Şrift ölçüsü:
A+
A
A-
Kr
09 Mart 2016

Ümidi qumar pullarına qalanlar

Yaxud, iqtisadiyyatı kazinolarla dirçəltmək cəhdi

Ölkəni böhrandan çıxarmaq üçün hökumət gecə-gündüz “çalışır”. Milli Məclisdə deputatlar aramsız təkliflər yağıdırırlar. Ötən iclasda da deputatlardan biri təklif edib ki, ölkədə kazinolar açılsın.

O, bildirib ki, kazinoların açılması turistlərin ölkəyə axınını təmin edər, ölkəyə pul gələr. Bu təklifə iş adamı Hacı Ibrahim də münasibət bildirib. Hacı Ibrahim deyib ki, kazino təklifi əla fikirdi və ölkə iqtisadiyyatı üçün faydalıdır. “Bu çox ağıllı təklifdir. Mən bir iş adamı kimi hər zaman bu təklifi dəstəkləmişəm. Çünki Azərbaycanın əksər imkanlı şəxsləri istirahət üçün xaricə gedən zaman daha çox kazino olan ölkələri seçirlər. Onlar bununla məşğuliyyət tapırlar və kazino klublarda oturub istirahət edirlər. Mən bunu neçə illərdir ki, müşahidə edirəm. Misal üçün, imkanlı şəxslər xaricə gedəndə özləri ilə 5-10 min dollar pul götürüb kazinoya gedirlər. Mən özüm də bir neçə dəfə Karlovı Varı, Sloveniya və digər yerlərdə kazinolarda olmuşam. Həmin vaxtı kazinoda gedib oturub qəhvə içib söhbət etmişəm, oynamışam, dincəlmişəm. Uduzan və udan vaxtlarım da olub”- deyə iş adamı bildirib.


Ümumi əhval-ruhiyyədən də görünür ki, hökumət bu təklifin reallaşmasında həvəslidir. Deməli, uzun illər ərzində ölkənin bütün potensialı məhv edilib, yüz milyardlarla neft pulu ölkədən oğurlanıb, azad sahibkarlıq sıradan çıxarılıb və s. Üstəlik, böyük turizm potensialı olan ölkə turistlər üçün cəlbedici olmayıb. Ölkə vətəndaşları istirahət üçün qonşu Gürcüstana üz tutublar. Çünki, aviabiletlər baha, otellər baha, xidmət keyfiyyətsizdir. Ölkə elə bir vəziyyətə salınıb ki, hətta əhalinin kortof-soğana olan tələbatını ödəyə bilmirik.

Demək istəyirəm ki, ölkənin nəhəng potensialından istifadə etməyənlər, indi kazinolarla ölkəni böhrandan çıxaracaqlarını düşünürlər. Onsuz da son dövrlər mini qumarxanaların, lotoxanaların sayı artıb, Topaz ölkəni bürüyüb. Onsuz da bu dövlətin, bu millətin taleyi çoxdandır ki, qumara qoyulub. Avropa Oyunları da ölkənin qumara qoyulmasıydı və bu qumarda 8 milyard uduzduq. Siyasi qumarın nəticəsidir ki, 116 milyard neft pulu yoxa çıxıb. Bundan sonra itirdiklərimizi kazinolar geri qaytaracaq? Bu qədər sadəlövhsünüz?

Bu ölkəni böhrandna çıxarmaq üçün ilk növbədə ölkənin imici düzəlməlidir. Demokratik, hüquqi, sivil bir ölkəyə çevrilməliyik. Korrupsiya bəlasının kökü kəsilməlidi. 100 milyardlarla vəsaitdən istifadə edib ölkəni ağ günə çıxarda bilməyənlər, qara pullarla ölkəyə nə bəxş edə bilər?

Büdcəni doldurmaq, iqtisadiyyatı gücləndirmək üçün bu qədər halal mənbələr varkən, niyə harama meyl edirsiniz? Indi də milyonlar xərcləyib kazino tikəcəksiniz və hansısa məmurlar bu kazinolardan pul yığacaq? Iqtisadiyyatı gücləndirmək üçün monopoliyanı ləğv etmək lazımdır, orta və kiçik sahibkarlığa şərait yaratmaq lazımdır, oğurlanmış pulların heç olmasa 5-10 fazinin ölkəyə qaytarmaq lazımdır, bank sisteminə etimadı bərpa etmək lazımdır, xaricdəki varlı soydaşlarımızın ölkəyə yatırım etməsinə nail olmaq lazımdır və s.

Bütün bunları gözardı edib, ölkəni 5-10 məmurun şəxsi təsərrüfatına çevirdikdən sonra, kazinolar nəyə yarayacaq? Yenilik təkcə kazino açılmasından ibarətdirsə, turistlər Gürcüstanda və başqa ölkələrdə də kazinoları tanıyırlar. Cənablar, ilk növbədə təfəkkür dəyişəmlidir, idarəetmə prinsipləri dəyişəmlidir. Iqtisadiyyat kazinolarla inkişaf etmir. Çatışmazlıqların üzərinə getmək, real təkliflər səsləndirmək lazımdır.

Amma bu təkliflərdə bir etiraf da var. Etiraf edirlər ki, ölkəni haramın ümidinə qoyublar. Etiraf edirlər ki, bacardıqları yalnız qumar oynamaq, qumar oynatmaqdı.

İlham
796 dəfə baxılıb
Loading ...
Nur-Az Xeber
07.12.16, 10:54
Hətta bir yuxusuz gecə...
06.12.16, 11:00
Mosulda uğurlu əməliyyat
06.12.16, 09:10
40 dərdin dərmanı