Şrift ölçüsü:
A+
A
A-
Kr
21 Dekabr 2013

2013-cü ildə neçə əsgərimiz dünyasını dəyişib?

“Doktrina” Jurnalistlərin Hərbi Araşdırmalar Mərkəzinin kütləvi informasiya vasitələri üzərində həyata keçirdikləri monitorinqin nəticələrinə əsasən, adlı siyahı üzrə 2013-cü ildə Azərbaycan təhlükəsizlik və müdafiə sektorunun itkiləri 79 nəfər təşkil edib. Ötən müddətdə 96 nəfər yaralanıb və ya xəsarət alıb. Müvafiq dövrdə dünyalarını dəyişənlərin 10-u döyüş (10 nəfər erməni gülləsi), 69-u isə qeyri-döyüş itkiləridir. Bundan başqa mart ayının 2-də C.Naxçıvanski adına hərbi listeyin kursantı Əmikişiyev Raqil Arazxan oğlu naməlum səbəbdən dünyasını dəyişib. Hərbi qulluqçu statusuna malik olmadığına görə siyahıya əlavə olunmayıb.
9 nəfər bədbəxt hadisədən (suda boğulma, yıxılma, tank altında qalma, yanma, elektrik cərəyanı vurma), 14 nəfər avtoqəzadan, 3 nəfər vertolyot qəzasından, 3 nəfər naməlum səbəbdən, 2 nəfər ehtiyatsızlıqdan, 3 nəfər mülki şəxs tərəfindən, 6 nəfər qeyri-nizamnamə (qanunazidd) hərəkətlərindən, 13 nəfər xəstəlikdən dünyasını dəyişib. 16 nəfər intihar edib. Dünyasını dəyişənlərin 60-ı Müdafiə Nazirliyinin (MN), 6-ı Dövlət Sərhəd Xidmətinin (DSX), 9-u Daxili Qoşunların (DQ), 1-i Xüsusi Dövlət Mühafizə İdarəsinin (XDMI), 1-i Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin (SHXÇDX), 2-i Fövqəladə Hallar Nazirliyinin (1 nəfər Naxçıvan FHN) hərbi qulluqçularıdır.

Yaralılara və xəsarət alanlara gəlincə (96 nəfər), onların 17-i qeyri- nizamnamə hadisələrindən (o cümlədən ehtiyatsızlıqdan) 7-i intihara cəhddən, 6-sı mülki şəxslərlə davadan, 10-u erməni gülləsindən, 3 nəfər mina partlayışından, 1-i naməlum səbəbdən, 4-ü bədbəxt hadisədən (liftin şaxtasına yıxılma, yanğın, partlayış və s.), 48-i isə avtoqəza nəticəsində yaralanıblar və ya xəsarət alıblar.

Yaralananların 67 nəfəri Müdafiə Nazirliyinin hərbi qulluqçusu, 8 nəfər Dövlət Sərhəd Xidmətinin, 20 nəfər Daxili Qoşunların, 1 nəfərsə Ədliyyə Nazirliyi Penitensiar xidmətinin mühafizə alayının hərbi qulluqçusudur. Yaralıların və xəsarət alanların bir çoxu xidmət yerinə qayıdıblar.

“Ordunun Aynası” 2013-cü ildə dünyasını dəyişən hərbçilərin adlı siyahısını oxuculara təqdim edir:

7 yanvar. MN-in Daşkəsən rayonunda yerləşən “N” saylı hərbi hissəsində xidmət edən, 1994-cü il təvəllüdlü Ceyhun Zaman oğlu Qubadov postda olarkən dünyasını dəyişib. İlkin ehtimala görə, C. Qubadov ürək tutmasından vəfat edib. C.Qubadov 2012-ci ilin oktyabrında Abşeron rayonundan həqiqi hərbi xidmətə çağırılıb.

11 yanvar. Bakı-Quba yolunun 35-ci kilometrliyində Xudat sakini Aydın Əhmədovun idarə etdiyi “Hyundai” markalı avtobus yolun əks istiqaməti ilə hərəkət edən 32 yaşlı Şahin Poladovun idarə etdiyi “VAZ-2106″ markalı maşınla toqquşub. Nəticədə minik maşınının sürücüsü, MN-in Tağıyev qəsəbəsində yerləşən “N” saylı hərbi hissəsinin giziri Ş.Poladov aldığı xəsarətdən hadisə yerindəcə keçinib. Polisdən bildirilib ki, qəzaya yolun buz bağlaması səbəb olub.

18 yanvar. Naxçıvan MR FHN mətbuat xidmətindən bildirilib ki, nazirliyin əməkdaşı Qadir Şamil oğlu İsmayılov gecə saatlarında yaşadığı evin hamamında yuyunarkən ehtiyatsızlıqdan yıxılaraq başından ağır zədə alıb. Təcili xəstəxanaya çatdırılan Qadir İsmayılov beyninə qan sızması nəticəsində dünyasını dəyişib.

18 yanvar. MN-in Şəmkir Hərbi Birləşməsinin Gədəbəy rayonunda yerləşən N saylı hərbi hissəsinin əsgəri, 2012-ci ilin oktyabr ayında Balakən rayonundan hərbi xidmətə çağırılmış, 1994-cü il təvəllüdlü Xudulov Ramazan İsmayıl oğlu SQ Baş Klinik Hospitalında vəfat edib. Əsgər Xudulov virus+bakterial mənşəli, kəskin meninqoensefalit – ağır gedişli, serebral koma, beyin ödəmi, pərçim sindromu və digər ağır diaqnozlu xəstəlik səbəblərinə görə dünyasını dəyişib.

28 yanvar. Daxili Qoşunların hospitalında 2013-cü ilin yanvar ayında Sabunçu rayonundan həqiqi hərbi xidmətə çağırılan, 1991-ci il təvəllüdlü Rüstəmli Toğrul Kamran oğlu xəstəlikdən dünyasını dəyişib.

28 yanvar. Naxçıvandakı hərbi hissənin zabiti, 1983-cü il təvəllüdlü kapitan Seyidov Faiq Əliheydər oğlu Babək rayonunun Uzunoba gölündə balıq tutarkən buz qırılıb, suya düşən zabit boğularaq ölüb.

5 fevral. Xocavənd rayonunun Kuropatkino kəndi yaxınlığında Ermənistan SQ-nin atəşkəsi pozması nəticəsində Azərbaycan əsgəri, 1994-cü il təvəllüdlü Əlizadə Sənan Dövlət oğlu şəhid olub. S.Əlizadə Cəlilabad rayonundan həqiqi hərbi xidmətə çağırılıb.

5 fevral. Azərbaycan ordusunun leytenantı Tural Nadir oğlu Əsgərov düşmən gülləsindən şəhid olub.

11 fevral. Azərbaycan HHQ-yə məxsus helikopterin qəzaya uğrayaraq Xəzərə düşməsi nəticəsində ekipaj üzvləri – kapitan Əhmədov Yaşar Mail oğlu, baş leytenant Rüstəmov Rüstəm Gülhüseyn oğlu və leytenant Zeynalov Bəhruz Novruz oğlu həlak olublar. Onların meyidləri sudan çıxarılıb.

15 fevral. Naxçıvan MR-da yerləşən “N” saylı hərbi hissədə hərbi təlim zamanı müddətdən artıq xidmət edən hərbi qulluqçu Müşfiq Qəzənfər oğlu Bəylərovun idarə etdiyi tank xəndəyə düşərək aşıb. M.Bəylərov tankdan çıxmaq istəyərkən texnikanın altında qalaraq ölüb.

15 fevral. Sumqayıtda MN-in “N” saylı hərbi hissəsində xidmət edən Hüseynov Nicat Habil oğlu, bu il fevralın 11-də xidməti yerini özbaşına tərk edib. Fevralın 15-də isə onun meyiti Sumqayıt şəhəri ərazisindəki göldə tapılıb. İlkin ehtimala görə, əsgər intihar edib. Belə ki, onun məktubu tapılıb. Əsgər ölümündən əvvəl yazdığı məktubda sevdiyi qızdan bəhs edib. N.Hüseynov 2012ci ilin oktyabrında Samux rayonundan həqiqi hərbi xidmətə çağırılıb.

28 fevral. Qazax rayon N saylı hərbi hissədə 1990-cı il təfəlüdlü əsgər Allahverdiyev Seymur Mürvət oğlu postda olarkən tabeliyində olan avtomat silahdan atəş açaraq intihar edib. Əsgərin Göyçay rayonundan hərbi xidmətə çağrıldığı deyilir. Valideynləri bildirir ki, xidmətinin başa çatmasına bir ay qalmış hərbi hissədə döyülərək qətlə yetirilib.

3 mart. Tərtərdəki N saylı hərbi hissənin əsgəri, 1993-cü təvəllüdlü Mirzəzadə Orxan Ələmxan oğlu təhlükəsizlik qaydalarını pozaraq tabeliyindəki avtomat silahdan atəş açıb, aldığı güllə yarasından dünyasını dəyişib.

6 mart. Şəmkir hərbi birləşməsinin N saylı hərbi hissəsinin əsgəri Əliyev Elman Telman oğlu yüksək dağlıq şəraitində döyüş növbəsi çəkərkən qəflətən dünyasını dəyişib. Ölümün hansı səbəbdən baş verməsinin tibbi ekspertiza tərəfindən müəyyənləşdirildikdən sonra bu barədə ictimaiyyətə əlavə məlumat veriləcəyi bildirilib. E.Əliyev 2012-ci ilin aprelində Bakının Nərimanov rayonundan hərbi xidmətə çağırılıb.

10 mart. Şirvan şəhərindən hərbi xidmətə çağırılmış, Beyləqan rayonu N saylı hərbi hissənin əsgəri, 1994-cü il təvəllüdlü Əbilov Əli İlham oğlu Füzuli rayonu istiqamətində qoşunların təmas xəttində düşmən snayperindən açılan atəş nəticəsində başından aldığı güllədən şəhid olub.

13 mart. Culfa-Ordubad yolunda hərəkətdə olan, “N” saylı hərbi hissəyə məxsus yük maşınının aşması nəticəsində maşınının komandiri, 1986-cı il təvəllüdlü gizir Roman İslam oğlu Məmmədov hadisə yerində ölüb.

16 mart. DSX-nin Yevlaxdakı hərbi hissəsində əsgər Niftizadə Elvin Fikrət oğlu təzyiqinin kəskin surətdə düşməsi səbəbindən dünyasını dəyişib. E.Niftizadə 9 dekabr 1994-cü il tarixdə Cəlilabad rayonunun Şötüklü kəndində anadan olub. 2013-cü ilin yanvar ayında Cəlilabaddan hərbi xidmətə çağırılıb.

24 mart. Bakıda yerləşən XDMİ-nin helikopter meydanında əsgər 19 yaşlı Məmmədov Məmmədağa Novruz oğlu özünü asaraq intihar edib. O, Səbayıl rayonundan hərbi xidmətə çağırılıb.

24 mart. HDQ-nin Bakıda yerləşən N saylı hərbi hissəsinin matrosu Məmmədov Ruslan Tahir oğlunun tabeliyində olan avtomat silahdan açılan atəş matros Hümbətov Əhməd Binnət oğlunun qarın nahiyəsinə dəyib. Matros Hümbətov aldığı güllə yarasından həlak olub.

26 mart. Azərbaycan-Ermənistan qoşunlarının təmas xəttində baş vermiş atışma nəticəsində Azərbaycan ordusunun müddətdən artıq xidmət edən hərbi qulluqçusu Mehman Sadıqov düşmən gülləsinə tuş gələrək şəhid olub.

6 aprel. Tərtər rayonunda yerləşən N saylı hərbi hissənin əsgəri İmanov Elman Yaqub oğlu postda olarkən tabeliyində olan avtomat silahdan açılan atəş nəticəsində həlak olub.

8 mart. Qoşunların təmas xəttinin Ağdam rayonunun Kəngərli kəndi istiqamətində N saylı hərbi hissənin leytenantı 1988-ci il təvəllüdlü Məmmədov Şəhriyar Bayramqulu oğlu atəşkəsin pozulması nəticəsində şəhid olub.

12 aprel. DQ-nin Bakıda yerləşən “N” saylı hərbi hissəsində 2013-cü ilin aprel ayında Saatlı rayonundan hərbi xidmətə çağırılan, 1995-ci il təvəllüdlü Hüseynov Fərman Sarvan oğlu hərbi hissənin yataqxanasının 3-cü mərtəbəsindən yıxılıb. Nəticədə F.Hüseynov ağır vəziyyətdə hospitala yerləşdirilsə də, onu xilas etmək mümkün olmayıb. Qeyri-rəsmi məlumatlara görə əsgər darıxdığından intihar edib.

17 aprel. MN-in Biləsuvar rayonu ərazisindəki hərbi hissəsinin hərbi qulluqçusu, leytenant Rəşad Mənsimovun idarə etdiyi “Mercedes” markalı maşın yoldan çıxaraq aşıb. Nəticədə maşında olan sərnişin – gizir Kənan Ataş oğlu İsgəndərov hadisə yerində keçinib.

19 aprel. MN-in Naxçıvanda yerləşən N saylı hərbi hissəsinin əsgəri, 2012ci ilin aprel ayında Sədərək rayonundan hərbi xidmətə çağırılmış Şahverdiyev Rəfail Əli oğlunun ona təhkim edilmiş odlu silahdan atəş açması nəticəsində həmin hərbi hissənin tağım komandiri, baş leytenant Məmmədov Elşən Mübariz oğlu aldığı güllə yarasından hadisə yerində dünyasını dəyişib.

20 aprel. MN-in hərbi hissəsinin əsgəri, 1994-cü il təvəllüdlü, 2013-cü ilin yanvar ayında Gəncə şəhəri Kəpəz rayonundan hərbi xidmətə çağırılmış Quliyev Emin İlqar oğlu ona təhkim olunmuş avtomat silahdan açılan atəş nəticəsində vəfat edib.

23 aprel. Naximov küçəsində yerləşən mənzillərin birində kirayənişin yaşayan HDQ-nin müddətdən artıq xidmət keçən hərbi qulluqçusu, 1991-ci il təvəllüdlü İbrahim Rəcəb oğlu Qafarov özünü asaraq intihar edib. İlkin ehtimala görə, intihar hadisəsi ailə münaqişəsi zəminində baş verib.

25 aprel. MN-in Bakıda yerləşən “N” saylı hərbi hissəsinin əsgəri 19 yaşlı Xəyyam Asif oğlu Bayramov əsgər yoldaşı, 18 yaşlı Kamran Firdovsi Məmmədovu bıçaqlayıb. K.Məmmədov aldığı xəsarətdən dünyasını dəyişib. K.Məmmədov Göygöl rayonundan həqiqi hərbi xidmətə çağırılıb.

25 aprel. Aprelin 15-də ağır yanıq xəsarəti ilə MN-in Mərkəzi Hərbi Klinik Hospitalına yerləşdirilən əsgər Natiq Musazadə həkimlərin səyinə baxmayaraq dünyasını dəyişib. O, aprelin 14-də MN-in Tərtər rayonunda yerləşən N saylı hərbi hissəsinin qazanxanasında baş verən partlayış zamanı xəsarət almışdı.

2 may. Aprelin 26-da Bakıda hərbiçiyə məxsus yaşayış evində baş vermiş partlayış nəticəsində yaralanmış müddətdən artıq xidmət edən hərbi qulluqçusu, 24 yaşlı Seymur Əfəndi oğlu Rüstəmov dünyasını dəyişib. S.Rüstəmov Goranboy rayonundan həqiqi hərbi xidmətə çağırılıb.

3 may. İtkin düşmüş MN-in zabiti, polkovnik-leytenant Mehman Musayevin meyiti “Şəfa” stadionunun yaxınlığında qollarının damarları kəsilmiş vəziyyətdə aşkar edilib. İlkin ehtimala görə, o intihar edib. Lakin M.Musayevin qətlə yetirilməsi də istisna edilmir.

3 may. MN mətbuat xidmətinin rəhbəri, polkovnik Eldar Sabiroğlu bildirib ki, bu ilin 4 ayı ərzində Azərbaycanın 7 hərbçisi düşmən gülləsindən həlak olub (E.Sabiroğlunun bu açıqlamasına qədər 5 hərbçinin düşmən gülləsindən dünyasını dəyişdiyi bəlli idi. E.Sabiroğlunun əlavə etdiyi iki nəfərin adını əldə etmək mümkün olmayıb – “Doktrina” JHAM).

16 may. MN-in Şəmkir Hərbi Birləşməsinin Tovuz rayonunda yerləşən “N” saylı hərbi hissəsində əsgər, 1994-cü il təvəllüdlü Əlizadə Ramil Ətraf oğlu əlindəki avtomat silahdan açılan atəş nəticəsində dünyasını dəyişib. R.Əlizadə 2012-ci ilin aprelində Lənkəran rayonundan həqiqi hərbi xidmətə çağırılıb.

18 may. Quba rayonunda baş verən yol qəzasında DQ-in müddətdən artıq xidmət edən hərbi qulluqçuları Ayaz Bayramov, Rəşad Adıgözəlov, Seymur Əliyev, İsmiyev Elbəy Ədalət oğlu və Elmir İsmayılov aldıqları xəsarətdən hadisə yerindəcə dünyasını dəyişiblər.

23 may. MN-in Goranboyda yerləşən “N” saylı hərbi hissəsinin əsgəri Samir Əliyev silahı təmizləyərkən ehtiyatsızlıqdan atəş açılıb və güllə onun əsgər yoldaşı Toğrul Təyyar oğlu Abdullazadəyə dəyib. Uzun sürən müalicəyə baxmayaraq T.Abdullazadə hospitalda dünyasını dəyişib.

27 may. Tərtər istiqamətində Milli Ordunun əsgəri, 19 yaşlı Namiq Həmidov düşmən gülləsinə tuş gəlib. O, hospitala aparılarkən yolda dünyasını dəyişib. N.Həmidov Masallı rayonundan həqiqi hərbi xidmətə çağırılıb.

30 may. Şəmkir Hərbi Birləşməsinin N saylı hərbi hissəsində müddətdən artıq xidmət edən hərbi qulluqçusu Samir Vaqif oğlu Mehdiyev özünü asaraq intihar edib.

6 iyun. Bakının Qaradağ rayonu ərazisində MN-in “N” saylı hərbi hissəsinin müddətdən artıq xidmət edən hərbi qulluqçusu, 1988-ci il təvəllüdlü Tural Məhərrəm oğlu Bəşirov “VAZ-2106″ markalı maşın tərəfindən vurularaq dünyasını dəyişib. Yol qəzasında ölən hərbçinin məzuniyyətdə olduğu bildirilib.

6 iyun. Füzuli rayonunda yerləşən N saylı hərbi hissənin əsgəri Hüseynov Əli Hüseyn oğlunun tabeliyində olan avtomat silahdan açılan atəş nəticəsində əsgər Rəhimov Mirqasım Vüqar oğlu dünyasını dəyişib.

8 iyun. Azərbaycan Ali Hərbi Məktəbinin 3-cü kursunda təhsil alan 1993-cü il təvəllüdü Cavadzadə Kənan Şakir oğlu Silahlı Qüvvələrin Baş Klinik Hospitalında vəfat edib. Onun ölümünə son dərəcə ağır qiymətləndirilən və xroniki (bəd xassəli) hepatit, mədə bağırsaq qanaxması ilə fəsadlaşan xəstəlik səbəb olub.

13 iyun. MN-in “N” saylı hərbi hissəsinin giziri, 1991-ci il təvəllüdlü Abdullayev Elşən Möhübbət oğlu xərçəng xəstəliyindən müalicə olunduğu SQ Baş Klinik Hospitalında dünyasını dəyişib.

20 iyun. Şəmkir Hərbi Birləşməsinin Qazax rayonunda yerləşən “N ” saylı hərbi hissəsində əsgər, 19 yaşlı Səmədov Anar Salman oğlu elektrik cərəyanı vurması nəticəsində dünyasını dəyişib. A.Səmədov 2012-ci ildə Neftçala rayonundan hərbi xidmətə çağırılıb.

23 iyun. 2012-ci ilin oktyabr ayından Tovuz rayonunda yerləşən N saylı hərbi hissədə xidmət edən əsgər, 1994-cü il təvəllüdlü, Xətai rayonundan həqiqi hərbi xidmətə çağırılmış Tural Qasımov qan xərçəngindən müalicə aldığı Elmi Tədqiqat Hematologiya və Qanköçürmə İnstitutunda vəfat edib.

27 iyun. Lerik rayonu ərazisində yerləşən sərhəd zastavasında silahla davranış qaydalarının pozulması nəticəsində DSX-nın əsgəri Səmədov Xəzər Ağa oğlu dünyasını dəyişib. O, Füzuli rayonundan hərbi xidmətə çağırılıb.

3 iyul. FHN-in Təhlükəsizlik İdarəsinin baş zabiti Ruslan Quliyev evinə gedərkən mindiyi taksidə qəzaya uğrayıb. Taksi sürücüsü və onun sərnişini R.Quliyev hadisə yerindəcə keçinib.

15 iyul. Sumqayıtın “Yaşıl Dərə” bağlar massivində orada yaşayan, Qazaxda yerləşən hərbi hissələrdən birinin müddətdən artıq xidmət edən 1990-cı il təvəllüdlü Mehman Arif oğlu Abdullayev yeznəsi, 1981-ci il təvəllüdlü Şahin Natiq oğlu Əliyev tərəfindən bıçaqlanıb. Yaralı ağır vəziyyətdə xəstəxanaya çatdırılsa da, onu xilas etmək mümkün olmayıb.

19 iyul. Şəmkir-Gədəbəy yolunun 4-cü kilometrliyində, “Toyota” markalı minik avtomobili və “PAZ” markalı avtobusun toqquşması nəticəsində 1978-ci il təvəllüdlü kapitan Elxan Əliyev hadisə yerində ölüb.

20 iyul. MN-in Xocavənd rayonunda yerləşən “N” saylı hərbi hissədə əsgər, 1992-ci il təvəllüdlü Anar Bayram oğlu İbrahimov posta olarkən tabeliyindəki avtomat silahdan ehtiyatsızlıqdan atəş açılıb və güllə onun hərbçi yoldaşı, 1994-cü il təvəllüdlü əsgər Şamxal Vüqar oğlu Cəfərova dəyib. Nəticədə Ş.Cəfərov aldığı xəsarətdən hadisə yerindəcə keçinib.

29 iyul. MN-in cəbhə bölgəsində yerləşən “N” saylı hərbi hissəsində əsgər, 19 yaşlı Nəcəf Fazil oğlu Əliyev tabeliyindəki avtomat silahdan açılan atəş nəticəsində dünyasını dəyişib. N.Əliyev Gəncənin Kəpəz rayonundan həqiqi hərbi xidmətə çağırılıb.

29 iyul. Tərtər rayonunun Çaylı kəndi yaxınlığında N saylı hərbi hissənin giziri 1989-cu il təvəllüdlü Abdullayev Kainat Məhəmmədəli oğlu düşmən gülləsindən şəhid olub.

30 iyul. MN-in Bakı yaxınlığındakı “N” saylı hərbi hissənin əsgəri Məmmədov Cavid Samir oğlu göldə çimərkən boğularaq ölüb.

1 avqust. Şəmkir Hərbi Birləşməsinin Tovuz rayonunda yerləşən “N” saylı hərbi hissəsində 19 yaşlı əsgər Elşad Şahlar oğlu İsmayılov tabeliyində olan avtomat silahdan açılan atəş nəticəsində vəfat etdiyi bildirilir. Elşad İsmayılov Goranboy rayonundan hərbi xidmətə çağırılıb.

3 avqust. Şəmkir Hərbi Birləşməsinin Tovuz rayonunda yerləşən “N” saylı hərbi hissəsində əsgər, 1992-ci il təvəllüdlü, Lerik rayonundan hərbi xidmətə çağırılmış Bayramov Rövşən Mirkərim oğlu kəskin ürək çatışmazlığından dünyasını dəyişib.

20 avqust. MN-in “N” saylı hərbi hissəsinin zabiti, 1984-cü il təvəllüdlü baş leytenant Elçin Nazim oğlu Qədimov Zirə qəsəbəsi yaxınlığında balıq tutarkən dənizdə batıb.

26 avqust. Mingəçevirdə yerləşən “N” saylı hərbi hissənin əsgəri, 1993-cü il təvəllüdlü, 2013-cü ilin aprelində Bakının Xətai rayonundan həqiqi hərbi xidmətə çağırılan Tural Qazıyevin elektrik cərəyanı vurması nəticəsində həlak olduğu bildirilir.

26 avqust. Azərbaycan ordusunun leytenantı Musayev İlham Ramiz oğlu Mərkəzi Klinik Hospitalda dünyasını dəyişib. Leytenant bir ay əvvəl məzuniyyətdə olarkən Tovuz rayonunda baş verən avtomobil qəzasında ağır kəllə-beyin travması almışdı.

29 avqust. DSX-nin Göytəpə şəhərində yerləşən hərbi hissəsinin əsgəri Nofəl Məmmədov Nofəl oğlu naməlum səbəbdən özünü asaraq intihar edib. O, 1994-cü il, martın 23-də doğulub, 2012-ci ilin aprelində Goranboydan həqiqi hərbi xidmətə çağırılıb.

31 avqust. MN-in Ağcabədi rayon “N”saylı hərbi hissəsində əsgər Tural Zamanov leykoz xəstəliyindən dünyasını dəyişib.

3 sentyabr. Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin rəis müavini Ramiz Məmmədov dünyasını dəyişib. O, bir həftə əvvəl iş başında insult keçirib və təcilli olaraq xəstəxanaya yerləşdirilib.

5 sentyabr. DSX-nın Naxçıvanda yerləşən “N” saylı hərbi hissəsinin əsgəri, 25 yaşlı Savəddinov İmran Şöhrət oğlunun meyiti yük maşınında tapılıb. Ölümün səbəbləri hələlik məlum deyil. Qeyd edək ki, İ.Savəddinov Ağdaş rayonundan həqiqi hərbi xidmətə çağırılıb.

9 sentyabr. MN-in “N” saylı hərbi hissənin əsgəri Bəbişov Namiq Əlibala oğlu təhlükəsizlik qaydalarını pozaraq şəxsi ehtiyatsızlıq nəticəsində patronun gülləsinin partlaması ilə ağır xəsarət alıb və dünyasını dəyişib. Əsgər Yevlax rayonundan hərbi xidmətə çağırılıb.

13 sentyabr. Şəmkir Hərbi Birləşməsinin Tovuz rayonunda yerləşən “N” saylı hərbi hissəsində hərbi hissənin əsgəri, 1994-cü il təvəllüdlü Əsgərli Anar Dağıstan oğlu tabeliyində olan silahdan açılan atəş nəticəsində dünyasını dəyişib.

24 sentyabr. DQ Hospitalında hospitalın həkimi, kapitan Adil Quliyev xəstəlikdən vəfat edib.

1 oktyabr. Sentyabrın 19-da MN-in “N” saylı hərbi hissəsinin müddətdən artıq xidmət edən hərbi qulluqçusu Tural Vaqif oğlu Abdullayev Bakı-Quba yolunun Sumqayıt şəhərindən keçən hissəsində Elvin Mansurov və Vasif Həsənov tərəfindən döyülüb. Ağır bədən xəsarətləri alan T.Abdullayev MN-in hospitalına yerləşdirilib. T.Abdullayevin aldığı xəsarət ağır olduğundan onu xilas etmək mümkün olmayıb. Hadisəni törədən E.Mansurov və V.Həsənov saxlanılıb. Qeyd edək ki, T.Abdullayev Gədəbəy rayonundan hərbi xidmətə çağırılıb.

4 oktyabr. Gəncə şəhərində DQ-in müddətdən artıq hərbi xidmət hərbi qulluqçusu əsgəri, Ağdam rayonunda qeydiyyatda olan 1989-cu il təvəllüdlü Cəfərov Vüqar Süleyman oğlunun meyiti tapılıb. Meyit şəhərin Nərimanov prospektində yolun kənarındakı ağacda asılmış vəziyyətdə aşkarlanıb. Hərbçinin intihar etdiyi güman edilir.

7 oktyabr. MN-in Naxçıvandakı “N” saylı hərbi hissəsinə məxsus “Ural” markalı yük maşını dərəyə yuvarlanıb.Nəticədə sürücü, müddətdən artıq xidmət edən hərbi qulluqçu, 1974-cü il təvəllüdlü Məmməd Hüseyn oğlu Hüseynov yerindəcə keçinib.

13 oktyabr. Gədəbəy rayonundakı “N” saylı hərbi hissədə müddətdən artıq hərbi xidmətdə olan 1992-ci il təvəllüdlü Rəcəbov Murad Əkbər oğlu dünyasını dəyişib. Hərbçinin başında şiş olduğu, bu səbəbdən də öldüyü güman olunur.

17 oktyabr. Oktyabrın 7-də Kürdəmirdə “VAZ-2106″ ilə “KamAZ” markalı yük maşınının toqquşması nəticəsində xəsarət alan, MN-in “N” saylı hərbi hissəsinin giziri, 1978-ci il təvəllüdlü Umudov Elşad Müslüm oğlu müalicə olunduğu hospitalda vəfat edib.

26 oktyabr. Cəbhənin Tərtər istiqamətində Ermənistan silahlı birləşmələrinin atəşkəsi pozması nəticəsində ordumuzun giziri, 1990-cı il təvəllüdlü Aydın Əmirsultan oğlu Abdullayev düşmən gülləsinə tuş gəlib. Hərbçi başından aldığı güllə yarasından şəhid olub.

22 noyabr. DSX-nın rəis müavini, Şəxsi Heyət üzrə Baş İdarənin rəisi, general-mayor Məhəmməd Abbasquliyev infarkt nəticəsində dünyasını dəyişib. M.Abbasquliyev 14 fevral 1965-ci ildə Babək rayonunun Kəlboruc Dizə kəndində anadan olub.

1 dekabr. DSX-nın Lənkəran Sərhəd Dəstəsinin Lerik rayonu üzrə xidməti ərazisində silahlı insident, sərhəd naryadının, sərhəd pozucularının qarşısının alınması zamanı 37 yaşlı mayor Maqsud Nağıyev insident zamanı həlak olub.

11 dekabr. Cəbhə bölgəsində Azərbaycan Ordusunun əsgəri, 19 yaşlı Orxan Şirazi oğlu Alıyev səhər yuxudan ayılmayıb. İlkin məlumata görə, əsgər ürək çatışmazlığından ölüb. O.Alıyev Gədəbəy rayonundan həqiqi hərbi xidmətə çağırılıb./azerinfo/
2216 dəfə baxılıb
Loading ...
Nur-Az Xeber
30.11.16, 10:10