Şrift ölçüsü:
A+
A
A-
Kr
25 Mart 2016

Əliyev hansı yolu nəzərdə tutur?

Yaxud, dünyaya göstərdiyimiz «nümunə»lər

2016-cı ilin ilk rübünü başa vurmaqdayıq. 2015-ci ilin dərd mirasını daşıya-daşıya yaşayırıq. Əslində, daşıdığımız yük 23 ilin yığılmış ağır yüküdür. Sadəcə olaraq 2015-ci ildə bu yükü “pres”ləməyə başladılar ki, bu da belimizi sındırdı.

Bəli, 2015-ci ildə milli valyuta 2 dəfə devalvasiyaya məruz qaldı, qiymətlər kəskin bahalaşdı, iş yerləri qapadıldı, əhalinin borclanma səviyyəsi artdı, dövlətin xarici borcu çoxaldı, intiharlar kütləvi hal aldı, iqtisadiyyatımızın asılı olduğu neft qiymətdən düşdü, dövlətin əsas strukturlarının cinayət yuvasına çevrildiyi etiraf olundu, bank sektoru sıradan çıxdı və s. Üstəlik, 2015-c ildə 2 böyük faciə ilə üz-üzə qaldıq. Binəqədi rayonunda hündürmərtəbəli bina yandı və 15 nəfər həlak oldu. Ardınca, “Günəşli” yatağında partlayış baş verdi və 30-dan artıq neftçi həlak oldu. Məsələ burasındadır ki, hər iki hadisə hökumətin acgözlüyünün, məsuliyyətsizliyinin nəticəsində baş verdi.


Bir sözlə, 2015-ci il hakimiyyətin “analoqsuz inkişaf” siyasətinin tənəzzülü, ifşası oldu. Bəlli oldu ki, hakimiyyət biz düşündüyümüzdən də keyfiyyətsizdir. Vətəndaşlara boş vədlər verildi, amma heç bir güzəşt edilmədi. Vatikanda xarabalqıları abad edən, ölkədə mənasız tədbirlərə milyardlar xərcləyən hökumət vətəndaşa yönəlik heç bir addım atmadı. Insanların ölümə pənah aparması hökuməti qətiyyən narahat etmədi. Hökumət bütün komandasıyla xalqı aldatmağa, görüntü yaratmağa, vaxt udmağa kökləndi. Satatistik rəqəmlər də göstərdi ki, uzun illər ərzində heç bir sahədə iş görülməyib və ölkəyə daxil olan 100 milyardlarla neft pulu talan edilib.

Yeri gəlmişkən, ölkə başçısı Münhen konfransında etiraf etdi ki, hökumət post-neft dövrünə 25 ildən sonra start verəcəkmiş. Yəni, neftin qiyməti ucuzlaşmasaydı, hökumət hələ 25 il milyardları talan edəcəkmiş. “Lazımsız xərcləri azaltmaq lazımdır”, “lazımsız strukturlar ləğv edilməlidir”, “israfçılığa son qoyulmalıdır” kimi fikirlər də onu göstərdi ki, hakimiyyət uzun illər lazımsız işlərlə məşğul olub. Bugünlərdə isə məlum oldu ki, hökumətmiz milli iqtisadiyyatın dirçəldilməsi üçün “yol xəritəsi” hazırlayır. Yenə də etiraf olunur ki, bu illər ərzində hökumət yalnız milyardları oğurlamağın xəritəsini hazırlayıb.

Bütün bunları xatırlatmaqda məqsədimiz ölkə başçısının Novruz şənliyindəki çıxışına körpü salmaqdır. Bəli, Ilham Əliyev bu boyda tənəzzüldən, gerilmədən, ifşadan sonra “biz dünyaya yol göstəririk” söyləyib.

Görəsən, ölkə başçısı bu sözləri deyərkən nəyi nəzərdə tuturmuş? Axı, biz dünyaya hansı sahədə yol göstəririk? Əlbəttə, Azərbaycan dünyaya yol göstərə bilərdi. Azərbaycan dünya ölkələrinin qiptə etdiyi ölkəyə çevrilə bilərdi. Amma mövcud hakimiyyət bütün işıq gələn yerlərə barmaq tıxamaqla ölkəni müqavimətsiz duruma saldı. Indi Azərbaycan bütün siyahılarda sonuncu yeri tutur. Azərbaycanı korrupsiyanın, monopoliyanın, repressiyanın, saxtakarlığın hökm sürdüyü ölkə kimi tanıyırlar. Hökumət komandasının hər bir üzvü milyonerə çevrilib. Ölkə bir neçə adam arasında bölünüb. Beynəlxalq araşdırmanın nəticəsinə görə son 10 ildə ölkədən 95 milyard pul çıxarılıb. Bu ölkədə SOCAR-ın məsul şəxsi 247 villa tikdirə bilirsə, nazirlər yüzlərlə şirkətə sahib olursa deməli həqiqətən də “yol” mövcuddur. Hökumət ölkəni çapıb-talamaq yoluna sadiqdir.

Biz dünyaya seçkini necə saxtalaşdırmağın, vicdanlı insanları necə şərləməyin, 150-200 manatın girovuna çevrilmiş vətəndaşa 25-30 faizlə kredit verməyin, ölkəyə idxal olunan məhsulları 20-30 dəfə baha qiymətə satışa çıxarmağın, yaltaqlığı dəyərə çevriməyin, təhsili, səhiyyəni bazara döndərməyin yolunu göstəririk. Bəli, büdcəsi cəmi 14 milyard olan, iqtisadiyyatı 95 faiz neftdən asılı olan, xarici borcu 20 milyardı ötən, hətta kartof-soğana olan ehtiyacını yerli istehsal hesabına ödəyə bilməyən hökumət dünyaya yol göstərir.

Əslində, belə bir ifadə işlətmək qeyri-ciddiliyin, vətəndaşı ələ salmağın göstəricisidir. 9 milyon əhalinin 2.5 milyonu kredit borcu ödəyirsə, biz dünyaya yalnız “uğurlu səfalət”, “analoqsuz tənəzzül” yolunu göstərə bilərik. Başqa bir məqam budur ki, bu gün dünyanın mötəbər qurumları, nəhəng ölkələri Azərbaycan hakimiyyətini tənqid edir, ABŞ-da Azərbaycana qarşı sanksiyalar gündəmə gəlib və s.

Əgər dünya gücləri Azərbaycan hakimiyyətini hədəf seçibsə, hakimiyyət etibarsız tərəfdaşa çevrilibsə, hər gün hökumət üzvlərinin yeni korrupsiya cinayətləri üzə çıxarılırsa, bizdən nümunə götürən kimlərdi?

Yəqin, Afrikanın cəngəlliklərindəki xırda tayfalar, Amazonka meşəsinin qalınlıqlarında yaşayan hindular və bu qəbildən olan “ölkə”lər bizdən nümunə götürür, biz onlara yol göstəririk.

Ən dəhşətlisi budur ki, Azərbaycan sözün bütün mənalarında yol göstərə bilmir. Bəli, çəkilən asfalt yolların, körpülərin aqibəti də göz qabağındadır. Bir saat yağış yağması kifayət edir ki, hökumətin öyündüyü tikinti sektorunun da mənasız olduğu üzə çıxsın.

Bir sözlə, 23 ildə 23 metr normal yol çəkə bilməyən hökumətin dünyaya yol göstərmək iddiasına düşməsi “tarixi” hadisədir. Insafən, hökumət ölkəni bataqlıq yola çevirməyi bacarıb. Dünyaya göstəririk ki, özünüzü belə yola salmayın./azadliq/
783 dəfə baxılıb
Loading ...
Nur-Az Xeber
07.12.16, 10:54
Hətta bir yuxusuz gecə...