Şrift ölçüsü:
A+
A
A-
Kr
10 Mart 2016

İcra başçısının “təpə”sini dağıtdılar

Yaxud milyonlar necə talan edilir?

Yarıtmazlıq, israfçılıq, primitivlik üzrə yarış keçirilsə, Azərbaycan qələbəni qətiyyən əldən verməz. Hökumətin bütün addımları özünüinkarla, özünüifşayla nəticələnir. Baxırsan ki, külli miqdarda pul xərcləyib yol çəkirlər və bir müddətdən sonra bu yol sökülür. Görürsən ki, külli miqdarda pul xərcləyib bina üzləyirər, sonra bu bina buldozerlə dağıdılır.

Yaxud milyonlar xərcləyib bütün ölkəni penoplast üzlüklərə bürüyürlər, sonra bu üzlüklərin təhlükəli olduğu ortaya çıxır və yeni üzlüklər dövriyyəyə girir. Hətta ölkə başçısı səviyyəsində müxtəlif sərəncamalr verilir və qısa müddət sonra bu sərəncamlar ləğv edilir. Xarici siyasətdə də eyni mənzərədi. Bir gün Suriya məsələsində Türkiyəni dəstəkləyirik, o biri gün Iranın yanında oluruq.

Sanki hökumət bir gün ayıq, o biri gün kefli olur. Bugünlərdə isə məlum oldu ki, Bakı Avtovağzalının qarşısından keçərək “Şamaxinka” adlanan əraziyə qədər təpəciklər sökülür. Bildiyiniz kimi, bu təpəciklərin tikilməsinə külli miqdarda vəsait xərclənmişdi, hökumət bunun təbliğatını aparmışdı, AzTv-lər bu yaşıllıığın tərənnümü ilə məşğul idi və s. Insafən, gözəl bir mənzərə alınmışdı.

Indi isə bu təpəciklər dağıdılır. Gah dedilər ki, təpəciklər sürüşməyə səbəb olur, gah da dedilər ki, tıxac yaradır.

Istənilən halda bir müddət əvvəl dövlət büdcəsinin talanması hesabına düzəldilən süni təpəciklərin bu gün söküləmsi biabırçılıqdır. Milyonlarla vəsaitin asanlıqla havaya sovrulması, bu qədər israfçılığa yol verilməsi cəzasız qalmamalıdır. Ölkə vətəndaşı manata möhtac vəziyyətdəykən, hökumət süni təpəciklərə milyonlar xərcləyir və sonra heç nə olmamış kimi bu təpəciklər sökülür. Yəni hökumətin bir nəfər ağıllı mütəxəssisi yox imiş ki, bu təpələrin sürüşməyə səbəb olacağını əvvəlcədən proqnozlaşdıra bilsin? Yaxud normal düşünə bilən adam olmayıb ki, avtomobillərin giriş-çıxışını nəzərə alıb bu tikilinin tıxac yaradacağını başa düşsün?

Göründüyü kimi, hər addımda primitiv idarəçilik, hökumət komandasının məsuliyyətsizliyi aşkar sezilir. Heç kim özündə məsuliyyət hiss etmir, hamı cəzasız qalacağına əmindir. Əsas odur ki, süni təpəciklər hesabına kimlərinsə cibi dağa dönsün. Əsas odur ki, qazanc yeri tapılsın.

Nə vaxta qədər belə davam edəcək? Əvvəlcə tikirlər, sonra düşünürlər. Əvvəlcə təmir edirlər, sonra dağıdırlar. Sanki dövlətin əmlakını talan etməkdən zövq alırlar.

Siyasətləri necədirsə, tikintiləri də həmin formadadır. Indi hökumətin analoqsuz siyasəti də “çat” verir. Hökumət bu süni təpəciklər kimi dövlətin potensialını, xalqın taleyini də dağıdıb. Indi büdcəmiz, iqtisadiyyatımız, valyuta ehtiyatlarımız, milli valyutamız da təpədən dərəyə düşür.

Bəli, süni təpəciklərin dağıdılması, ölkənin mənzərəsinə uyğundur. Bütün mənalarda dərəyə yuvarlanmışıq.

Əgər bir müddət sonra büdcədən pul ayırıb, “Şamaxinka” yolunda daha böyük təpəcik düzəltsələr, qətiyyən təəccüblənməyin.

Çox təəssüf ki, dövlətin milyardları bu qaydada məhv edilib. Süni təpəciklərə xərclənən pullar təbii ehtiyacların ödənilməsinə sərf olunsaydı, Azərbaycan xalqının həyatı “dağ”a dönərdi./azadlıq/
889 dəfə baxılıb
Loading ...
Nur-Az Xeber