Şrift ölçüsü:
A+
A
A-
Kr
09 Mart 2016

Keçmiş müstəntiqin vəd etdiyi səs-küylü yazı...

“Qapanmış qulaqlarınızın heç olmasa, birini hərdən insanlar üçün açın”

Keçmiş müstəntiq, siyasi bəyanatla prokurorluq orqanlarından istefa verən və bundan sonra barəsində cinayət işi qaldırılıb həbs edilən, lakin sonradan ev dustaqlığına buraxılan Rüfət Səfərov “Azadlıq” qəzetinə vəd etdiyi yazını yollayıb. R.səfərov bir neçə dəfə açıqlamalarında anons etmişdi ki, Azərbaycanda hüququn necə ayaqlar altına atıldığı haqda fikirlərini qələmə alıb çap etdirəcək. Bu, anons edilən həmin yazıdır. Beləliklə,

HÜQUQUN QƏTLİ

I hissə 31 dekabr 2014-cü il, saat 10-11 arası olardı. Xidməti kabinetimdə oturub marşal Jukovun “Xatirələr və düşüncələr”ini oxuyurdum, hərçənd icraatımda kifayət qədər material vardı: bilmirəm, yeni ilin gətirdiyi ab-havadanmı, ya nədənsə, xidməti işlə məşğul olmaq həvəsi lap öləzimişdi. Ruhumun dincəlməyinə ehtiyac yaranmaşdı, bəlkə elə ona görəydi ki, axşama kirayənişini olduğum evin həyətyanı sahəsində bir kabab bişirmək də eşqinə düşmüş, bununçün tədarük də görmüşdüm. Prokuror da adətinə xilaf çıxaraq işə yubanmışdı. Qırmızı qələmi götürüb, oxuduğum kitabın önəmli bir hissəsinin altını cızmaq istərkən prokurordan mobil telefonuma zəng gəldi:

– Hardasan, neynirsən?

– Cənab prokuror, işdəyəm, Jukovun kitabını oxuyuram, – deyə cavab verdim.

– Rüfət, inanmıram ki, səndən düz-əməlli istintaqçı çıxa, əlində tökülüb qalmış xeyli iş varkən, Jukovu oxuyursan… Təcili dur! Hüseynxanlı kəndində üzərində zorakılıq əlamətləri olan, yandırılmış meyit aşkar edilib. Çıx hadisə yerinə, mən də gəlirəm!

Nə isə hadisə yerini müayinə etdik, cinayətin subyekti, qətlin motivi və s. müəyyən olundu. Bir gün mərhum-zərərçəkmiş şəxsin atası İnşallah kişini dindirərkən nədənsə, “Müstəntiq, səndən gözüm bir su içmir. Qatil oğlumu xüsusi amansızlıqla qətlə yetirsə də, deyəsən, sən burda ağırlaşdırıcı hal görmürsən?!”, – deyə əsəbi, bir o qədər də nümayişkəranə surətdə irad tutdu. İnşallah kişinin iradında qismən həqiqət vardı, doğrudan da dost dosta qısqanclıq zəminində mətbəx bıçağı ilə bir neçə zərbə vurmuş, başını bədənindən üzmüş, bunlar kifayət etmirmiş kimi meyitin üzərinə yanacağı tökərək yandırmışdı. Amma mənə aydın olmadı: cəmi 4-5 gündür ibtidai istintaq aparılmasına baxmayaraq, övlad itkisindən qəddi əyilən İnşallah kişi nədən bəri başdan barəmdə bu fikirdədir? Həmin vaxt onun iddiasını övlad faciəsi ilə əlaqələndirib, üstünə çox getmədim və əlavə etdim ki: “İnşallah kişi, görünür, sənin şəxsimə bunca münasibətin bütövlükdə prokurorluq sisteminə, haqqa, hüquqa inamsızlıqdan irəli gəlir.

Belə görünür ki, elə də fərqli insanlar deyilik… Bir müddət sonra “Hüququn qətli” adlanan bir “faciə”ni məndən gözlə…” “Mən bilmirəm, sən nə deyirsən, müstəntiq, amma əmin ol ki, oğlumun qatilinə “xüsusi amansızliği” verməsən, birbaş Baş prokurorun qəbulunda olacağam!”, – söyləyib kabineti tərk etdi. Dindirmə də yarımçıq qaldı…

Bu haşiyəyə nədən ehtiyac duydum? O üzdən ki, bəzilərinin inandığı kimi, məlum qərarım qəfil, düşünülməmiş yox, merkantil səbəbə dayanmadan planlı, ölçülüb-biçilmiş, təkcə bu günə yox, xeyli müddət əvvələ söykənmiş bir qərardır. Ki, bu da 19 dekabr 2015-ci ildə verildi. Lütfkar oxucu, çalışmışam ki, bu yazıda nəzəri, maraq oyatmayacaq quru, formal ifadə və izahdan yan keçib, daha çox praktiki halları, baş vermiş hadisələri bölüşməklə ölkəmizdə bərqərar olmuş hüququn, – əgər buna hüquq demək mümkünsə, – teorik deyil, təcrübi tərəflərini təfsir edim.

“Doğrudanmı sən məhkəmədə işə baxmaq üçün təyin olunan və bu iş üzrə rüşvət alarkən ifşa edilən hakimə, yaxud vasitəçiyə ölüm hökmü yazan qanunu sərt qaşılayacaqsan?”

Qədim Roma 12 cədvəl qanunları

Qeyri-hüquqşünasların belə bildiyi bir həqiqət var ki, Konstitusiya istənilən ölkənin, eləcə də Azərbaycanın əsas qanunu sayılmaqla, təməl mənada siyasi-hüquqi yönləri müəyyən edir. Əvvəlcə çalışacam ki, Əsas Qanunda təsbit edilən ali hüquqi normaların tətbiqi durumuna, Azərbaycan insanının konstitusion hüquq və azadlıqlarının hansı dərəcədə realizə edilmə imkanına nəzər salım.

Düşünürəm ki, bərabərlik hüququ olmadan digər siyasi, iqtisadi, mədəni və.s azadlıqlardan bəhs etmək faydasız olardı. Bərabərlik hüququnun anatomiyası əsas qanunda insanın fəaliyyətinə fayda verə biləcək səviyyədə izah olunmuş, Azərbaycan olaraq rəsmən bəyan etmişik ki, hamı qanun və məhkəmə qarşısında bərabərdir, irqindən, milliyyətindən, dinindən, dilindən, cinsindən, mənşəyindən, əmlak vəziyyətindən, qulluq mövqeyindən, əqidəsindən, siyasi partiyalara, həmkarlar ittifaqlarına və digər ictimai birliklərə mənsubiyyətindən asılı olmayaraq hər kəsin hüquq və azadlıqlarının bərabərliyinə təminat verilir. Elə buradaca qeyd edim ki, davranış prosedurlarını təyin edən, dövlət tərəfindən qeydə alınmaqla tanınan hüquq normaları eyni cür tətbiq olunmursa, bu, artıq faktiki olaraq bərabərlik hüququnun inkar edilməsi anlamına gəlir, necə ki, Azərbaycanda belədir.

Təəssüf ki, acı reallıq, yaşanan hadisələr bunun əksini düşünməyə əsas vermir. Hər şeyi adı ilə çağırmağın vaxtı çatıb, insanlara yalandan nağıl danışmağın effekti öləziyib, çünki buna inanan yoxdur. Ona görə də, dostlar, açıq danışaq: ölkəmizdə hamı qanun və məhkəmə qarşısında bərabərdirmi? Hazırda kimi inandırmaq olar ki, misalçün, Zərdabın Gəlmə kənd sakini, kimsəsiz Arif dayı ilə rayonun icra başçısı Lütvəli müəllim elə həmin rayonun hakimi Tahir müəllimin qarşısında bərabər ola bilər? Bu, parktik olaraq mümkünsüzdür. Çünki məhkəmə hakimiyyətinin müstəqilliyindən söhbət belə gedə bilməz. Hamıya gün kimi aydındır ki, ədalət mühakiməsini həyata keçirməli olan məhkəmələr hər nə qədər kobud səslənsə də, icra hakimiyyətinin davamıdır, başqa sözlə desək, uzantısıdır. Belə bir mənzərənin fonunda kimsəsiz Arif dayının xeyrinə qətnamə sadəcə, həmin hakimin tutduğu görəvdən qovulması ilə nəticələnə bilər. Binəva hakim(lər) də səsini çıxara bilməz. Məqsədyönlü surətdə, digər sahələrdə olduğu kimi, hakim korpusu da rüşvət və korrupsiya bataqlığının dərinliklərinə elə batırılıb ki, istənilən sərbəst hərəkət həmin hakimin məhvini qaçılmaz edər. Ona görə də hakim özünə “müqəddəs” borc bilər ki, qanun qarşısında hər vəchlə Arif dayını gücsüz, Lütvəlini isə güclü etsin. Burada U. Quffenin sözləri necə də yerinə düşür: “Qanun qılınca bənzəyir; tiyəsi gücsüzün sinəsində, dəstəyi güclünün əlindədir…”

Təntənəli surətdə bəyan edilib ki, insan – vətəndaş hüquqlarını və azadlıqlarını irqi, milli, dini, dil, cinsi, mənşəyi, əqidə, siyasi və sosial mənsubiyyətə görə məhdudlaşdırmaq qadağandır. Məndə belə bir qəti inam formalaşıb ki, Azərbaycanda insanların azadlıqları məhz əqidə, siyasi mənsubiyyətinə, ciddi təbəqələşmənin fonunda sosial kimliyinə görə məhdudlaşdırılır, hətta deyərdim ki, qadağan edilir. Bu ölkənin vətəndaşıyam, elə götürək bəndənizdən. Prokurorluq orqanlarından siyasi bəyanatla istefa verməyim bunların nəzərində “rüşvətxor”a, “korrupsioner”ə, “cinayətkar”a çevrilməyimə kifayət etdi. Qovdular, axtardılar, götürdülər, tutdular, həbs etdilər, buraxdılar, çağırdılar va sair və ilaxır…

Hakimiyyətin zirvəsini demirəm, kənd icra nümayəndəsini tənqid edən jurnailsti “təhqir və “böhtan”ı əllərində dəstəvuz edib qandallayırlar, özgür fikrini ortaya qoyub düzxətli düşüncə sisteminə uymayan fəalı acımasız surətdə zindana atırlar, alternativ fikir tirajlayan media quruluşlarını cəmiyyətə təhlükə sayırlar, müstəqil və ayrı cür siyasət yürüdən siyasi təşkilatları tanımırlar, tanımaq nədir, yerlərindən zorakı surətdə qovurlar, mülki cəmiyyətin təşəkkülünə töhfə verməyə səy edən qeyri-hökumət təşkilatlarını təsviyə edirlər, insan hüquq və azadlıqlarını təmənna güdmədən hifz edən hüquq müdafiəçilərini casusluqda, dövlətə xayanətdə, vergidən yayınmada, qanunsuz sahibkarlıqda və s. ittiham edərək həbs edirlər, vicdanlı və cəsur vəkilləri ən ağlasığmaz bəhanələrlə təkcə müdafiə işindən kənarlaşdırılmırıar, ümumiyyətlə, kollegiyadan çıxdaş edib cinayət təqibi realizə edirlər, kicik, orta və iri burjuaziyanı sosial təbəqə olaraq sıradan çıxarıb, əvəzində inhisarçı məmur-oliqarxların ölkəboyu bütöv iqtisadiyyatı təyin etmələrinə yaşıl işıq yandırırlar, dərin sosial bərabərsizliyin və zəif sosial hərəkətin doğurduğu plutokratiyanı yaradırlar, teleradio sistemini tam, yazılı medianı isə əsas etibarilə idarə edirlər və bütün bu qeyd olunanların fonunda çəkinmədən rəsmən elan edirlər: ölkə insanları bərabər imkanlara yiyələnməklə yaşam tərzi sürürlər, respublikamız günü-gündən çiçəklənməklə, iri-iri addımlarla irəliləyir. Üstəlik, əmin etməyə çalışırlar ki, nəinki Cənubi Qafqaz, eləcə də Şərqi Avropa ölkələri Azərbaycan modelindən yararlansalar, fayda əldə etmiş olarlar. Bu, nə deməkdir? Təəssüf ki, sualı açıq saxlamalı olacağam, cünki etiraf edirəm, cavab olaraq konkret vəziyyəti ifadə etmək üçün münasib söz tapmaqda acizəm…

“Azadlıq-bərabərlik olmadan yaşaya bilməz”

J.J.Russo

2014-cü ilin yayı idi. Fürsət tapıb tətilə çıxdım. Bodrumda iki həftəlik tətil bir çox maraqlı hadisələrlə yadda qaldı. Onlardan birini burada bölüşmək istərdim – mövzu ilə birbaşa əlaqəli olduğu üçün. Tətilin ikinci günündə yeməkxanada qarsonla ünsiyyətim yarandı və bu təmas istirahətin son gününədək davam etdi. Söhbətimizin birində qarson abi Türkiyə Cümhuriyyətinin Ana Yasası barədə, hərbi çevrilişlər xüsusunda fikirlərini bölüşərkən, buna adekvat olaraq Azərbaycan Ana Yasası haqqında fikirlər eşitmək istədiyini tövrü ilə hiss elətdirirdi. Onunla aramızda olan dialoqları burda uzun-uzunadı yazmaq fikirində deyiləm. Bircə kəlməsini söyləmək istəyirəm: “Abi, bizlər Türk Ana Yasasına müqəddəs kitab kimi yanaşırıq…”

Bunu niyə xatırladım? Görəsən, ölkəmizdə, buraxın xidmət sektorunda işləyən sadə vətəndaşı, təhsil müəssisələrində tədris işi ilə məşğul olan 20 pedaqoq tapılarmı ki, Azərbaycan Respublikasının Konstitusiaysını müqəddəs adlandırsın? Adlandırmasalar, mən bunu anlayışla qarşılayaram. Bir halda ki, Əsas Qanunun müddəaları quru rəsmiyyət xarakteri alıb, real həyata vəsiqə qazanmır, təsbit olunmuş əsas insan və vətəndaş hüquq və azadlıqları de-fakto tanınmır, belədə həmin kitaba “müqəddəs” istilahı deyil, “formal” termini daha çox uyğun gəlir. Bu fikri möhkəmləndirib inkişaf etdirmək üçün yenə də təntənəli surətdə elan edilən azadlıq hüququnun reallıqda necə olduğuna birgə nəzər salaq.

Yazıblar ki, hər kəsin azadlıq hüququ vardır, azadlıq hüququ yalnız qanunla nəzərdə tutulmuş qaydada tutulma, həbsə alma və ya azadlıqdan məhrum etmə yolu ilə məhdudlaşdırıla bilər. Bu, necə azadlıq hüququdur ki, istifadə etməyə cəhd göstərən vətəndaş dərhal peşmançılığını çəkməli olur. Ən yaxşı halda həbs edilir, ən pis halda ağzından güllələnir, canını qurtarmağa macal tapanlarsa cəlayi-vətən olur. Bu ölkədə bir kimsənin azad şəkildə oz iradəsini ortaya qoyduğu halda heç bir təzyiqlə, təhdidlə üzləşmədiyini misal göstərin, indiyədək yazdıqlarımın iftira olduğunu söyləyim.

Heç şübhəsiz, müsbət halda misal gətirməyin mümkünsüzlüyünə əminəm. Amma mən azadlıq eşqinə düşən on minərlə insanın baş götürüb getməyə vadar edilməsini, dəlilsiz-sübütsuz zindana atılmasını, fiziki işgəncəyə məruz qalmasını, döyülməsini, söyülməsini, sındırılmasını, sındırılmaq nədir, məhv edilməsini, özü azmış kimi, əqrabasının, dost-tanışının doğulmağa peşman edilməsini göstərə bilərəm. Bəli, buralarda azadlıq eşqinə düşmək istəyən kəs qeyd edilən cəza növlərinin hər birini əvvəlcədən göz altına alıb da hərəkətə keçməli, bəri başdan özünü hazırlamalıdır. Sualım mənə və fikirlərimə bir təhər baxan köhnə həmkarlaradır: bu, hüququn qətli deyilsə, bəs nədir?

“Mülkiyyət hüququ insanın təbii ayrılmaz hüquqdur”

B. Franklin

Haqq üstünlüyünün, qanun aliliyinin başlıca xətt olduğu, hüquqi dövlət mexanizminin işlədiyi cəmiyyətlərdə bu fikrə inanmayan yoxa taydır: mülkiyyət toxunulmazdır, eləcə də şəxsin azadlığını şərtləndirən vacib şərtdir. Elə Azərbaycanda da belə yazıblar, amma bu, kağız üzərindəcə qalaraq real həyata vəsiqə qazanmayıb. Əsas Qanunun 13-cü maddəsində təsbit olunub ki, Azərbaycan Respublikasında mülkiyyət toxunulmazdır və dövlət tərəfindən müdafiə olunur. Bu necə toxunulmazlıq və mühafizədir ki, məhz dövlət, konkret mənadasa, onun təsisatı uzun illər ərzində insanların əmlakına əl qoymuş, xüsusi mülkiyyətə təcavüz etmiş, iş adamlarını, sahibkarları ən iyrənc şəklidə şantaj və təhdidə məruz qoyaraq çətinliklə yiyələndikləri varidatı ələ keçirmişdir.

Bəli, məlum oldu ki, dövlət təsisatı olaraq Milli Təhlükəzsizlik Nazirliyi milli təhlükəziliyi savunmaqdan savayı, bütün qara işlərlə məşğul olub, rəsmi reketçilik funksiyasını yerinə yetirib. Bu da günlərlə, aylarla deyil, illərlə davam edib. Bunların fonunda vətəndaşda rəsmi təsisat(lar)a münasibətdə inamı, etibarı bərpa etməyin mümkünsüzlüyü qəbul edilib, bütöv dövlət orqanı yerli-dibli ləğv edilir. Acı təcrübədir. Dövlət orqanı illərlə vətəndaşların plunu-parasını,malını-mülkünü, varını-dövlətini yağmalayır, sonda isə çıxış yolu kimi nazirliyin ləğvindən başqa çarə qalmır…

Konstitusiyanın 29-cu maddəsi hər kəsin mülkiyyət hüququnu, mülkiyyətin heç bir növünə üstünlük verilmədiyini, mülkiyyət hüququnun, o cümlədən xüsusi mülkiyyət hüququnun qanunla qorunduğunu, heç kəsin məhkəmənin qərarı olmadan mülkiyyətindən məhrum edilə bilinmədiyini tanıyır. Bu, məslənin formal tərəfidir, hörmətli oxucu, amma gəlin günümüzdə baş verən faktiki hallara bərabər nəzər salaq. Bir müddət qabaq insanların mülkləri sorğusuz-filansız başlarına ucuruldu. Bakının mərkəzindəki bütöv küçənin sakinləri xüsusi mülkiyyətdə olan əmlaklarını qorumaqdan yana rəsmi instansiyalara müraciət etdilər, məhkəmə davası açdılar, küçələrə çıxıb yürüş etdilər, amma hüquqi vasitələrin nəticəsi olmadı, əvəzində təqib, təhdid, zorakılıq, döymə, tutma, həbsə alma üsulu işə salındı, qeyri-adekvat kompensasiya verilərək dövlətin zopası qalib gəldi. Nədir ki, buldozerin qabağına verilib ev-eşikləri başlarına uçurulan binəva insanlar “Qış bulvarı”nda “istirahət” etsinlər və ya etməlidirlər…

Belədə bu sual yerinə düşür: “dövlət ehtiyacları və ya ictimai ehtiyaclar üçün mülkiyyətin özgəninkiləşdirilməsinə yalnız qabaqcadan onun dəyərini ədalətli ödəmək şərti ilə yol verilə bilər” kimi konstitusion norma ölü deyil, bəs nədir? Analoji hallar şəhərin “Sovetski” küçəsində də baş verdi. Acımasız surətdə insanları dədə-baba evlərindən çıxardılar, haqqını istəyib etiraz edənlərisə rəsmilər deyil, dəyənək, zopa, kötək “dinlədi”. Səlahiyyət sahibləri etirazçı baxışları görməzlikdən, protest hayqırtıları karlıqdan gəldilər. Yekun olaraq, nə baş verdi? Yenə də müdafiəsiz, çarəsiz, kimsəsiz insanlar dövlət maşını altında əzildi, buraxın şəhərin mərkəzini, heç kandarında belə üstübağlı dörd divar almağa yetməyən təzminat ilə kifayətlənməli oldular.

Məqamı gəlmişkən, bənzətmə üsulundan yararlanaraq səlahiyyət yiyələrinə bir xüsusatı xatırladım: Plutarx qədim yunan filosofudur, demək olar ki, dövrünün bütün aktual sorunlarına toxunub. Sizə onun bütün əsərlərini oxumağı tövsiyə etsəm də, “ictimai faydalı” işlərinizin çoxluğundan şikayət edib, məsləhətimi qulaq ardına vuracaqsınız, amma mütləq “İsgəndər”ini oxuyun. Oxusanız, görəcəksiniz ki, Plutarx yazır: “Makedoniyalı İsgəndər bir nəfərə qarşı ittihamı dinləyərkən bir qulağını əli ilə qapayır və ondan nə üçün belə etdiyini soruşanda deyir: “Bu qulağımı müttəhim üçün saxlayıram”. Doğrudur, nə sizləri Makedoniyalı İsgəndər səviyyəsinə qaldırmaq, nə də təqsirsiz “Sovetski” sakinlərini müttəhim kürsünə endirmək fikrim yoxdur, bununla belə, qapanmış hər iki qulağınızın heç olmazsa, birini insanlar üçün hərdən açın, yoxsa bir zaman gələr ki, ikisi də eşitsə, faydasız olar… Müqavimət hissinin zəif olmasına çox da bel bağlamayın, çünki iqtisadiyyatda olduğu kimi, sosialogiyada da bir qanunauyğunluq vardır ki, sonsuz inkişaf olmadığı kimi, intəhasız tənəzzül də yoxdur. Fikirləşin… Gec deyildir, inanın səmimiyyətimə. İnsanların heysiyyət və hissiyyatı ilə rəqs etmək hislərinizin alt-üst olmasını doğura bilər…

P.S. Bu yazını hazırlayıb çap etdirməyimə vəkilim Bəhruz Bayramovun və siyasi baxışlarımız üst-üstə düşməyən atam Eldar Sabiroğlunun qəti etiraz etdiyini də diqqətə çatdırmaq istərdim.
603 dəfə baxılıb
Loading ...
Nur-Az Xeber
07.12.16, 10:54
Hətta bir yuxusuz gecə...
06.12.16, 11:00
Mosulda uğurlu əməliyyat
06.12.16, 09:10
40 dərdin dərmanı
04.12.16, 13:34
Həsən Ruha