Şrift ölçüsü:
A+
A
A-
Kr
09 Mart 2016

Milyonçunun dilənçi qəsəbəsi

«Evlərin əksəriyyəti 1898-ci illərdə tikilib. Onda fəhlələr yaşayırmış. Sonra başqa adamlar da gəlib. Həmin ərazidə yaşamaq xəstəlikdir»

Bakının məşhur neft milyonçularından Murtuza Muxtarovun adını daşıyan Muxtarov qəsəbəsi neft mədənlərinin, buruqların içində itib-batır. Burada, az qala, hər evin düz qapısında bir buruq işləyir. Mancanaqların, ora-bura şütüyən yük maşınlarının səsi ətrafı başına götürsə də, qəsəbədə adam gözə dəymir. Bəlkə də güclü yağış yağdığından palçıqlı yollara çıxmağa heç kim risk eləmir. Ona görə qapıları biz döyürük.


“Qızılın bir qramını asfalta çevirib…”

“Kasıb adamlarıq, məcburiyyət üzündən gəlib burda yaşayırıq. Bizə qalan burdakı zəhəri udmaqdır. Yəqin xeyrini böyüklər görüb”.

63 yaşlı Xanım 17 ildir bu qəsəbədə yaşayır. Deyir neft baha da, ucuz da olanda xeyrini görməyiblər:

“Küləkli havada neftin iyini lap çox hiss edirik, bütün günü adamın başı ağrayır”.

“Kərəm Əliyev isə deyir, kasıb qəsəbə həmişə kasıb olub – 20 il öncə də, indi də:

“Bir- iki il əvvəl qardaşım latviyalı bir dostunu gətirmişdi bizə. Adı, deyəsən, Yanis idi. Qardaşım ona Bakıda belə bir qəsəbə olduğunu deyəndə inanmamşdı. Gəlib öz gözləri ilə görəndə Yanis dəhşətə gəlmişdi ki, bu yoxsul yerdə qızıl necə çıxır? Yəni çıxan qızılın bir qramını niyə qara asfalta döndərib bu yollara çəkməyiblər? O bunu başa düşmürdü. Düşə də bilməzdi. Ancaq biz buna çoxdan öryəşmişik”.

“Burada adam da yaşayır axı”

Adətən yağış yağanda havadakı kiri-pası da təmizləyir. Ancaq bu qəsəbədə yağan yağış neftin iyini sanki biraz da yaxınlaşdırır. Sakinlər deyir, ən dözülməz vəziyyət yaydadır, iydən evdə də oturmaq çətinləşir.

Qəsəbənin asfaltsız və palçıq yollarında addım atmaq olmur. Eyvaz Nəsirov deyir ki, yollar dağılıb-söküldüyündən maşınla da hərəkət etmək mümkün deyil:

“Məcbur olub maşını satdım. Bu yollarda heç nə tab gətirməz. Düzdür, ərazinin böyük hissəsi mədənlərdir. Amma burada adam da yaşayır axı. Gərək yolu da düzəltsinlər”.

“Əlbəttə, biz də faydası olub”

Qəsəbə sakinlərinin çoxu bu qəsəbəyə Azərbaycanın müxtəlif bölgələrindən gəlib. Vaxtilə çoxu tikintidə fəhləlik eləyib.

Indi isə əksəriyyət işsizdir. Çoxu son 2-3 ayda işdən çıxarıldıqlarını deyir:

– Manat ki, ucuzlaşdı, işlər dayandı. Indi işsizəm.

– Tikintidə işləyirdim, daha iş yoxdur. Deyəsən, ailəmi də götürüb rayona qayıtmalı olacağam.

Qəsəbədə kiçik dükanı olan Ilqar da gileylənir ki, ikinci devalvasiyadan sonra dükanın qapısının gündə bir-iki adam açır:

“Neft bahalananda bizə də faydası dəyib. O mənada ki, burada yaşayanların çoxu tikintidə işləyirdi. Neft ucuzlaşdı, ikinci devalvasiya oldu, işləyənlərin çoxu işdən çıxdı. Əvvəl mağazadan alver edənlər işlərini itirdiklərinə görə daha heç nə almırlar. Alan da kartof-soğan alır, onu da nisyə yazdırır”./azadlıq.org/
634 dəfə baxılıb
Loading ...
Nur-Az Xeber
07.12.16, 10:54
Hətta bir yuxusuz gecə...
06.12.16, 11:00
Mosulda uğurlu əməliyyat
06.12.16, 09:10
40 dərdin dərmanı