Şrift ölçüsü:
A+
A
A-
Kr
05 Mart 2016

“Azərişıq”a qarşı rüşvət ittihamı – “Bizi 5 aydır qaranlıqda qoyublar”

Sabirabad rayonu sakini “Azərişıq”ı rüşvət istəməkdə ittiham edir.

Şəhriyar kənd sakini Həsənov Bəxtiyar Güloğlan oğlu 5 aydır ki, qaranlıqda yaşadığını, qurumun Sabirabad rayon şöbəsinin onun evinə işıq çəkmək üçün rüşvət istədiyini deyib: “Evi 2015-ci ildə tikdirmişəm və işıq çəkdirmək istəyirəm. Bununla bağlı rayon şöbəsində oldum. Şöbənin müdiri Məqatil Yunisov məndən evimə işıq çəkmək üçün 250 manat pul istədi. Dedim ki, mənim bu qədər pul verməyə imkanım yoxdur. Dedi ki, ödəməlisiniz. Yenə pulum olmadığını deyəndə mənə cavabı bu oldu: “Get qonşudan al”. Nə qədər dil-ağız elədim ki, uşağım, ailəm qaranlıqda qalıb, nəticəsi olmadı”.

Sikayətçi əlavə edib mənzili ilə işıq xəttinin arasındakı məsafə 20 metrdir: “Yəni bu qədər qısa məsafəyə işıq xətti çəkmək üçün hər hansı dirəyə ehtiyac yoxdur. Bəs niyə bu qədər məbləğdə pul istəyirlər, aydın deyil”.

B.Həsənov bildirib ki, məsələ ilə bağlı prezident İlham Əliyevə və Heydər Əliyev Fondunun Prezidenti Mehriban Əliyevaya müraciət edib.


Məsələ ilə bağlı “Azərişıq” Açıq Səhmdar Cəmiyyətinin ictimaiyyətlə əlaqələr şöbəsinin rəhbəri Tanrıverdi Mustafayevlə əlaqə saxladıq. Qurum rəsmisi pulun istənilməsi ilə bağlı iddiaya belə cavab verdi: “İndiki vaxtda adamdan rüşvət istəyərlər? O, özünə ev tikdirib. Təzə evə işıq çəkmək üçün dayaq basdırılmalıdır, kabel və başqa materiallar alınmalıdır. Bunu vətəndaş özü almalıdır. Yəqin ki, həmin məbləğ onun üçün istənilib. Adama şər atmazlar. Tələb olunan avadanlıqları alsın, gəlib işiğını çəksinlər”./aznyus/
713 dəfə baxılıb
Loading ...
Nur-Az Xeber