Şrift ölçüsü:
A+
A
A-
Kr
07 Mart 2016

“Stajlı” məmurların işdən çıxarılması islahatdır?

Düşüncəmiz o qədər mikroba bulaşıb ki…

Bütün təcrübələr göstərir ki, ədalətsizliyin hökm sürdüyü yerdə heç bir inkişaf ola bilməz. Ədalətsizlik bütün neqativlərə qucaq açmaq, cəmiyyəti xəstələndirmək, gələcəyi məhv etmək üçün ən qorxulu zəhərdi. Ədalətsizliyin hökm sürdüyü ölkədə seçki saxtalaşdırılar, korrupsiya tüğyan edər, insan haqları ayaqlar altına atılar, yalan həqiqət donu geyinər və s.

Ən pisi də budur ki, ədalətsizliyin bərqərar olduğu ölkədə normal düşünmək, obyektiv analiz aparmaq, düzgün qənaət formalaşdırmaq da çətinləşər. Yaşadığımız ölkədə də belə bir “virus” uzun illərdi dövr eləyir. O qədər neqativlərin əhatəsində olmuşuq ki, bizi aldatmaq, yanlış düşünməyə sövq etmək asanlaşıb. Biz hökumətin imitasiyalarına sevinə bilirik, boş vədlərdən təsəlli alırıq, özümüzü yalanlara inandırmağa çalışırıq.


Məsələn, bütün məhsulların qiyməti 30-40 faiz qalxdıqdan sonra, maaşımızın 5 faiz qalxmasını artım kimi qiymətləndiririk, 130 faiz devalvasiyadan sonra milli valyutanın 1 faiz bahalaşmasını müsbət hal kimi qəbul edirik, düşmən tərəfin 110 atəş zərbəsinə 112 cavab atəşi açılmasını bizə uğur kimi təqdim edirlər, onuncu dərəcəli məmurun cəzalandırılmasını korrupsiyaya qarşı mübarizənin nəticəsi kimi görürük və s.

Amma olanlar bununla da bitmir. Cəmiyyətdə belə bir fikir formalışıb ki, hansısa nazirin işdən çıxarılması, “stajlı” icra başçısının vəzifədən azad edilməsi islahatdır. Hətta buna sevinirik. Əslində, sevincimizin bir səbəbi budur ki, bütün vəzifəlilərə qarşı antipatiya var və hansısa vəzifəlinin işdən çıxarılması bizi rahatlaşdırır. Amma dərindən düşünəndə görürük ki, bu adamaların işdən çıxarılmasını “vurulmaq” kimi qiymətləndirmək də səhvdir.

Əgər bir şəxs 20-25 il hansısa vəzifəni zəbt edibsə, bu illərə ərzində milyonlar qazanıbsa, vəzifəsindən sui-istifadə edibsə, bundan sonra onu işdən çıxarmaq nəyi dəyişir? Onsuz da bu adamın işdən çıxmaq vaxtı yetişib. Əzrayılın işə götürməyə hazırlaşdığı adamın işdən çıxarılması qətiyyən islahat, kadr dəyişikliyi sayıla bilməz. Yəni, bütün vəzifəlilər istifadə vaxtı bitənə qədər iş başında olur. Sabah Artur Rəsizadə 81 yaşında işdən çıxarılsa, hamıda sual yaranacaq ki, görəsən bu adamı niyə vurdular. Yaxud, təbliğat aparılacaq ki, prezident ətrafını təmizləyir. Bu hökumətin dövründə sürətli kadr dəyişiklikləri görmədiyimiz üçün, hamı tutduğu vəzifədən son mənzilə getdiyinə görə, belə hallar bizə qəribə gəlir. Yaxud, sabah Ziya Məmmədov, Kəmaləddin Heydərov, Ramil Usubov vəzifədən çıxarılsa, yenə eyni reaksiyanı verəcəyik.

Demək istəyirəm ki, bu adamların indiyə qədər eyni vəzifədə qalması bizi təəccübləndirməlidi. 16 il icra başçısı işləmiş Mahmud Quliyevin vəzifədən azad edilməsi yox, belə bir adamın bu müddət ərzində niyə vəzifədə qaldığı bizi düşündürməlidir.

Birdə ki, ölkənin milyardları talan edildikdən, vəzifəlilər ultramilyonerə çevrildikdən, ölkə xarabalığa döndükdən sonra, səbəbkarları dəyişməyin heç bir mənası yoxdur. Belə çıxır ki, bu adamlar dağıtmaq üçün vəzifəyə gətirilir və missiya bitəndən sonra istirahətə göndərilir. Bugünə qədər vəzifəli şəxslər haqqında yüzlərlə faktlar ortaya çıxıb, bu adamların biznes imperiyaları aşkar edilib, amma heç vaxt bu adamlar cəzalandırılmayıb. Iş işdən keçəndən sonra, işdən çıxarmaq camaatı ələ salmaqdı. Bu 100 yaşlı kişinin tövbə edib, namaza başlamasına oxşayır. Bu qocanın günah etməyə onsuz da gücü qalmayıb və buna görə də Allaha kələk gəlmək istəyir.

Hökumətimiz də belədir. Onsuz da ömrünün sonuna az qalmış adamları vəzifədən çıxarmaqla, vətəndaşa kələk gəlirlər.

Düşüncəmizi o qədər mikroba bulaşdırıblar ki, bu kələklərə aldana bilirik./azadlıq/
520 dəfə baxılıb
Loading ...
Nur-Az Xeber
07.12.16, 10:54
Hətta bir yuxusuz gecə...
06.12.16, 11:00
Mosulda uğurlu əməliyyat
06.12.16, 09:10
40 dərdin dərmanı