Şrift ölçüsü:
A+
A
A-
Kr
29 Mart 2016

Hökumətin məcburiyyətdən doğan etirafı

Xalq olaraq hansı nəticəni çıxarmalıyıq?

YAP hakimiyyətinin tərcümeyi-halı hamıya məlumdur. Bu hakimiyyət uzun illərdi xalqı və dünyanı aldatmaqla məşğuldu. Bu illər ərzində müxtəlif manevrlər həyata keçirilib və hakimiyyətdə qalmaq üçün bütün qanunsuzluqlara əl atılıb. Amma artıq zaman dəyişib və Azərbaycan həqiqətlərini dünya da, ölkə vətəndaşları da dəqiq bilir.

Yəni, ölkədə korrupsiyanın tüğyan etdiyi, insan hüquqlarının tapdandığı, ictimai-siyasi fəalların şərlənərək həbs olunduğu, seçkilərin saxtalaşdırıldığı, bütün sahələrin inhisara alındığı gün kimi aydındır. Üstəlik, ölkə vətəndaşları da analoqsuz inkişafın nağıl olduğunu, hakimiyyətin heç bir sahədə uğur əldə edə bilmədiyini və yüz milyardlarla neft pulunun mənimsənildiyini açıq şəkildə görür.


Indi həm dünyanın hakimiyyətə qarşı birmənalı mövqeyi formalaşıb, həm də ölkədə narazılıq artıb. Belə bir vəziyyətdə hökumət müəyyən addımlar atmağa, görüntü yaratmağa məcburdu. Novruz bayramında əfv sərəncamının verilməsi və 14 nəfər siyasi məhbusun azadlığa çıxması da müəyyən mənada geri çəkilmənin göstəricisidir.

Təbii ki, hökumət bir neçə məqamı nəzərə alaraq, bu addımı atdı.

Əvvəla, siyasi məhbusların bir hissəsinin azadlığa buraxılması Ilham Əliyevin ABŞ səfərinə körpü salmaq məqsədi daşıyırıdı. Yəni, ölkə başçısının ABŞ-da yaxşı qarşılanması, xoş sözlər eşitməsi, demokratiya mesajı verə bilməsi üçün siyasi məhbusların azadlığa buraxılması əsas şərt idi. Həm də Azərbaycan hakimiyyətinə qarşı əsas təzyiqlər məhz siyasi məhbulara görə olub və bu məsələyə görə hakimiyyət beynəlxalq tribunalardan tənqid atəşinə məruz qalır.

Ikincisi, belə bir addımın atılması maliyyə imkanlarının əldə edilməsi üçün idi. Bu gün hökumət borc axtarışına çıxıb və yüksək məbləğdə pulu yalnız Qərbdən almaq mümkündür. Qərbin isə bu məsəələdə öz standartları, tələbləri var. Yəni, hökumət “ağıllı olacam” mesajı verməklə, “konfet” almaq istəyir.

Üçüncüsü, əfv sərəncamı sanksiyaların tormozlanması üçün atılmış addım idi. Birmənalı şəkildə demək olar ki, ABŞ-da müzakirəyə çıxarılmış sanksiya məsələsi həddindən artıq sərtdir və bu qətnamənin qəbul olunması Azərbaycana qarşı təsirli “şillə” effekti verə bilər. Yəni, sanksiyaların tətbiqi hakimiyyəti dünyadan təcrid edə bilər və zəifləmiş imici daha da sarsıldar. Deməli, əfv sərəncamının bir səbəbi də sanksiyalardan yayınmaq məqsədi güdür.

Göründüyü kimi hakimiyyət irəli addım atmaq üçün də şərləyib həbs etdiyi insanlardan yararlanır. Yəni, hökumət zərbələrdən yayınmaq, sanksiyaları ləngitmək, dünyadan maliyyə yardımı ala bilmək, ümumiyyətlə dünyada hörmətlə qəbul olunmaq üçün siyasi məhbuslardan asılıdır. Bu gün hökumətin müxtəlif ittihamlarla həbsə atdığı adamlar, hətta dörd divar arxasında da ölkəyə xidmət etmiş olurlar. Hökumət bu adamları cinayətkar kimi təqdim edir, dünya isə bu adamların azadlığı müqabilində Azərbaycana şans verir. Yəni, hökumət komandası öz imicinə, nüfuzuna görə problemləri həll edə bilmir, siyasi məhbusları azad etməklə irəliyə addım atır. Deməli, bu adamlar dünya üçün daha etibarlı tərəfdaş və ölkə üçün daha yararlıdılar.

Eyni zamanda təsdiqləndi ki, ölkə daxilində əjdahaya çevrilmək, xalqa meydan oxumaq heç nəyi həll etmir. Neftin qiymətdən düşməsi kifayət etdi ki, ölkənin nə qədər ağır vəziyyətdə olduğu aşkar görünsün. Indi hökumətin dünənə qədər söydüyü Avropaya, ABŞ-a daha çox ehtiyacı var. Və dünya ilə münasibətləri istiləşdirmək üçün siyasi məhbusları vasitə kimi istifadə edir. Hansıki, bu adamları şərləyib həbsə atmasaydılar, ölkənin işıqlı insanlarını ləkələməsəydilər, vəziyyət belə də olmazdı. Indi hökumət öz qazdığı quyuya düşüb. Hökumət etiraf edir ki, bu admalar haqsız həbs olunub, bu adamlar vicdan məhbuslarıdır və s.

Amma yaranmış mənzərədən xalqın çıxaracağı dərslər də var. Belə ki, uzun illərdi bir qrup insan ədalətsizliyə, zülmə, talançılığa qarşı mübarizə aparır. Bir qrup insan ölkə həqiqətlərini dünyaya bəyan etdi, günahsız insanların həbs olunduğunu dünya miqyasına çıxardı. Bir qrup insan hökumətin təzyiqlərindən çəkinməyərək, yorulmadan mübarizə apardı. Nəticədə beynəlxalq aləm ölkədəki hüquqsuzluğa görə hakimiyyətdən demokratik öhədliklərə əməl etməyi tələb etdi, siyasi məhbuslar məsələsi prioritet oldu və hökumət müəyyən addımlar atmaq məcburiyyətində qaldı.

Amma ölkənin taleyi uğrunda bir qrup insan deyil, bütöv xalq mübarizəyə qoşulsa, daha böyük nəticələr əldə etmək olar. Xalq öz haqqını tələb etsə korrupsiya da, monopoliya da, ədalətsizlikdə, məmur özbaşınalığı da yox olar və dövlətin sərvətləri talan edilməz. Bugünə qədər qeyri-bərabər döyüşdə iştirak edib, səngəri boş qoymayanlar xalq olaraq dəstək verməliyik. Biz xalq olaraq var olduğumuzu sübuta yetirsək, heç bir qüvvə ölkəni cəhənnəmə çevirə bilməz. 14-15 nəfər siyasi məhbus kiçik həbsxanadan azad olub. Amma böyük həbsxanaya çevrilmiş ölkəmizi azad etmək üçün hamılıqla vətəndaş mövqeyi nümayiş etdirməliyik./azadlıq/
743 dəfə baxılıb
Loading ...
Nur-Az Xeber
07.12.16, 10:54
Hətta bir yuxusuz gecə...
06.12.16, 23:39