Şrift ölçüsü:
A+
A
A-
Kr
08 Mart 2016

''Dolların kəskin artımı gözlənilmir, əgər olsa, 2 manata yaxın artacaq''

Natiq Cəfərli düşünür ki, neftin qiyməti uzun müddət indiki səviyyəd qalsa, manatın məzənnəsi 2 manatdan çox olacaq

ReAL İdarə Heyətinin üzvü, iqtisadçı Natiq Cəfərli ötən həftənin sonundan dolların manata nisbətdə bahalaşmasının bir neçə səbəbinin olduğunu düşünür.

O, Meydan TV-nin bu barədə sorğusuna cavabında bildirib ki, hökumət bir neçə aydır dolların gündəlik məzənnəsini aşağı salmaqla ajiotaj yaradıb insanların əlində olan valyutanın bir qismini manata çevirməyə təşviq etmək istəyirdi. Ancaq manata güvən çox zəiflədiyindən əhalinin böyük qismi bunu etmədi. Mərkəzi Bank anlayanda ki, bununla istəyinə nail olmayacaq, manatın yumşaq şəkildə dəyərdən düşməsinə start verdi. Bunun da səbəbi dollara tələbatın ciddi şəkildə artmasıdı. Çünki Mərkəzi Bank manatın dövriyyəsini kifayət qədər artırmıdı, yəni manat kütləsinin dövriyyəsi 11 milyard manatdan 6 milyarda qədər salınmışdı. Nəticədə iqtisadi aktivlik xeyli dərəcədə zəiflədi, ardınca kreditləşmə dayandı, iş yerləri qapandı. Başqa bir səbəb büdcənin yeni redaksiyada təsdiqi gündəmdə olduğundan manatın dövriyyəsi zəifləmişdi. Azərbaycanda çox qəribə tendensiya var, büdcənin maliyyə xərcləri artdıqca manat dövriyyəsi artır, manat dövriyyəsi artdıqca da dollara tələbat artır.

Natiq Cəfərli səbəblər sırasına bankların xarici donorlara ciddi valyuta borcu olduğunu da əlavə edərək bildirdi ki, banklar yeni dönəmdə borclarını bağlamaq istəyirlər. Çünki Azərbaycanın reytinqi düşdükcə, faiz dərəcələri də yüksəlir. Bu tendensiyalardan sonra Mərkəzi Bankın öz ehtiyatlarını qorumaq üçün yenidən manatın yumşaq şəkildə də olsa dəyərdən düşməsi prosesinə getməsindən başqa yolu qalmadı. Həm də dollara olan tələbatı müəyyən qədər tənzimləmək istəyirdi.

İqtisadçı düşünür ki, proses davamlı olacaq, manat kütləsi artdıqca dollara tələbat artacaq. Bu, həm də psixoloji məsələdir, Azərbaycan əhalisinin manata olan güvəni ciddi şəkildə sarsılıb. Ona görə də Mərkəzi Bank kəskin devalvasiya etməkdənsə, bu varianta üstünlük verdi. Düzdür, kəskin “oynamalar” olmayacaq, gündə 1, yaxud 2 qəpik artırmaqla yaxın aylarda manatın məzənnəsini endirəcəklər. Çünki kəskin devalvasiya iqtisadiyyata mənfi təsir etdi.

Natiq Cəfərli dolların manata nisbətən 2 manat qalxmasını neftin qiymətindən asılı olduğu qənaətindədir: “Kəskin artım gözlənilmir, əgər olsa, 2 manata yaxın artacaq. Neftin qiyməti uzun müddət belə qalsa, güman ki, manatın məzənnəsi 2 manatdan çox olacaq”.

O, neftin qiymətinin 40 dollar civarında olmasını böyük məbləğ hesab etmir: “Hazırda neftin qiymətinə verbal müdaxilələr təsir göstərir, Rusiya ilə OPEC dövlətlərinin bəziləri danışığa gedərək hasilatı indiki səviyyədə saxlamaq qərarı neftin qiymətlərinə psixoloji təsir yaradıb. Amma bir neçə amil var ki, gələcəkdə neftin qiymətinin ən azı artmamasına, yaxud enməsinə təsir edəcək. Bu, Çində yaşanan problemlər, yaxınlarda Avropa Mərkəzi Bankının və FED-in toplantılarının keçirilməsi neftin qiymətinin daha aşağı enməsinə təsir edə bilər. Ona görə kəskin ertım gözləmirəm. Bütün hallarda bir daha təkrar edirəm, indiki qiymət qalsa da, manata kömək etməyəcək”.
616 dəfə baxılıb
Loading ...
Nur-Az Xeber