Şrift ölçüsü:
A+
A
A-
Kr
20 Dekabr 2013

“İranın uranı 20% zənginləşdirməsi qərblilər üçün inanılmaz idi”

Əli Əkbər Salehi: “İranın uranı 20% zənginləşdirməsi qərblilər üçün inanılmaz idi”

“İranla “altılıq” ölkələri arasında nüvə məsələsində Cenevrədə əldə olunmuş razılaşmaya uyğun olaraq müəyyənləşdirilmiş altı aylıq zaman çərçivəsində uranın 20% həddində zənginləşdirilməsinin dayandırılması mənafeyimizə zidd deyil”.

Apa-nın İRİB-ə istinadən verdiyi məlumata görə, bunu İranın Atom Enerjisi Təşkilatının sədri Əli Əkbər Salehi deyib.

Onun sözlərinə görə, hazırda İranın dördillik kifayət qədər yanacaq ehtiyatı var və uranın 20% həddində zənginləşdirilməsini yenidən bərpa edilə bilər: “İran beynəlxalq öhdəliklərə sadiq qalıb. Qərblilərin öhdəlikləri və vədlərini yerinə yetirməmələri İranın uranın 20% həddində zənginləşdirilməsi prosesinin bərpa etməsinə səbəb olacaq. Biz bir zamanlar Tehran reaktoru üçün nüvə yanacağına ehtiyaclı idik. Amma qərblilər ilə müzakirələrdə onlar bizim milli hakimiyyətimizə qarşı yönəlmiş şərtlər qoydular. Əslində onlar bizə heç nə vermək istəmirdilər”.

Ə. Ə. Salehi Cenevrədə müəyyən bir zaman çərçivəsində etimadın yaradılması məqsədilə razılaşmanın əldə olunmasını müsbət qarşılayıb: “Əgər qərblilər bizə 20% zənginləşdirilmiş nüvə yanacağı versəydilər, iki il yarım çəkəcəkdi. Amma Mahmud Əhmədinejadın prezidentliyi dönəmində hökumətin maliyyə dəstəyi və mərhum Şəhriyari, habelə digər gənc nüvə alimlərimizin yorulmaz səyləri nəticəsində uranın 20% zənginləşdirilməsi prosesinə nail olmaqla yanaşı, nüvə yanacağını da ölkə daxilində istehsal etməyi bacardıq. Bu isə qərblilər üçün inanılmaz idi”.

O deyib ki, qərblilər uranın 20% həddində zənginləşdirilməsi prosesinə yiyələnməyin İran üçün potensial qüdrət mənbəyinə çevrildiyinə inanırlar: “Belə ki, onlar İranın nüvə silahlarının istehsalı üçün istənilən vaxt uranın zənginləşdirilməsini 90%-ə kimi artıra biləcəyini təsəvvür edirlər. Biz heç vaxt nüvə silahı və ya uranın 5%-dən artıq zənginləşdirilməsi niyyətinə düşməmişik. Çünki İranın ali dini liderinin fətvası rəsmi dövlət qərarı və hökm olaraq üzərimizə düşən vəzifəni müəyyənləşdirib”.

Salehi vurğulayıb ki, qərblilər Cenevrə razılaşmasının müddəalarını pozduqları təqdirdə İran da nüvə sahəsində öz yoluna davam edəcək: “İran öz öhdəliklərinə sadiq qalmaqla Nüvə silahlarının istehsalı və yayılmasının qarşısının alınması Müqaviləsinə (NPT) uyğun olaraq sahib olduğu haqlardan da imtina etməyəcək. Hazırda İran dünya ictimaiyyətinə öz öhdəliklərinə necə bağlı olduğunu göstərir. Uranın 5% həddində zənginləşdirilməsi fəaliyyətləri daxili ehtiyacların qarşılanması üçün davam edir. Dünya artıq İranın təzyiq və təhdidlə öz istəklərindən imtina etməyəcəyini, milli mənfəətlərini təmin etmək üçün güclü addımlarla irəliləməyə davam etdiyini anlayır. Atom Enerjisi üzrə Beynəlxalq Agentliyin müfəttişləri isə davamlı olaraq İranın nüvə obyektlərinə nəzarət edirlər. Belə bir şəraitdə Qərb İranın nüvə silahı istehsal etməyə çalışdığını iddia edir. Lakin bu iddialar boş və həqiqətdən uzaqdır”.
1490 dəfə baxılıb
Loading ...
Nur-Az Xeber
07.12.16, 10:54
Hətta bir yuxusuz gecə...