Şrift ölçüsü:
A+
A
A-
Kr
09 Mart 2016

Kök atmış icra başçıları

Uzun illərdir vəzifədə olan rayon rəhbərləri niyə əvəzlənmir?

Azərbaycan rayonlarında narazılığın pik həddə olmasının bir səbəbi də icra başçılarının uzun müddətdir ki, yeni kadrlarla əvəzlənməməsidir. Hakimiyyətin bu siyasəti onunla nəticələnib ki, icra başçıları rəhbərlik etdiyi rayonlarda dərin kök atıblar. Təsadüfi deyil ki, mətbuat bəzən icra başçılarını “kiçik padşahlar” kimi təqdim edir.

Elə bu günlərdə İlham Əliyevi sərəncamı ilə Cəbrayıl Rayon Icra Hakimiyyətinin başçısı vəzifəsindən çıxarılan Mahmud Quliyev 15 ildən çox idi həmin postu tuturdu. O, Cəbrayıl Rayon Icra Hakimiyyətinin başçısı vəzifəsinə Heydər Əliyevin prezidentliyi dövründə, 2000-ci il dekabrın 18-də təyin olunmuşdu.


Hazırda Xocalı Rayon Icra Hakimiyyətinə başçılıq edən Şahmar Usubov 2000-ci il dekabrın 21-dən bu vəzifədədir.

Malik Isaqov 8 sentyabr 2001-ci ildən, Heydər Əliyevin prezidentliyi vaxtından Qubadlı Rayon Icra Hakimiyyətinin başçısıdır.

Transparency bildirir ki, icra başçısı postunda daha əvvəldən çalışan şəxs var. Eyvaz Hüseynov Xocavənd Rayon Icra Hakimiyyətinin başçısı postuna 1992-ci il iyulun 2-də, Əbülfəz Elçibəyin prezidentliyi zamanı təyinat alıb.

Paytaxt Bakının icra başçısı Hacıbala Abutalıbov 2001-ci il yanvarın 30-dan bu postdadır.

Bakı rayonlarından Xəzərin icra başçısı Gülağa Islamov 1995-ci ilin yanvar ayında həmin vəzifəyə təyin edilib.

Ilqar Abbasov 2005-ci ildən Suraxanının, Razim Məmmədov 2006-cı ildən Xətainin icra başçısıdır.

Nərimanovun icra başçısı Abdin Fərzəliyev 2005-ci ildə, Yasamalın icra başçısı Ibrahim Mehdiyev 2006-cı ildə təyin olunublar.

Şirvan şəhərinə rəhbərlik edən Mərdan Camalov 2005-ci ildə icra başçısı postuna təyinat alıb.

Transparency.az bəzi başqa rayonlar üzrə siyahını da təqdim edir:

Ağcabədi – Şahin Məmmədov, 2005-ci ildən

Ağsu – Ənvər Seyidəliyev, 2007-ci ildən

Cəlilabad – Əziz Əzizov, 2006-cı ildən

Göygöl – Arif Seyidov, 2006-cı ildən

Hacıqabul – Əhməd Muxtarov, 2006-cı ildən

Xaçmaz – Şəmsəddin Xanbabayev, 2004-cü ildən

Qusar – Şair Alxasov, 2007-ci ildən

Lerik – Rövşən Bağırov, 2007-ci ildən

Saatlı – Siraqəddin Cabbarov, 2008-ci ildən

Şabran – Novruz Novruzov, 2007-ci ildən

Tovuz – Tofiq Zeynalov, 2007-ci ildən

Zərdab – Lütvəli Babayev, 2007-ci ildən.

Azərbaycan Respublikası Konstitusiyasına görə, yerli icra hakimiyyətlərinin başçılarını prezident vəzifəyə təyin və vəzifədən azad edir.

“Yerli icra hakimiyyətləri haqqında? əsasnamədə qeyd edilir ki, icra başçısı ona həvalə olunmuş vəzifələrin yerinə yetirilməsinə görə Azərbaycan Respublikasının prezidenti qarşısında şəxsən məsuliyyət daşıyır, onun tapşırıqlarını, Naxçıvan Muxtar Respublikasında isə həm də Naxçıvan Muxtar Respublikası Ali Məclisi sədrinin tapşırıqlarını yerinə yetirir.

Icra başçısının vəzifələri sırasında müvafiq ərazidə vətəndaşların hüquq və azadlıqlarının müdafiəsini və həyata keçirilməsini, mülkiyyətin və ictimai asayişin qorunmasını təmin etmək; müvafiq ərazidə fəaliyyət göstərən mərkəzi icra hakimiyyəti orqanlarının yerli qurumları və digər dövlət qurumları ilə, habelə bələdiyyələrlə, qeyri-hökumət təşkilatları ilə və digər təşkilatlarla yerli icra hakimiyyətinin qarşılıqlı fəaliyyətini təmin etmək kimi vəzifələr durur.

Mahmud Quliyevlə, Laçının icra başçısı Akif Səlimov işdən çıxarılanda Prezident Administrasiyası rəhbərinin müavini, ərazi iderəetmə orqanları ilə iş şöbəsinin müdiri Zeynal Nağdəliyev onların etimadın itdiyini bildirmişdi.

“Əhalidən gələn şikayətlər, aparılan təhlillər göstərib ki, bəzi yerli icra hakimiyyəti orqanlarının rəhbərləri qeyd edilənlərdən nəticə çıxarmayıblar. Buna görə də Laçın və Cəbrayıl rayonlarının Icra Hakimiyyəti başçıları da məhz elə o səbəbdən cənab Prezidentin müvafiq sərəncamları ilə tutduqları vəzifələrindən azad ediliblər. Onlar öz fəaliyyətlərini cənab Prezidentin qarşımıza qoyduğu tələblər səviyyəsində qura bilməyib, vətəndaşların problemlərinə laqeydlik, biganəlik göstərib, insanlarla münasibətdə qeyri-səmimilik və kobudluq nümayiş etdirib, təvazökarlıqdan uzaq hərəkətlərə yol veriblər”, – deyə Zeynal Nağdəliyev vurğulamışdı.

Digər icra başçıları ilə bağlı da çoxsaylı şikayətlər, bundan başqa göründüyü kimi xeyli sayda icra başçısı var ki, 10 ilə yaxındır vəzifədədir. Lakin nədənsə Ilham Əliyev onları dəyişməyə tələsmir.
1066 dəfə baxılıb
Loading ...
Nur-Az Xeber