Şrift ölçüsü:
A+
A
A-
Kr
20 Dekabr 2013

Deputatla çobanın şərikli biznesi

Əliağa Hüseynov Salyanın ən bərkgedən fermerinə çevrilib

infom.az-ın araşdırma qrupu əhatə dairəmizə aid olan rayonlar üzrə seçici-deputat münasibətlərini öyrənməyə başlayıb. Əksər rayonlarda təmasda olduğumuz sadə insanlar onları Milli Məclisdə təmsil edən vəkillərini ya tanımır, ya da onların fəaliyyətindən narazıdır.

Deyirlər ki, biz onların üzünü seçidən seçkiyə görürük: “Gəlirlər, bolluca vədlər verirlər, işləri düzələn kimi yağlı əppəyə dönürlər. Olsa-olsa rəsmi tədbirlərdə, idarə, müəssisə rəhbərlərinin əhatəsində gözə görünürlər. Onda da yaxınlaşıb söz demək olmur. Heç olmasa köməkçilərinin rayonda ofisi yoxdur ki, dərdini deyəsən, onun vasitəsilə sözünü çatdırasan”- görüşdüyümüz əyalət seçiciləri belə deyir. Amma bunu heç də bütün deputatlar barədə demək olmaz ki, onları seçildikləri ərazi ilə heç nə bağlamır. Əksinə, bəziləri hər həftə olmasa da, ayda ən azı iki dəfə dairə əraisində olur.

Elə düşünməyin ki, millət vəkilləri ayrı-ayrı yaşayış məntəqələrində əhali ilə müntəzəm görüşlər keçirir. Seçici problemləri ilə məşğul olmağa vaxt ayıra bilməyən deputatlar, el dili ilə desək, iki daşın arasında imkan eib öz obyektlərinə baş çəkirlər. Milli Məclisdə nüfuz sahiblərindən olan, 59 saylı Salyan seçki dairəsindən mandat qazanmış Əliağa Hüseynov kimi... Onu Salyanın ən bərkgedən fermeri adlandırmaq da olar.

Yeni salınan Ələt-Astara magistral yolunun ətrafında generalın 1700 hektar torpaq sahəsi var. Əkib-becərməyə vaxtı və işçi qüvvəsi olmadığından Ə. Hüseynov torpağının çox hisssəsini icarəyə verib. Bundan əlavə, adamın Salyan və Sabirabad rayonlarının müxtəlif ərazilərində 5 qoyunçuluq ferması var. Bu təsərrüfatlarda üst-üstə 6 min başa yaxın qoyun saxlanılır. Çobanlar generalla şərikdir. Mal-qaranın saxlanması və yem tədarükü onların üstünə atılıb, əvəzində doğulan quzuların 50 faizinə sahib olurlar. Deputat rayonda olarkən vaxtının çoxunu Kür çayının sahilindəki 2 hektarlıq ərazidə yerləşən şəhərciyindən çox, fermalarında olur. Bundan əlavə, dövlət vəsaiti hesabına tikilən Salyan Yol Patrul Postunun yanında iri tutumlu, lakin içi boş olan soyuducu anbarla yanaşı, rayonun Bayraq Meydanının yanında 5 mərtəbəli ticarət obyektinə, müxtəlif ərazilərdə texnikalara və süni balıq göllərinə sahibdir.

Son bir ay ərzində yaxta da alıb. Sağlığına qismət. Onun bircə helikopteri yoxdur. Qeyd olunan əmlakları, Salyanda Əliağa müəllim 2009-cu ildən ağzı bəri əldə edib. Təbii ki, bu qədər obyekt və mülkü idarə etməyə vaxt lazımdır. İndi onun yerində özünüzü təsəvvür edin: həftənin 2 gününü qanun yaradıcılığına, 1 gününü paytaxtda işgüzar görüşlərə, 1 gününü xarici səfərlərə həsr edən bir adam, əyalətdə bu qədər mal-mülkə nəzarət etsin, yoxsa sadə adamlarla boş-boşuna söhbət eləsin?

Hörmətli deputatımız Fəzail Ağamalı da bu cəhətdən çox əziyyət çəkir. Gələn dəfə onun şəxsi imperiyasından söz açacağıq./infom.az/
1621 dəfə baxılıb
Loading ...
Nur-Az Xeber
07.12.16, 12:11