Şrift ölçüsü:
A+
A
A-
Kr
26 Mart 2016

“Alimlərimizin İslamla bağlı müsbət fikirləri kimlərdəsə qıcıq yaradırsa, bu, artıq islamofob tendensiyadır”

Qeyri-səlis riyazi məntiq nəzəriyyəsinin davamçısı, SSRİ Dövlət Mükafatı laureatı, AMEA-nın müxbir üzvü, 30 doktorluq,150-dən çox namizədlik dissertasiyasının elmi rəhbəri, Corciya Dövlət Universiteti (ABŞ), Təbriz Universiteti (İran) və Zigen Universitetinin (Almaniya) professoru, 60 kitabından 48-i xarici ölkələrdə çap olunan Rafiq Əliyev “Zaman” qəzetinə verdiyi müsahibəsində İlahi imandan, dini dəyərlərdən, Allaha olan inamdan, Quranla elmin vəhdətindən danışıb. Görkəmli alimin verdiyi müsahibə cəmiyyətin bəzi nümayəndələri tərəfindən birmənalı qarşılanmayıb. Bu müsahibədən sonra İslami dəyərlərə zidd olan bir qrup şəxs tərəfindən görkəmli alimin şəxsiyyətinə qarşı çirkin kampaniyaya start verilib və Rafiq Əliyevə qarşı təhqirlər yağdırılıb. Nobel mükafatına namizəd olan dünyaca məşhur alimə qarşı həyata keçirilən bu çirkin kampaniyaya ilk reaksiyalardan biri ölkənin tanınmış ziyalısı və ilahiyyatçı-filosofundan gəlib.

 

Niyə bəzi şəxslərdə “dünyaca məşhur alimlər ateist olmalıdır” düşüncəsi var?. Məgər böyük alimlərin Allaha inanması qəbahətdir?

“İslaminSesi”nin ünvanladığı sualları İçərişəhər “Cümə” məscidinin imam-camaatı, DEVAMM sədri, ilahiyyatçı-filosof  Hacı İlqar İbrahimoğlu cavablandırıb. Ruhani-alim bildirib ki, bu məsələ təkcə Rafiq Əliyevin personasına aid olan mövzu deyil: “Təəssüflər olsun ki, Sovet hakimiyyəti devrildikdən sonra Azərbaycanda insanların özünəqayıdış prosesi tam sürətdə və təbii şəkildə baş tutmadı. Bu, həm də sistemdəki krizislə bağlı oldu. Nəticədə Sovet hökumətinin təsirindən çıxmış insanlar, İslamı lazımı qədər çatdırmaq məsuliyyəti daşıya bilməyən institutlarla üz-üzə qaldılar. Öz təbii suallarını, bilgilərini, mənəvi ehtiyaclarını bu qurumlar tərəfindən ödəyə bilmədilər. Çünki bu institutların Çar və Sovet Rusiyası dövründə yaradılma fəlsəfəsi, İslamı təbliğ etmək üçün nəzərdə tutulmamışdı. Bununla belə sevindirici haldır ki, zaman keçdikcə yeni nəsil həqiqi ruhanilər təhsildən dönməkdədirlər”.

 

İlqar İbrahimoğlunun sözlərinə görə, artıq müxtəlif sahələrdə İslamın maarifçiliyi ilə məşğul olan, dərin fundamental biliklərə malik ruhanilərin sayı artır. Proses bundan sonra da sürətlə davam edəcək: “Bu gün çalışmaq lazımdır ki, İslam kimliyinə malik olan gənclər daha çox təhsilli və dünyagörüşlü, və ən əsası – mənəvi dəyərləri yaşayan insanlar olsunlar. Belə olan halda hər bir məsələ öz yerini tutur və nəticə etibarı ilə, maarifçilik daha güclü xarakter daşıyır”.

 

DEVAMM sədri qeyd edib ki, çox az sayda ziyalılarımızın İslam kimliyinə malik olduqlarını müşahidə edirdik: “Təbii ki, İslami kimliyi ilə qürur duyan ziyalılarımız da olub. Amma təəssüflər olsun ki, az sayda olan bu şəxslər yalnız ümumi ab-havanın içində fərqlənə və inanca sahib çıxdıqlarını bəyan edə biliblər. İstər Əli bəy Hüseynzadə, istər Məhəmməd Əmin Rəsulzadə və digər şəxsiyyətlər öz İslami kimlikləri ilə fəxr etdiklərini bildiriblər, özlərini müsəlman hesab ediblər və bayrağımızdakı islamçılığımızı sübut edən yaşıl rəng də bunun göstəricisidir. Sovet hökuməti dağıldıqdan sonra xalq hərəkatının önündə gedən insanlar da İslami kimlikli şəxslər olub. Yəni bayrağımızda əks olunan fəlsəfəni dərk edib yaşadan və İslamın təəssübünü çəkən insanlar xalq hərəkatına rəhbərlik ediblər”.

 

İmam-camaatın fikrincə, xalq hərəkatından sonra yeni dönəm başladı: “Bu dönəmdə yetişən yeni nəsil öz mənəvi duyğularını və ehtiyaclarını təəssüflər olsun ki, lazımı qədər cavablandıra bilmir. Eyni zamanda müxtəlif təsirlər də özünə yer tapmağa başlayır. Əfsuslar olsun ki, bütün dünyada yoxa tərəf gedən ateizm, Azərbaycanın oxumuş təbəqəsində müəyyən mənada az da olsa, özünə yer alır. Ateist olmaq, hər şeyi inkar etmək, müəyyən mənada özünü toplumdan fərqləndirmək dəb halına çevrilib. Bu, məsələnin bir tərəfidir. Digər bir önəmli məqam ondan ibarətdir ki, lazımi maarifçilik və çatdırma fürsətləri zəif olub. Həm də Sovetlər birliyində fəaliyyət göstərən dini strukturlar bu işi lazımı qədər həyata keçirməyiblər. Amma bu gün vəziyyət əvvəlkindən yetərincə fərqlənir. Artıq böyük bir oyanış baş verməkdədir. Çoxlu sayda təhsilli, dünyagörüşlü gənclər öz inanclarına qayıdaraq, yaşamağa davam edirlər”.

 

İlahiyyatçı-filosof bildirib ki, bu gün İslam dini ilə bağlı dözümsüzlük edənlər, islamofob ruhiyyəyə malik olanlar azlıq təşkil edir: “Bu insanlar həm kifayət qədər dözümsüzdürlər, həm də kin nümayiş etdirirlər. Ona görə də, İslamla bağlı istənilən müsbət tendensiyadan narahat olurlar. Əksinə, İslamla bağlı mənfi reaksiyalar isə bu insanları məmnun edir. Bütün bunlarla yanaşı, elə insanlar var ki, islamofob deyillər, lakin müəyyən tənqidi fikirləri və sualları var. Bu iki kateqoriyalı insanlar bir-birlərindən mütləq şəkildə fərqlənirlər”.

 

Hacı İlqar İbrahimoğlu professor Rafiq Əliyevlə bağlı həyata keçirilən əks kampaniyaya da münasibət bildirib: “Özünü təsdiqləmiş bir neçə islamofobun bölüşmələrində müəyyən mənada aqressiyanı, kini müşahidə etmək mümkündür. Bununla bağlı açıqlamanı və Rafiq Əliyevlə birgə olan şəkli paylaşaraq, görkəmli alimə olan dəstəyi nümayiş etdirdik. Ümumiyyətlə normal diskussiyanın və fikir mübadiləsinin aparılması – müsbət haldır. Lakin birmənalı olaraq alimlərimizi, İslamla bağlı hər hansı bir müsbət fikir söyləyən dəyərli şəxsiyyətlərimizi aşağılamaq – qətiyyən qəbuledilməzdir. Belə müsbət fikirlər kimlərdəsə qıcıq yaradırsa, bu, artıq islamofob tendensiyadır. Bu tendensiyanın tərəfdarı olan insanlarla isə hər hansı bir polemikanın aparılmasına ehtiyac yoxdur. Əvvəllər də Rafiq Əliyevin fikirlərinə bu cür qıcıqlar olub. Lakin reaksiyalar iki istiqamətdə sərgilənib. Biri islamofob qıcıq, digəri isə normal tənqidi fikirlər formasında özünü göstərib”.

 

Hacı İlqar qeyd etdi ki, müasir müsəlman gəncliyinin üzərinə düşən vəzifə - savadlanmaq, təhsilə yiyələnmək, xüsusən də estetik duyğuların artması istiqamətində ciddi işlər görmək, təqdimat və performans mövzularına diqqət yetirməkdir: “Nə marjinallaşmalıyıq, nə də ki, rafinallaşmalıyıq. Yəni toplumdan təcrid olmaq, eləcə də toplumun içində ərimək – yolverilməzdir. Allahdan gəldiyimizi və Ona doğru getdiyimizi, Allahın razılığı üçün çalışdığımızı dərk etməli və unutmamalıyıq. Bunu edəcəyimiz təqdirdə, ən böyük nəticələr qazanacağıq. Elmli, savadlı, bəsirətli və tədbirli davranış – bütün sadalananların zəruri tərəfidir”.

 

İlqar İbrahimoğlu nəticə etibarı ilə post-modernizmin yekunlaşdığını və yeni mərhələnin yaxınlaşdığını deyib: “Yeni mərhələ bütün alternativ fikirləri ortaya çıxaracaq. Yeni yaranan dünyanın həndəsəsinin formalaşmasında biz müsəlmanlar aktiv iştirak etməliyik. Biz yalnız dünənlə öyünməməli, bu gündə də qalmamalıyıq. Sabah üçün çalışmalıyıq və Allahın hüzurunda olduğumuzu nəzərə almalıyıq. Eyni zamanda da əziz Mövlamızın (ə.f) intizarında olduğumuzu unutmamalıyıq. Onun intizarında olaraq, üzərimizə düşən vəzifələri layiqincə yerinə yetirməliyik”. (İslaminSesi)

 

 

873 dəfə baxılıb
Loading ...
Nur-Az Xeber
07.12.16, 10:54
Hətta bir yuxusuz gecə...
06.12.16, 11:00
Mosulda uğurlu əməliyyat
06.12.16, 09:10
40 dərdin dərmanı
Go to TOP