Şrift ölçüsü:
A+
A
A-
Kr
08 Mart 2016

Dünyanı vahiməyə salan məşhur hakerlər

Son dönəmlərdə yaşanan siyasi olaylarla bağlı müxtəlif haker qrupları dünya mediasının gündəmini zəbt etməyə başlayıb.

Mütəşəkkil haker qruplarının əsas məqsədi dövlət qurumlarına, ictimai-siyasi şəxslərə aid gizli elektron sənədləri ələ keçirməkdir. Bəzi qruplar isə dövlətdən dəstək almaqla ölkənin maraqlarını qoruyur.

Dünyada yüzlərlə haker qrupu fəaliyyət göstərsə də, yalnız bəzilərinin kiber-aləmdə xüsusi çəkisi və nüfuzu var. Həmin kiber qruplarından bəzilərinin siyahısını təqdim edirik:

“The Chaos Computer Klub” (Xaos Kompüter Klubu) – Dünyanın ilk haker qrupu 1981-ci ildə Almaniyanın Berlin şəhərində yaradılıb. Məlumata görə, qrup üzvləri hər il Almaniyada konfranslar keçirərək, insanları kiber hücumlar barədə məlumatlandırır. Bəzi mənbələrə görə, qruplaşma hökumət tərəfindən maliyyələşdirilir.

“Anonymous” (Naməlum) – Hazırda dünyada ən məşhur haker qrupudur. 2006-cı ildə yaradılıb. Sözügedən haker qrupunun haradan və kimlər tərəfindən idarə edildiyi məlum olmasa da, 50 nəfər üzvünün olduğu deyilir.

“RedHack” (Qırmızı işğal) – 1997-ci ildə Manyak ləqəbli haker tərəfindən yaradılan qrupun 12 daimi üzvü var. “RedHack” dövlət qurumlarının saytlarına etdiyi hücumları ilə tanınır. Qrup 2013-cü ilin mart ayında “Anonymus” ilə birgə İsrail xüsusi xidmət orqanı olan Mossadın saytını dağıtmağa cəhd göstərmişdi.

“Ghostnet” (Ruh) – Çin hökuməti tərəfindən 2009-cu ildə yaradılıb. Xarici dövlətlərin konsulluq və xarici işlər nazirliklərinə müntəzəm kiber hücumlar təşkil edir. Casusluq və kəşfiyyat fəaliyyəti aparması da iddialar arasında yer alır.

“Honker Union” (Honker Birliyi) – Əsası 1999-cu ildə Çində qoyulub. Başda ABŞ və Yaponiya olmaqla, bir çox dövlətlərin hərbi sisteminə kiber hücumlar təşkil etməkdə günahlandırılır. 2005-ci ildə Pentaqona aid gizli elektron sənədləri oğurlamaqda ittiham edilsə də, “Honker Union” bunu rədd etmişdi.

“Cult of The Dead Cow” (Ölü İnəklər Təbəqəsi) – 1984-cü ildə ABŞ-ın Texas ştatında Sid Vikus, Franker Qib və Qrandmaster Ratl adlı şəxslər tərəfindən yaradılıb. 90-cı illərdə dünyada MP3 formatının yayılmasında xüsusi rolu olub. Məlumata görə, ABŞ hökuməti ilə əlaqələri normaldır.
738 dəfə baxılıb
Loading ...
Nur-Az Xeber