Şrift ölçüsü:
A+
A
A-
Kr
08 Mart 2016

Vətəndaşı ağır vəziyyətə salan dələduzlar niyə cəzalanmır?

Dilarə Süleymanova: «Avropa oyunlarını keçirənlər mənim kimilərin puluna möhtac idi ki, olan-qalan pulumuzu əlimizdən aldılar?»

Ismayıllı sakini Dilarə Süleymanova Prezident Administrasiyası da daxil olmaqla, müxtəlif dövlət orqanlarına ünvanladığı şikayət məktubunun surətini “Azadlıq”a da göndərib. Məcburi köçkün ailəsi olan, hazırda Ismayıllı rayonu, Mehdi Abbasov küçəsi 5 ünvanındakı yarımçıq tikilidə məskunlaşan Dilarə Süleymanova on il əvvəl həyat yoldaşını da itirib.

O, məktubunda yazır ki, oğlu ali məktəbə qəbul olunsa da, ailənin maddi durumu ödənişi həyata keçirməyə imkan vermədi. Bu üzdən də təhsilini davam etdirmədi. Sonradan həqiqi hərbi xidmətə yollanıb və il yarımdan sonra geri qayıdıb. Qayıdandan sonra ailəyə kömək üçün hər yerdə iş soraqlaşmağa başlayıb:


“2014-cü ilin dekabrında ”Azər-mühafizə” MMC-nin tərkibində mühafizə xidməti yaradılır və Ismayıllıda işçi tələb olunur. Bu şirkətin Biləcəri qəsəbəsində yerləşən ofisinə getdim. Orada dedilər ki, bəri başdan depozit kimi 2000 manat pul ver, oğlunu işə götürək. Rayona qayıtdım və bir az bankdan kredit, qalanını da qohum-qonşudan borc götürüb aparıb verdim. Mən pulu muhasibatlıqda işləyən və Naza çağırılan xanıma verdim. Mənə dedilər ki,oğlun hər ay 450 manat əmək haqqı alacaq. Oğlum üç ay işə gedib-gəldi, ancaq bir qəpik də əməkhaqqı almadı. Sonradan bizə dedilər ki, şirkət ləğv olundu”.

Dilarə Süleymanova onu da qeyd edir ki, qarşılaşdığı dələduzluqla əlaqədar dəfələrlə hüquq-mühafizə orqanlarına, o cümlədən Respublika Prokurorluğuna müraciət etsə də, nəticəsi yoxdur: “Hətta baş prokurorun qəbuluna düşüb, baş verənləri onun diqqətinə çatdırdım. Hər dəfə mənə söz verdilər ki,arxayın ol,sənin pulun geri qaytarılacaq, ancaq bu günə qədər puldan xəbər yoxdur. Mən Korrupsiyaya Qarşı Mübarizə Idarəsində rəis müavinlərinin qəbulunda olmuşam. Orada da məni arxayın edib yola salıblar, amma nəticə yoxdur. Bir sözlə, məni süründürürlər. Mən ayda 152 manat təqaüd alıram. Ikinci qrup əlil, onkoloji xəstəyəm. Avropa oyunlarını keçirənlər mənim kimilərin puluna möhtac idi ki, olan-qalan pulumuzu əlimizdən aldılar? Ismayıllı rayonu üzrə 38 nəfərdən aldadılaraq pul alınıb. Mən kimdən kömək istəyim? Kimə ümid bəsləyim?

Ötən dəfə Ismayıllıya Gömrük Komitəsinin sədri Aydın Əliyevi göndərmişdilər. Ona dedim ki, müraciət yazmışam, xahiş edirəm, bunu Mehriban xanıma çatdırın. Mənə dedi ki, nə aparıram, nə də mən o işlərə baxıram. Dedim ki, bəs bura niyə gəlmisiz? Bunlar istirahətə gəlirlər, insanların dərdinə əlac qılmağa gəlmirlər. Yalandan görüntü üçün gedirlər rayonlara…”
646 dəfə baxılıb
Loading ...
Nur-Az Xeber