Şrift ölçüsü:
A+
A
A-
Kr
21 Dekabr 2013

Yeni ili qeyd edəkmi

Mətbuatda və sosial şəbəkələrdə yeni ilin qeyd olunub, olunmaması ilə bağlı müzakirələr başlayıb. Və təəssüflər olsun ki, hər dəfə olduğu kimi bu dəfə də mövzu mübahisəyə, qarşılıqlı ittihamlara və yanlış məlumatların yayılması ilə müşahidə olunur. Məsələ burasındadır ki, bu il dekabrın 31-i İslam təqvimi olan Hicri-qəməri təqvimlə Səfər ayının 28-nə təsadüf edir. Həmin təqvimdə isə İslam Peyğəmbəri Həzrət Məhəmməd (s.ə.s) və onun nəvəsi İkinci İmam Həsənin (ə) dünyadan köçüb.

Doğrudur, İslam aləmində Həzrət Hüseynin (ə) şəhid edildiyi Aşura günündən başqa digər müqəddəslərin vəfat günləri geniş şəkildə matəm mərasimləri ilə müşayiət olunmur. Ancaq həmin günləri məscidlərdə əza məclisləri təşkil olunur, dünyadan köçən şəxsiyyətlər anılır. Ancaq bu il iki böyük İslam müqəddəsinin vəfatının 31 dekabra təsadüf etməsi məsələni necə deyərlər qəlizləşdirib. Dindarların 31 dekabrı bayram etməmək çağırışına cavab olaraq bir çoxları bu günün başqa bir peyğəmbərin - Həzrət İsanın mövlud günü olduğunu qeyd edirlər. Ümumiyyətlə, son illərdə Azərbaycanda 31 dekabr yeni il şənliklərinin Azərbaycanda qeyd olunub-olunmaması ilə bağlı diskussiyalar mövcuddur. Bunu nəzərə alaraq bəzi xüsusi məqamları qeyd etmək yerinə düşər.
Əvvəlcə ondan başlayaq ki, 31 dekabrın Həzrət İsanın doğum günü ilə heç bir əlaqəsi yoxdur. Çünki xristianların peyğəmbərinin doğum tarixi dəqiq bilinməsə də, xristian rəvayətlərinə əsas İsa əleyhissalamın doğum günü iki təqvimdə qeyd olunur. Katolik xristianlar milad (mövlud) adlandırılan günü hər il dekabrın 25-də qeyd edirlər. Xristianlığın ikinci böyük təriqəti hesab olunan Pravoslavlıqda isə Həzrət İsanın doğum günü yanvarın 6-7-də qeyd olunur. Yəni faktiki olaraq 31 dekabr Həzrət İsanın mövlud günü deyil. Bu təqvim 16-cı əsrdə meydana çıxmış Qriqori təqviminə əsasən ilin son günüdür.

Qeyd edək ki, 20-ci əsrdə 31 dekabrın dünyada ilin yenilənməsi hadisəsi kimi geniş şəkildə qeyd olunmağa başlayıb. Maraqlıdır ki, SSRİ kimi ateist dövlətlərdə bu bayram daha böyük təmtəraqla qeyd olunub. Bu da 31 dekabrın heç bir dini anlamının olmaması, sadəcə təqvim dəyişikliyi hadisəsi olması ilə izah olunur. Görünür, Azərbaycanda da bu günün qeyd olunmaması sovet ənənələrinə əsaslanır. Yeri gəlmişkən, müsəlman ölkələrində 31 dekabr çox da geniş yayılmayıb.

Bəs müsəlmanlar üçün bu bayramların əhəmiyyəti nədədir? Müsəlmanlar milad bayramını və ya deyildiyi kimi 31 dekabrın qeyd etməlidirlərmi? Məsələ ondadır ki, İslam dininə görə, Quranda adı keçən və tək Allahlığı təbliğ edən bütün peyğəmbərlər, o cümlədən Həzrət İsa müqəddəsdir. Quran Kərimdə 18 yerdə Həzrət İsanın adı keçir. Bu mənada İsa (ə) həm də müsəlmanların peyğəmbəridir və İslam alimlərinə görə, dinin vacib qaydalarından kənara çıxmamaq şərtilə Həzrət İsanın mövludunu, miladı qeyd etmək olar. O cümlədən 31 dekabr təqvim dəyişikliyi adlandırılan bayramı qeyd etməklə bağlı dində xüsusi qadağa yoxdur, təbii ki, İslamın əsas şərtlərinə riayət etməklə. Ancaq aydın məsələdir ki, dindar müsəlmanlar üçün əsas bayramlar İslamda adı keçən, dini bayramlardır.
Yeri gəlmişkən, Azərbaycanda rəsmi şəkildə qeyd olunan yeni il bayramı artıq 6 ildir ki, yerli dindarlar tərəfindən qeyd olunmur. Çünki 2007-ci ildən etibarən 31 dekabr İmam Hüseynin (ə) şəhid olduğu məhərrəm ayına təsadüf etdiyi üçün dindar müsəlmanlar iki ay - Məhərrəm və Səfər aylarını ənənəvi şəkildə əzadarlıq günləri kimi qeyd edirlər.

Kənan Rövşənoğlu/musavat
1767 dəfə baxılıb
Loading ...
Nur-Az Xeber