Şrift ölçüsü:
A+
A
A-
Kr
05 Mart 2016

İlqar İbrahimoğlu: “Allahın razılığını nəzərə alan yeni bir İslam sivilizasiyasının ortalığa qoyulması olduqca vacibdir..."

Artıq uzun müddətdir ki, İslam dünyası ciddi çətinliklərlə üz-üzə qalıb. Bir tərəfdən böyük güclərin maraq obyektlərinin müsəlman ölkələrində toqquşması, digər tərəfdən Qərb dövlətlərinin işğalçılıq planları, eyni zamanda daxili müharibələr, təkfirçilik və terrorizm kimi bəlaların İslam ölkələrinə ayaq açması, səfalət və digər amillər İslam dünyasında ciddi problemlərə yol açıb. Təbii ki, bütün bu sadalanan faktların müsəlman ölkələrinə ayaq açmasında bəzi səriştəsiz dövlət rəhbərlərinin böyük güclərin maraqlarına xidmət etməsi də rol oynayır. Ona görə də, Əfqanıstan, İraq, Suriya və digər müsəlman ölkələrində separatçılıq meylləri artaraq müharibələrə çevrilib. Böyük güclərin marağı və səriştəsiz rəhbərlərin şəxsi mənafeləri yüz minlərlə müsəlmanı doğma yurdundan didərgin salıb və günahsız qurbana çevirib.
Bəs görəsən İslam dünyası bütün bu çətinliklərdən necə xilas ola bilər? Nə etmək lazımdır ki, müsəlman ölkələrində hökm sürən iqtisadi, siyasi vəziyyət sabitləşsin, əmin-amanlıq bərqərar olsun?
İslaminSesi suallara cavab tapmaq üçün mövzunu DEVAMM sədri, ilahiyyatçı-filosof İlqar İbrahimoğlu ilə müzakirə edib. İlahiyyatçı bildirib ki, bu mövzu - günün əsas məsələlərindəndir və olduqca aktualdır: “İslam ümməti hal-hazırda hadisələrə lokal yanaşmamalıdır və zamanın tələblərinə uyğun tədbirlər görməlidir. Müsəlman dünyasının bu vəziyyətdə olması indiyə qədər etdiyi köklü, fundamental və strateji yanlışlıqların nəticəsidir. Ona görə də biz bu gün yeni dünya nizamının həndəsəsinin formalaşmasında yaxından iştirak etməliyik. İslam inancının ən yaxşı formada, ən gözəl təqdimatla dünyaya çatdırılmasına nail olmalıyıq”.
İlqar İbrahimoğlunun sözlərinə görə, bu gün dünyada yeni bir düzən yaranır. İslam ümmətinin bütün sahələrdə İslam dərdlisi olan mütəxəssisləri, intellektual, əzmkar və fədakar, üzərində mənəvi yük hiss edən insanları, bu prosesdə avanqardda getməlidirlər.Mərcəyi-təqlidlər və üləmalar bu istiqamətdə böyük tövsiyələr verirlər. “Modern və post-modern dövr geridə qalmaqdadır, dünyanın daha yeni mərhələyə keçməsində ən fəal şəkildə iştirak etməliyik. Artıq bu istiqamətdə proses başlanılıb. İslam ümməti də, mahiyyətində, ruhiyyəsində İslam dəyərləri olan və müasir çağırışlara cavab verən yeni sivilizasiya formalaşdırmalıdır. Onun nüvəsini isə Allahın razılığı təşkil etməlidir. “Allahdanıq, Allahdayıq və Allaha doğru qayıdacağıq” fəlsəfi-ürfani bünövrə və paradiqma üzərində qurulmalıdır. Və bu, eyni zamanda günün yeni kommunikasiya və elmi-texniki gəlişmələri ilə hər mənada sinxronluq təşkil etməlidir”, - deyə Hacı İlqar İbrahimoğlu bildirmişdir.
İlahiyyatçı-filosof qeyd edib ki, bu gün İslamın təqdimat məsələsi çox ciddi mövzudur:“Allahın razılığını nəzərə alan yeni bir İslam sivilizasiyasının ortalığa qoyulması olduqca vacibdir. Mahiyyətcə Quran və Əhli-Beyt (ə) məntiqinə söykənən, amma inkişaf etmiş texnologiyanın suallarına cavab verə bilən bir sivilizasiyanın mövcudluğu qaçılmazdır. Bütün bunları həyata keçirən əzmli, fədakar İslam kimlikli insanların ortalığa çıxması zəruridir”.
DEVAMM sədrinin sözlərinə görə, Azərbaycan həssas regionda yerləşir: "Əhli-Beyt (ə) vətəni olduğumuz, Qərb və Şərqin kəsişməsində yerləşdiyimiz üçün bizim üzərimizdə çox böyük məsuliyyətlər var. Ona görə də, ruhanilərimiz, intellektual insanlarımız, yazarlarımız, bu prosesə öz töhfəsini verməlidir. Bilməliyik ki, bu gün bəşəriyyətin hazırkı formatda mövcud olan sistemin içərisində hərəkət etməsinin sonu - dalandır. Ona görə də ayıq olmalıyıq. Bu gün mövcud olan sağ və sol nəzəriyyələrinin heyranlarına çevrilməməliyik. Allahın razılığını düşünən bir yol tutmalı və bu yeni sivilizasiyanın yaranmasına doğru addımlamalıyıq".
Hacı İlqar İbrahimoğlunun fikrincə, hal-hazırda dünyada yaşanan İŞİD, Suriya böhranı, İraqda baş verən hadisələr, İslam ümmətinin içində sünni-şiə qarşıdurmasının süni formada ortalığa qoyulması - əslində düşünülmüş və hesablanmış çox məkrli bir planın tərkibidir: "Bütün bunlar əslində İslam ümmətinin elitasını, düşünən insanlarının enerjisini yanlış istiqamətə tərəf yönlənməsinə hesablanıb. Ona görə də, biz çox ayıq-sayıq olmalıyıq. Çünki bu qarışıqlığı yaratmaq birmənalı olaraq sionizmə və onun xidmətində duran sistemlərə lazımdır. Biz birmənalı olaraq şiə və sünnü vəhdətinə can atmalıyıq və bilməliyik ki, bu qarşıdurmalardan ən böyük zərər görən - İslam dünyasıdır".
DEVAMM sədri bildirib ki, bütün məsələlərə qurucu və pozitiv baxmalıyıq. Dağıdıcı yanaşmalardan uzaq olmalıyıq: “Müsəlmanları marginallaşdırmağa və rafinallaşdırmağa imkan verməməliyik. Toplumdan təcrid olmamalıyıq. Eyni zamanda Allah razılığı hədəfləməyən sistemlərin içində əriməməliyik. Allahdan gəlmişik, Allaha da dönəcəyik. Allah üçün də hərəkət etməliyik. Hər bir işimiz bunun üçün olmalıdır. O zaman uğur və müvəffəqiyyət bizimlə olacaqdır".
İlqar İbrahimoğluna görə, böyük İslam alimlərinin buyuruşlarından bəhrələnərək, bu qənaətə gəlinir ki, ümid, mükəlləfiyyət, məsuliyyət bir yerdə cəmləşməlidir: "Bilməliyik ki, bəşəriyyət nəhayətdə öz potensialını ortaya qoya biləcək. İmamın (ə.f.) zühuruna doğru hərəkətdə olmalıyıq. Onun müqəddiməsini yaratmalıyıq. Mükəlləfiyyətimiz ondan ibarət olmalıdır ki, boynumuza düşən missiyanı tanımalı və yerinə yetirməliyik. Eyni zamanda məsuliyyətli olmalıyıq. Yəni nizam, intizam, sistemlilik vacib amillərdir. Bütün bunlar olarsa Allahın izni ilə ən ali tofiqatlara çata bilərik. İnşəallah!"./İslaminsesi/
629 dəfə baxılıb
Loading ...
Nur-Az Xeber
29.11.16, 12:22
Dollar 1,79-u keçdi
29.11.16, 09:25
Qış yuxusu
29.11.16, 09:10
PKK qaz borusunu partlatdı