhbəri olmaz. Nədir yəni, yalanmı deyib? Dünyanın hansı peşəkarı öz vicdanının əksinə gedib, bizim yerli telekanalların media qurumu kimi bir işə yaradığını deyə bilər? Adamın dili ağzında qurumazmı, bu ağ yalanı səsləndirməyi özünə rəva görsə? Bu telekanalların komplekt şəkildə hökumətin təbliğat ruporu olduğunu bilməyənmi var? Yoxsa bizi kor və ya kar hesab edirsiniz? Yoxsa düşünürsünüz ki, o bayağı, şit, düşük şou-proqramlarla, yalan və komik xəbər buraxılışları ilə hər kəsin başını qata bilərsiniz?

Gələk, bu “xalq televiziyası” adıyla açılan ITV-yə. Ora sonuncu dəfə xalqın sözünü deyən hansı adam çıxıb? Bu hökumətin hansısa kiçik məmurunun belə əyri əməllərini dilə gətirən kimsəni ora buraxarsınızmı? Özünüzü müqəddəsmi sayırsınız, hər kəs hər şeyi görür və bilir axı. Atanın tənqidi sözünə görə övladını işdən qovmaq irtica dövründən -37-ci illərdən qalma ənənədir. Heç düşünürsünüzmü, zaman gələcək, tarix olmuş bu dövrün arxivlərindən sizin adınız necə çıxacaq? Arada düşünsəniz, xeyrinizə olar…

Səadət Cahangir /azadlıq
827 dəfə baxılıb
Loading ...
Nur-Az Xeber
07.12.16, 10:54
Hətta bir yuxusuz gecə...
06.12.16, 11:00
Mosulda uğurlu əməliyyat
06.12.16, 09:10
40 dərdin dərmanı
05.12.16, 09:39