Şrift ölçüsü:
A+
A
A-
Kr
10 Mart 2016

Diplomlu işsizlər ordusu

Yaxud 339000 kadrın neçəsi yararlıdır?

Son 23 il ərzində Azərbaycanda ali və orta ixtisas təhsili alan 339388 nəfər diplom alıb. Məlumata görə, həmin tələbələrin 207237-si ali təhsilin bakalavriat, 19902-si magistratura, 63815 nəfər tam orta təhsil bazasında, 48434 nəfər isə ümumi orta təhsil bazasında orta ixtisas pilləsi üzrə diplom alıb.

Kaş, ölkəmizdə bu sayda ixtisaslı kadr olaydı, kaş ki, diplomlar biliyə görə veriləydi. Amma hər dəfə imtahan nəticələri açıqlananda, universitetə qəbul ballarına nəzər salanda görürük ki, vəziyyət bərbaddır. Hətta Prezident Adminstrasiyasının rəhbəri Ramiz Mehdiyev də etiraf etmişdi ki, işə götürməyə savadlı kadr tapa bilmirlər.


Orta təhsil, demək olar, sıradan çıxıb. Ali məktəbə qəbul olmaq üçün repetitor “qılınc”ının altından keçmək lazımdır. Eyni zamanda pulla attestat almaq, pulla ali məktəbə qəbul olmaq, pul müqabilində diplom almaq ənənəsi də var.

Digər tərəfdən, müəllimlərin müsabiqədən keçirilməsi, işə götürən adamların yenidən imtahan verməsi də onu göstərir ki, diplomun heç bir əhəmiyyəti yoxdur. Yəni ali məktəblərin verdiyi diplom işəgötürən üçün əhəmiyyət daşımır. Çünki, ölkə təhsilinin keyfiyyəti hamıya məlumdur və buna görə də ikinci dəfə imtahanlardan keçmək lazım gəlir.

Müsabiqənin nəticələri də göstərir müəllimlərin çox az faizi imtahandan “üzüağ” çıxır. Yeri gəlmişkən, heç kimə sirr deyil ki, biabırçı imtahan nəticələrini sığortalamaq üçün hər il keçid balları aşağı salınır.

Bütün bunları ona görə xatırladırıq ki, 339388 nəfər diplomlunun nə qədər yararlı olduğuna diqqət çəkək. Faktiki olaraq bu rəqəm özünü praktikada göstərmir. Yuxarıda da qeyd etdiyimiz kimi, bu ölkədə diplom mötəbər deyil. Faktiki olaraq peşəkar qıtlığı var, hər hansı sahədə problem yaşananda mütəxəssis axtarırıq.

Bu da sirr deyil ki, ölkədə diplomlu işsizlər ordusu var. Tikintidə fəhlə, restoranlarda ofisiant işləyənlərin, bazarda alverlə məşğul olanların xeyli hissəsi diplomlu adamlardı. Deməli, həm diplomluların böyük bir hissəsinin yarasız kadr olduğu ortaya çıxır, həm də ali təhsilli işsizlər problemi var.

Ona görə də 300 mindən artıq adama diplom verilməsini uğur kimi qiymətləndirmək olmaz. Nəticə etibarilə bu qənaətə gəlirik ki, yararlı ixtisaslı kadrların qıtlığı da, ali təhslilli işsizlər ordusunun yaranması da yarıtmaz idarəetməyə bağlıdır. Təhsilə korrupsiya qarışıbsa, əgər oxumadan da diplom almaq mümkündürsə, milyonlarla adama diplom verilməsi heç nəyi dəyişmir./azadlıq/
598 dəfə baxılıb
Loading ...
Nur-Az Xeber