Şrift ölçüsü:
A+
A
A-
Kr
29 Mart 2016

Proqnozlar ölkəsi - yeni durum

Siyasi dustaqların hamısını yavaş-yavaş, müxtəlif üsullarla azadlığa buraxmağa başlayıblar, adam o qədər sevinir, lap başımızı itirmişik. Bizim ölkədə onsuz da orta hədd yoxdur, ya sevincdən, ya kədərdən mütləq başını itirməlisən.

Prinsipcə, başsız yaşamaq daha rahat olur - baş ağrısı, diş ağrısı, yalan danışmaq, görüb susmaq, eşidib görməzliyə vurmaq və sairə belə xroniki xəstəliklərdən canın qurtarır. El müdrikliyimiz olan “başını aşağı sal, işini gör” cümləsi də elə başı hardasa aşağılara salıb, itirib rahat olmağın yaratdığı ictimai situasiyanın təsviridir. Mənim belə fəlsəfi düşüncələrim çoxdur, başım xarab olmasa hamısını uca millətimizə bəyan edəcəyəm. Bilik paylaşdıqca artırmış. Fikir - adamı minir. Birini gör fikir eylə, birini gör şükür eylə. Yüz fikir bir borcu ödəmir. Oxuyub alim olacaqsan, gözünü xarab eləmə!?

Dünən də vəkil İntiqam Əliyev şərti cəza ilə azadlığa buraxıldı, çox sevindik. Görkəmli Azərbaycan ziyalısı olan İntiqam bəyin azadlığı xəbəri hazırda azadlıq hücrəmiz kimi qalan sosial şəbəkələrdə ildırım sürəti ilə yayılırdı, hər kəs bunu başqalarına çatdırmaq istəyirdi. Mən isə bir müşahidəmi bölüşmək istərdim.

Yuxarıda yazdığım kimi, hökumət siyasi dustaqları fərqli üsullarla zindana saldığı üçün fərqli üsullarla da buraxır. İşdə bir rəngarənlik vardır, boz həyatımızı rövnəqləndirirlər. Örnək üçün, bir müxalifətçini nəşə ilə şərləyib tutmuşdularsa, başqasını “Molotov katleti”nə (Səyavuş Novruzovun ixtira elədiyi yandırıcı maddə növüdür) bulaşdırıb damlamışdılar. İndi azadlığa çıxmaq üçün də fərqli metodlar seçilir. Bəziləri əfvlə, bəziləri məhkəmə qərarıyla buraxılır. İntiqam Əliyevin azadlığı isə ümumiyyətlə unikal üsulla oldu: onun haqqındakı məhkəmə qərarından birbaşa Zakir müəllim - baş prokuror şikayət eləmişdi! Zakir müəllim Ali Məhkəməyə yazmışdı ki, məhkəmənin İntiqam müəllim haqda qərarı çox ağırdır, görün bunu azalda bilərsinizmi. Protest vermişdi! Təsəvvür edirsinizmi? Baş prokuror adamlara ağır cəza verilməsindən şikayətlənir. (Bir-iki belə protest çıxsa, mənim ağzım əyiləcək).

Ta deyən yoxdur ki, qardaş, bunun dövlət ittihamçısı elə sənin prokurorların idilər, nə üçün bu kişiyə iki ildir əzab verib türmədə saxlayırdınız, niyə tutmuşdunuz ümumiyyətlə? Əlbəttə, baş prokuror verən azadlığın dişinə baxmazlar, buna da şükür. Guya İntiqam bəyi şaqqalayıb İçərişəhər darvazalarından assaydılar, neyləyə bilərdik? Odur, Sumqayıt polisi bir gənci mitili çıxana qədər döyüb, boynuna ölüm işini qoymaq istəyirmişlər, axırda başqasının boynuna qoyub bunu buraxıblar, gəncin dəhşət dolu intervüsü neçə gündür internetdə dolaşır - kimin vecinədir? Heç kimin. Uca millətimizdən soruşsan hələ buna da ata sözü hazırdır: “Günah həmişə öləndə olur, təqsiri olmasa döyməzdilər”.

Mən əfv fərmanı zamanı müstəqilliyimizin azalmasından narahatlığımı hörmətli oxuculara çatdırmışdım. İndi İntiqam Əliyevin azadlığa çıxması prosesində isə başqa bir mənfi, destruktiv halı müşahidə eləmişəm, istəyirəm sizinlə bölüşüm, birgə narahat olaq. Tək mənim borcum deyil, zəhmət çəkin hamınız fikirləşin.

Demək, Azərbaycanın dünyada analoqu olmayan siyasətinin önəmli cəhətlərindən biri nə idi? Ay sağ olasan: proqnozların mümkünsüzlüyü! Heç kim deyə bilməzdi Azərbaycan hakimiyyəti beş dəqiqə sonra hansı qərarı verəcək. Kimi tutacaqlar, kimi buraxacaqlar. Avropaya tərəf gedəcəyik, yoxsa İrana tərəf. Qatıq dövlət fərmanı ilə qara elan ediləcək, yoxsa tarixi narıncı rəngində qalacaq. Elə bu gözlənilməzlik də iqtidarın əsas silahı idi! Hamını öz qərarları ilə çaşbaş qoyurdular, bilmirdin bu nə ölkədir, sabah başımıza nə gələcək. İntiqam bəyin azadlığını isə bir həftə qabaqdan - Qaralov protest verəndən hamı bilirdi. Hər cür burnu fırtıqlı, aşırma şalvarlı uşaq-muşaq internetdə, sosial şəbəkədə yazırdı ki, inşallah, sabaha-birigünə İntiqam müəllim azadlığa çıxır. Bu da çıxdı.

Z.Hacı/musavat
808 dəfə baxılıb
Loading ...
Nur-Az Xeber