Şrift ölçüsü:
A+
A
A-
Kr
05 Mart 2016

Dövlət büdcəsi hesabına bəslənən dəstələr

Milli Şuranın sədri, professor Cəmil Həsənli ictimai asayişin qorunmasında vətəndaşların iştirakı haqda prezident fərmanına münasibət bildirib. Cəmil Həsənli Facebook səhifəsidə yazır:

Doslar! İki gün əvvəl “İctimai asayişin qorunmasında vətəndaşların iştirakının təmin edilməsi barədə” Azərbaycan Respublikası prezidentinin fərmanı elan edildi. Fərmanın birinci maddəsi ilə Daxili İşlər Nazirliyi tərəfindən təqdim edilmiş “İctimai asayişin qorunmasında vətəndaşların iştirakı Qaydası” təsdiq edildi. Bəziləri bunu vaxtilə Sovet milis sisteminin tərkibində olan drujinniklərin bərpası kimi şərh edirlər. Lakin məsələ drujina sistemindən çox mürəkkəbdir. Əslində, fərman ölkədə polis rejiminin qurulduğunun rəsmi qaydada təsdiqi və etirafıdır. Burada diqqəti çəkən bir neçə mühüm məsələ vardır.

Birincisi, MTN-nin ləğvindən sonra bu qurumun geniş agentura şəbəkəsi demək olar ki, dağıldı. Bu şəbəkə əsasən antiterror idarəsi tərəfindən idarə olunduğundan, həmin idarə rəhbərlərinin kütləvi şəkildə işdən azad edilməsi, bəzilərinin həbsi və həbs yerində intihar etmələri agent şəbəkəsində şok effekti yaratdı. Bəziləri “MTN böhranı”gedişində ifşa olunacaqından ehtiyat edərək xüsusi xidmət orqanları ilə əvvəlki əməkdaşlığını dayandırmalı oldu. Agentura şəbəkəsinin dağılması idarə edilən cəmiyyət yaradılmasında böyük boşluq yaratdı. Əgər xatırlayırsınızsa hələ MTN fəaliyyət göstərəndə ona aid bəzi səlahiyyətlərin eyni zamanda DİN-ə verilməsi müşahidə edildi. Məsələn vətəndaşların dinlənilməsi, izlənməsi və sair.


Bu məqsədlə nazirliyin texniki təchizat bazası xeyli gücləndirildi. Bu fərmanın verilməsin şərtləndirən ikinci mühüm səbəb 21 dekabr devalvasiyasından sonra ölkəni bürümüş kütləvi aksiyaların hakimiyyət üçün qorxulu günləri vəd etdməsi ilə bağlıdır. Hadisələr göstərdi ki, etiraz aksiyaları eyni vaxtda bir neçə rayonda başlayan zaman gücün bölüşdürülmsi zaman ciddi çətinliklər ortaya çıxır. Qaydalarda əks olunmasa da yəqin “könüllülük” əsasında formalaşan asayiş keşikçilərinin tək Bakıda deyil, rayonlarda da analoji strukturları olacaqdır. Nəzərə almaq lazımdır ki, “Cəmiyyətdən polisə dəstək” layihəsi ilk növbədə böhranın yaratdığı narahatçılığın qarşısını etibarlı şəkildə almaq zərurətindən irəli gəlmişdir.

Belə nümunələr tarixdə olmuşdur və onlar daha çox avtoritar hakimiyyətlərin özünümüdafiə ehtiyacından irəli gəlir. Məsələn, vaxtilə ötən əsrin 30-cu illərində kommunist və faşist rejimlərində daxili işlər və təhlükəsizlik orqanlarını gücləndirmək məqsədilə müxtəlif “könüllü” birliklər, dəstələr, qruplar və sair yaradırdılar. Bunun daha aydın ifadəsi həmin dövrdə Almaniya, Sovet İttifaqı, İtaliyada müşahidə edilmişdi. Bu dəstələr xalq düşmənləri, yəhudi, kommunist ovunda, azad fikirliliyin təqib edilməsində rəsmi orqanların köməkçiləri rolunda çıxış edirdilər. Bunun ən aydın örnəyi İtalyadakı «qaraköynəklilər” idi.

Onlar könüllü xalq milisi funksiyasını yerinə yetirirdilər. Əslində, bizdə uzun müddət belə dəstələr qeyri-rəsmi olaraq müxtəlif nazirliklərin, qurumların nəzdində saxlanılıb. Korrupsiya pulları hesabına bəslənilən belə dəstələr, bir qayda olaraq mitinqləri dağıtmaq, qorxu xofu yaratmaq, seçki günlərində gözlənilməz hərəkətlərin qarşısını almaq üçün hazırlıq vəziyyətinə gətirilirdi. Maliyyə iqtisadi böhranı bu dəstələrdən də yan keçmədi. Əslində, yeni layihə üzrə əvvəl korrupsiya pulları hesabına saxlanılan qeyri-rəsmi yarımhərbi birliklər indi dövlət büdcəsindən maliyyələşmə sisteminə keçirilir, onlara rəsmi səlahiyyətlər verilir.

Şübhəsiz ki, bu addım hökumətin anti-böhran addımlarının tərkib hissəsidir. Amma belə “könüllü” birliklərin saxlanılmasına dövlət büdcəsindən ayrılacaq vəsaitlər ölkənin sosial-iqtisadi həyatının dirçəldilməsinə yönəldilsəydi daha səmərəli ola bilərdı. “Cəmiyyət dəstəkli polis” layihəsi əsl həqiqətdə cəmiyyətin əzilməsi, onun qorxu altında saxlanması, böhrandan inzibatı yollarla çıxış aramağı, ölkədə xəfiyyə şəbəkəsinin genişləndirilməsini nəzərdə tutan qorxunc bir plandır.
800 dəfə baxılıb
Loading ...
Nur-Az Xeber