Şrift ölçüsü:
A+
A
A-
Kr
07 Mart 2016

Bura Suriya deyil, Bakıdır – FOTOLAR

Binəqədi rayonu, 9-cu mikrorayon, Həmzə Babaşov küçəsində yerləşən binada bir neçə illərdir ki, məcburi köçkünlər məskunlaşıb. Yaşayış üçün tamam yararsız olan bu binada vəziyyət olduqca acınacaqlıdır.
Əksəriyyəti Qubadlı və Ağdam rayonlarından məcburi köçkün olan sakinlərin sözlərinə görə, bu binada yaşamağın hər saniyəsi ölüm deməkdir.
Binanın mərtəbələrini gəzdikcə biz də bunun əyani şahidi olduq. Kanalizasiya sistemi dağılmış vəziyyətdə olan binanın zibilliyini gördükdə isə, insan dəhşətə gəlir. Yaşlısından uşağına, qadınından kişisinə qədər, bu cür çətin şərtlər altında yaşayan sakinlərin sözlərinə görə, əvvəl burada daha çox ailə yaşayıb.
2013-cü ildə Prezident İlham Əliyev tərəfindən təsdiq edilmiş dövlət proqramına əsasən məcburi köçkün ailələrinin bir çoxu Qaradağ rayonu Müşviqabad qəsəbəsinə köçürüldülər: “Sakinlərin bir qismi Müşviqabadda yeni tikilən mənzillərlə təmin edildilər. Göləzdik ki, bəlkə növbə bizə də gələ. Amma hələ də heç bir səs-soraq yoxdur. Çarəsiz vəziyyətdə qalmışıq bu bataqlıqda”.


Hazırda 200-ə yaxın ailənin bu binada məskunlaşdığını deyən və 1994-cü ildən burada yaşayan Həmzə Qasımovun sözlərinə görə, 2013-cü ildə yeni tikilən evlərdən onlara da  verilməsi üçün lazımi dövlət orqanlarına müraciət ediblər:“Lakin bizə  bildirdilər ki, gözləməlisiniz, yeni evlər tikildikcə hər kəs mənzillərlə təmin ediləcək. O gündən də heç bir səs-soraq yoxdur. Köçənlər köçdü, qalanlar isə unuduldu”.

 
2006-cı ildən 3 nəfərlik ailəsi ilə burada məskunlaşan Zaur Qəhrəmanov  da yaşadığı şəraitdən narazıdır. Ailəsinin və özünün çətinliklərindən ürək ağrısı ilə danışan Z.Qəhrəmanov deyir ki, həyat yoldaşı bir neçə ay bundan öncə avtomobil qəzasında ayağını itirərək, əlil qalıb: “Nə iş var, nə də bir rahat yaşayış. Özünüz görürsünüz vəziyyətimizi. Yoldaşım bir neçə aydır yataqdan qalxa bilmir. Tikintidə fəhlə işləyirdim, orada da işlər dayandı, qaldım işsiz. Uşağın da vəziyyəti göz qabağındadır. (  6 yaşlı oğlunu göstərir. T.İ. ). Canının sağlam keçdiyi vaxt olmur. Dəfələrlə Qaçqın və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsinə müraciət etmişik. Heç bir xeyiri yoxdur. Özümüz deyib, özümüz də eşidirik”.

 
Ağdam rayonundan məcburi köçkün olan İbrahim Şükürov 1998-ci ildən bu binada məskunlaşıb. 5 nəfərlik ailəsi ilə belə acınacaqlı vəziyyətdə yaşayan məcburi köçkün onlara qarşı olan ayrıseçkilikdən şikayətlənir:  “Biz də bu ölkənin vətəndaşıyıq. Bizim də haqqımızdır ki, rahat, təmiz evlərdə yaşayaq. Köçkünük deyə bizimlə bu cürmü rəftar olunmalıdır? Nə qədər deyəsən, nə qədər şikayət edəsən. Nə gələn var, nə bir maraqlanan ki, bu insanlar hansı vəziyyətdə yaşayırlar. İcra Hakimiyyətinə gedirsən, deyirlər bu gün yox, sabah gəl. Qaçqınkoma müraciət edirsən, deyirlər ki, bizim məlumatımız yoxdur, heç nə edə bilmərik. Bəs biz kimə deyək dərdimizi. Gəlib çox yox, 4-5 saat qalsınlar evlərin birində. Onda bəlkə başa düşərlər nə qədər çətin vəziyyətdə olduğumuzu”.

 
İ.Şükürov deyir ki, binanın balkonları da artıq davam gətirmir: “Bir neçə ay bundan öncə balkonun biri dağılıb, uşaqların oynadığı yerə töküldü. Xoşbəxtlikdən ölüm-itim olmadı, amma  balkonların altından keçəndə kəlimeyi-şəhadətimizi oxuyub, keçirik ki, birdən başımıza uçar, ölərik”.
Gördüklərimizdən və şahid olduqlarımızdan belə qənaətə gələ bilərik ki, bu binada hansısa faciənin yaşanması qaçılmazdır. Yeni bir bina faciəsinin yaşanmaması üçünsə, müvafiq qurumların bu işlə ciddi məşğul olması mütləqdir. Sonra gec ola bilər./musavat/






























1043 dəfə baxılıb
Loading ...
Nur-Az Xeber