Şrift ölçüsü:
A+
A
A-
Kr
21 Dekabr 2013

Asanlaşmış repressiya

Azərbaycanda jurnalistikanın əcaib formalarından biri var, diqqətli oxucular görmüş olarlar. Özündən nəsə uydurursan, sonra buna istinadla yazılar verirsən, şərhlər alırsan və sairə. Axırda hamının yadından çıxır ki, söhbətin kökü yalan idi.

Bunun insanlara təsir baxımından daha pis forması isə hakimiyyətin əlindədir. Sadəcə, onlar yazı yazmırlar, sözlə yox, əməllə məşğuldurlar. O üzdən insanlar bu uydurmaçılıqdan böyük əziyyət çəkirlər.

Tipik örnək “ASAN-xidmət” adlı şax-şax oyuncağının yaradılmasıdır. Bunu çox adamların əlinə verib oynadıblar. Vəziyyət elə bir həddə gəlib çatıb ki, bu karikatur dövlət idarəsi hətta Azərbaycanda insan hüquqlarının qorunması yönündə örnək kimi sırıdılmağa başlayıb!
10 dekabr beynəlxalq insan haqları günündə deputatxana komitə sədri Əli Hüseynli elə bu cür də demişdi: “Azərbaycanda ASAN-xidmətin yaradılması insan hüquqlarının təmin edilməsi istiqamətində atılan addımlardan ən bariz nümunədir”. Bir-iki gün qabaq isə prezident administrasiyasının hüquq müdiri Fuad Ələsgərov təxminən eyni ifadəni işlədib.
Əgər hansısa sürücülük vəsiqəsinin surətini 5-10 dəqiqə tez almaq imkanı verilirsə, bununla guya insan hüquqları qorunur? Çox əcaib məntiqdir. Eyni məntiqlə, başı ağrıyan adama qarın ağrısı dərmanı verib “sağaltmaq” olar.

Ölkədə son informasiyaya görə azı 150 nəfər siyasi məhbus var. “Son informasiya” ifadəsini ona görə yazdım ki, siyasi məhbusların siyahısı hər gün təzələnir. Respublikanın Lənkəran, Bakı, Şəki, Gəncə, Naxçıvan kimi ən fərqli bölgələrində siyasi məhkəmə prosesləri keçirilir, repressiya bütün ərazini əhatə edib. Bu cür vəziyyətdə ASAN-xidmətdən dəm vurmaq, yumşaq yazsam, ayıbdır.

Hərçənd, indi insanları şərləmək, zindana salmaq, yalan danışmaq, yaltaqlıq və həyasızlıq eləmək asanlaşıbdır, bu anlamda “asan-xidmət” ifadəsindən yararlanmaq düzgün olardı. Yapokratiya repressiyanın asan yolunu - neft puluna söykənən zorakılığı seçibdir.
Azərbaycanın ən ləyaqətli oğullarından birini - QHT fəalı Anar Məmmədlini artıq neçə gündür həbsdə saxlayırlar. Baş prokurorluğun, hökumətin başqa saxtakarlıq idarələrinin məsələ ilə bağlı açıqlamaları tam biabırçılıqdır. Məsələn, deyirlər vergidən yayınma olub, ancaq Vergilər Nazirliyindən açıqlama var idi ki, Anar Məmmədlinin fəaliyyətini yoxlamayıblar. Bəs prokurorluq hansı idarəyə əsaslanıb? Bəlkə ASAN-xidmətə? Nə biləsən... Ola bilər bu idarə asudə vaxtlarında həm də vergi yoxlaması ilə məşğul olur.
Sifarişlə deyilmi? Pulunu ver, eskort-xidməti gəlsin, hər cür qulluq eləsinlər. İstəsən “səhərəcən sənə mehman olsunlar”. İstəsən sənin üçün lap göbək rəqsi oynasınlar.
Doğrudan, maraqlı gəldi, görəsən asan-rəqs xidməti də varmı? Ölkəmizdə insan hüquqlarının qorunması baxımından rəqslər də vacibdir. “Çal oynasın, Əjdər əmi, Hellayı çal, hellayı” mərhələsindəyik, maşallah! Çətini birinci dəfədir, sonra adam heç utanıb eləmirmiş. O cümlədən, ölkələr və millətlər üçün siftə ağır olur. Ardı rahat gedir. Bəzən mexanizmləri yağlamağa da ehtiyac olmur. Bizdə “yağı özündən”, sürtkü yağları, mazutu-nefti bol proseslərdir.

Yeri gəlmişkən, vazelinin də neftdən alındığını bilirdinizmi? Bilmirdinizsə oxuyun, bilməyənlərə də deyin.

Hələ bunlar neftin yaratdığı insan hüquqları idi. Cah-cəlalımızın gəlhagəli qaz sazişləri ilə davam edəcəkdir. Qarşıdan gələn illərdə qazlı insan hüquqları, QAZAN-xidmətlər yaradılacaqdır. JEK-dən yaşayış yeri haqda arayış almağın qiyməti 5 manata düşəcəkdir!
Gərək təcili olaraq hansısa sənədimi itirib gedim ASAN-xidmətə, təzəsini almağa kömək eləsinlər. Yoxsa lap biabırçılıqdır: 1 ildir vətəndaşlara insan hüquqları paylayırlar, mən isə payımı almamışam. Sonra insan hüququ payımın saxlama müddəti keçəcək, xarab olacaq...

Bu da mənim sevgili xalqa, uca millətə YAZAN-xidmətim olsun.

Zamin Hacı
1774 dəfə baxılıb
Loading ...
Nur-Az Xeber
07.12.16, 10:54
Hətta bir yuxusuz gecə...
06.12.16, 11:00
Mosulda uğurlu əməliyyat
06.12.16, 09:10
40 dərdin dərmanı
06.12.16, 07:05