Şrift ölçüsü:
A+
A
A-
Kr
07 Mart 2016

VƏTƏNDAŞI OĞRUYA ÇEVİRƏN HAKİMİYYƏT

Siyavuş Novruzov səbəbi başqa yerdə axtarmasın

Vəziyyət getdikcə ağırlaşır və bunu hamı etiraf etməyə məcbur olur. Sosial-iqtisadi böhran səbəbindən insanlar müxtəlif üsullara əl atırlar. Nəticədə, kriminal hadisələr, intiharlar, mühacirətlər kütləviləşir.

Hətta YAP-çı deputat Siyavuş Novruzov da bunu etiraf edib. Düzdü Siyavuş Novruzov tez-tez ölkədə böhran olmadığını, inkişafın davam etdiyini də söyləyir. Amma dili dolaşanda ağzından həqiqət də çıxır. Bir müddət əvvəl demişdi ki, Azərbaycanda kredit borclarını ödəmək üçün ya narkotik alveriylə, ya silah alveriylə, ya da insan alveriylə məşğul olmalısan. Yəni, hökumətin sözçüsü etiraf etmişdi ki, iri məmurlara məxsus banklar vətəndaşı cinayətkara çevirib. Bu həm də hökumətin vətəndaşı uçuruma sürüklədiyinin etirafı idi.

Bu dəfə isə Milli Məclisin iclasında Siyavuş Novruzov deyib ki, son günlər oğurluq hallarının sayı artıb: “Son günlər evlərin qarət olunması, pulların oğurlanması halları geniş vüsət alıb. Kimsə eşidəndə ki, filankəs bankda olan pulunu çıxarıb evə gətirib, bu zaman həmin mütəşəkkil cinayətkar dəstələr evlərdə əməliyyat keçirir, pulları oğurlayırlar” -deyə Siyavuş Novruzov bildirib.

Əslində, Siyavuş Novruzovun bu məsələylə bağlı narahatlığını ifadə etməsi absurddur. Çünki, Siyavuş Novruzovun təmsil olunduğu komanda ölkənin bu vəziyyətə düşməsi üçün əlindən gələni edib və deputat da buna haqq qazandırıb.

Əgər iqtisadi inkişaf varsa, əhalinin həyat səviyyəsi yaxşılaşıbsa, oğurluqların sayı niyə artmalıdır? Bu qədər cinayətkar dəstə hansı səbəbdən yaranıb?

Vətəndaşı 150-200 manatla sınağa çəkəndə, ölkəyə gətirilən məhsulları vətəndaşa 30-40 dəfə baha qiymətə satanda, ən yüksək bank faizləriylə vətəndaşı yükləyəndə, kütləvi işsizliyə şərait yaradanda, milyardları ölkədən oğurlayanda, nəticə belə də olamıydı. Kimisi çıxış yolunu intihar eməkdə, kimisi ölkədən qaçmaqda, kimisi də cinayət törətməkdə görür.

Biz də uzun illərdi deyirik ki, hökumət ölkəni xaosa sürükləyir, vətəndaşı aqressivləşdirir, cinayətkarlığa stimul verir və s. Əgər camaat bankdan pul çıxarmağa ehtiyat edirsə, bu hökumətin analoqsuz siyasətinin nəticəsidir.

Real islahatlar aparılmayacağı təqdirdə neqativ hallar daha da çoxalacaq və bu hökumət də bu neqativlərin qurbanına çevriləcək.

Ona görə də Siyavuş Novruzov xoşagəlməz halların səbəbini mədh etdiyi komandada axtarmalıdır. Fakt budur ki, hökumət vətəndaşı oğruya çevirib və başqa imkan tanımır./azadlıq/
890 dəfə baxılıb
Loading ...
Nur-Az Xeber
07.12.16, 10:54
Hətta bir yuxusuz gecə...
07.12.16, 10:39