Şrift ölçüsü:
A+
A
A-
Kr
04 Mart 2016

"Zindan yaşadığım həyatdan yaxşıdır”

İcra başçısı vətəndaşın həyatını zindan edib

Bunu Qaynar.info-ya Ağsunun Bico kənd sakini Seymur İsayev yazıb. Onun sözlərinə görə, iki məktəbli övladı var:"Heç bir yerdə işləmirəm. Altı ildi Ağsu rayon icra başçısı Ənvər Seyidəliyevə işdən ötrü müraciət eləyirəm, lakin hər dəfə bir bəhanə ilə məni yola salırlar. Artıq evimdə satılası heç nə qalmayıb, hamısını satmışam. Torpağımı əkməkdə çətinlik çəkirəm, çünki toxuma, şum çəkənə, taxıl bicənə verməyə pulum yoxdur. Hər il verilən subsidiyada bu il gecikdirilir. Camaatın əksəriyyəti əkin işlərini nisyə gördürüb, subsidiyalar verilməsə, kasıb camaatın vəziyyəti tamamilə dözülməz olacaq, borcverənlərlə borcalanlar arasında ciddi konfliktlər yaşanacaq. Deyirlər, kəndlinin torpağı var, əksin, yesin. Məhsul ildə bir dəfə götürülür, bəs həmin müddətə qədər bir manat gəliri olmayan əhali nəylə qidalansın?!. Kağız üzərində iş yerləri açırlar, əslindəsə işlə təmin olunan yoxdur”.

S.İsayev bildirib ki, dəfələrlə Əhalinin Sosial Müdafiəsi Mərkəzinə müraciət edib: "Sosial yardım istəmişəm. Lakin ƏSMM-in işçisi Sənan Feyzullayev dövlətin nəzərdə tutduğu yardımı almağima problem yaradır. Deyir, sənin pay torpağın var, yoldaşının ayağında pay torpağı yoxdu, ya onun da ayağına torpaq keçirt, ya da işə düzəlt və 3 ay işləməsi barədə arayış gətir. Deyirəm, iş yeri olsa, özüm işləyərəm dəə, heç dövlətin verdiyi dilənçi payına da möhtac olmaram. Bir sözlə, haqqımı əlimdən alır. Amma elə vətəndaşlara yardım yazdırır ki, işi, imkanı, təsərrüfatı, evdə pensiya alanları var. Hətta, bəzi kəndlilərin adını ÜSY alanların siyahısında Ağsu sakini kimi göstərir ki, tanınmasın, yardım ala bilməyənlər narazılıq etməsinlər, bir kənddən yardım alanların sayı çox görünməsin. Elələri də var ki, Bakıda, Sumqayıtda yaşayır, kəndlə heç bir əlaqəsi yoxdu, amma Sənan onları kənd sakini göstərib, adlarına sosial yardım yazır. Hamı bilir ki, ƏSMM-də işləyənlər öz "paylarını” götürməsələr, heç kimə yardım düzəltmirlər. Deyilənlərə görə, müddət bir il olanda 4 ayın, 2 illik olandan sonra isə 6 ayın pulunu mənimsəyirlər. Odur ki, tez-tez bahalı maşınlarını dəyişməyə imkanları çatır. Sənan və həmkarları Ağsuda neçə nəfər yardım almaq istəyənlərə maşınlarını satdırdılar, yaxud uzun illik etibarnamələrini ləğv etdirdilər ki, guya onlara sosial yardım düzəldəcəklər, amma həmin adamlar "Əli aşından da oldular, Vəli aşından da”.

Sənankimilər rayonda camaatı incitməkdən həzz alırlar, prezident də elə bilir ki, yerlərdə məmurlar onunun sərəncamlarına, göstərişlərinə əməl edir, işsiz əhalini işlə, sosial müavinətlərlə təmin edirlər. Mən demirəm kimlərsə niyə sosial yardım alırlar, deyirəm ki, niyə mənim kimi heç bir yerdən gəliri olmayan vətəndaşlara haqqımız ola-ola yardım verilmir?! Ya iş yerləri olmalıdı, ya da dövlət digər yollarla vətəndaşlarına sahib cıxmalıdı. Əksər evlərdə sabahın əsgərləri boyüyür, vəziyyəti özləri görürlər, onlara hansı dillə, hansı sözlərlə vətənpərvərlik ruhu aşılayaq?! Necə deyək ki, bu ölkə, bu dövlət hamımızındı, xalqındı, axı onlar da görüb, başa düşürlər ki, bir kənddə, bir rayonda, ümumiyyətlə, bu ölkədə ancaq vəzifədə olanlar insan kimi dolanırlar!..

Artıq bir həftədir işığımı da kəsiblər, çünki pulunu ödəyə bilmirəm. 21-ci əsr Azərbaycanında, neft-qaz-işıq ölkəsində ailəm qaranlıqda yaşamağa məhkum edilib. Zindan bundan yaxşıdı, heç olmasa orda işıq var. Mətbuat vasitəsilə xarici ölkə səfirliklərindən sığınacaq istəyirəm, bu da alınmasa, gərək mən də adımı intiharçılar siyahısına salım”.
721 dəfə baxılıb
Loading ...
Nur-Az Xeber
30.11.16, 09:11