Şrift ölçüsü:
A+
A
A-
Kr
31 Mart 2016

“Bizim köhnə məhləmiz…”

Son günlərini yaşayan «Sovetski»yə rekviyev əvəzi

Bakının köhnə məhəllələri nə deməkdir, bilirsinizmi? Bu məhəllələr qürbətdən Vətənə dönərkən keçirdiyin hiss-həyəcanı yaşadır sənə… Yurd sənə qucaq açan kimi, səni bağrına basan kimi, köhnə Bakı üçün qəribsəyəndə də bu məhəllələr səni qoynuna alır, sənə qəribçiliyi unutdurur.

Indi isə onun sənə ehtiyacı var; yad və qaba əllərdə qalıb o məhəllələr… Imdad diləyir, dadına çata bilmirsən?! Gözünün önündə yox edilir, onu qurtara bilmirsən?!


…Ey yad və qaba əllərin sahibi! O məhəllələrdən qisas alırsan, bilirik. Indi ixtiyar sənindir və fürsət düşmüşkən daşı daş üstə qoymursan… Bir zamanlar bu məhəllələr sənə ürək qızdırmadığı üçün indi haqq-hesab çəkirsən, görürük. Əvvəl qurucu kimi işə başladın, “kimsə evindən zorla çıxarılmayacaq” dedin, indi sakinini “qolundan tutub bayıra atmaqla” hədələyirsən… Vaxt daralır, sən isə bu işi nəyin bahasına olursa olsun bitirməlisən. Anlayırıq, bu iş sənin qürur məsələndir, gözlərin ayaqlarının altını belə görmür…

***

Daha divarlarından köhnə Bakının qoxusu gələn evlər görünməyəcək burda. Ağacların kölgəsində əyləşən bakılı babaların duzlu-məzəli söhbətləri də eşidilməyəcək. Qosqoca ağacların da ömrü sona yetəcək burda… Əvvəl tarixi binalara toxunulmayacağı da deyilirdisə, sıra onlara da gələcək. Bütün məhəllələr yer üzündən silinəcək… Tarix bitəcək! Bakı mətbəxinin ənənəvi yeməklərindən düşbərə-qutabın, küftəbozbaşın… qoxusu da çəkiləcək buralardan… Yaşam bitəcək burda!

***

O gün “Sovetski”ni ziyarətə çıxdıq. Uzun-uzadı seyr etdik. Daha küçələrin əvvəli-axırı yoxdur burda. Böyük bir boşluqda hiss edirsən özünü. Istinad edəcəyin əlamət qalmayıb. Hara gedəcəyini, nə axtaracağını bilmirsən. Elə bil fəzada çəkisiz haldasan…

Mirzağa Əliyev küçəsində olduğumuzu isə hələlik toxunulmaz qalan iki memarlıq binasından bildik: iki məşhur azərbaycanlı – Abbas Mirzə Şərifzadə və Osman Mirzəyevin vaxtilə yaşadıqları evlər. Bu binalar haqqında əvvəlki yazılarımızda da bəhs etdiyimiz üçün itirdiyimiz dəyərli əşyanı tapmış kimi onları yenidən görməyimizə şad olduq. Amma orta yaşlı bir kişi bunların da söküləcəyini deyincə, üzüldük. Bu məhəllələrin sakini olan həmin kişi çox qəzəbli idi: “Buranı sökənlər tarix nə bilir, memarlıq nə bilir?!”, – dedi. Əlavə etdi ki, bunu edənlər azərbaycanlı deyil, bizdən deyil, bunlar yad bir tayfanın ünsürləridir…

“Sovetski”nin son durumuyla bağlı onu da deyək ki, hazırda ərazi sökülmüş evlərin qalıqlarından təmizlənir. Köçən və ya köçməyə hazırlaşan sakinlərə rast gəlinmir. Dörd küçədə (Balababa Məcidov, Mirzağa Əliyev, Mirzə Fətəli Axundov, Nəriman Nərimanov) isə əsaslı yol-tikinti işləri aparılır. Üç aydır gedən bu tikintini gələn ilin əvvəlində qurtarmaq nəzərdə tutulur. Bunu elə həmin işləri aparan şirkətin məlumat lövhəsindən öyrəndik./azadliq/
754 dəfə baxılıb
Loading ...
Nur-Az Xeber