Şrift ölçüsü:
A+
A
A-
Kr
01 Aprel 2016

Eldar Sabiroğludan deputata sərt cavab: "Bu hərəkəti qudurğanlıqdır!"

“Dövlətə, millətə məxsus olan elə yüksək dəyərlər var ki, ona toxunmaq olmaz. Araz Əlizadənin dövlət himnimizi təhqir etməsini bu mənada ağıla yerləşdirmək sadəcə mümkün deyil. Hansı arxayınçılıq və cəsarət onu bu cür davranışa təhrik edib?!”

Bunu Müdafiə Nazirliyinin mətbuat xidmətinin sabiq rəisi Eldar Sabiroğlu deputat Araz Əlizadənin dövlət himnimiz haqqında söylədiyi fikirlərə münasibət bildirərkən deyib.

E.Sabiroğlu bildirib ki, Araz Əlizadə bu addımı ilə milli heysiyyatımıza toxunub: “Ona gorə də üslubuma tərs mütənasib olan bir tərzdə cavab vermək məcburiyyətindəyəm. O, buna layiqdir, belə birisi ilə mədəni danışmağı məqbul hesab etmirəm. Dövlət Himnimizi məsxərəyə çevirməklə Əlizadə hansı təfəkkürə malik olduğunu, nə ilə nəfəs aldığını açıqca ortaya qoyur. Fikrimcə, beləsini bağışlamaq elə onun özü kimi düşünməyə bərabərdir. Milli Məclis hökmən münasibətini sərgiləməli və sifətinə tərs şapalağını vurmalıdır. Dünya mədəniyyət tarixinə əvəzsiz töhfələr verən, Azərbaycanın milli fəxri sayılan Üzeyir Hacıbəyov kimi dahi şəxsiyyətimizə bu cür qiymət verməyə Araz Əlizadənin nə haqqı, nə də mənəvi ixtiyarı catır. Bu adamın kafası Şimali Azərbaycanın milli kodları ilə uyuşmur. Dəfələrlə iyrənc baxışları ilə diqqət çəkən Araz Əlizadənin, ciddi təpkilərlə qarşılaşmadığına görə, ayağı daha möhkəm yer alıb. Artıq o həddə çatıb ki, dövlət himnimizi təhqir etməkdən çəkinmir. Ağır səslənsə də deməliyəm ki, bu hərəkət qudurğanlıqdır. Beləsinin parlamentə buraxılması acı təəssüf doğurur. “Seçildiyi” ərazidə yaşayan vətəndaşların mövqe nümayiş etdirməsi gərəkdir. “Deputatları” dövlətin yüksək məqamında əyləşsə də, müqəddəs atributlarına rişxəndlə yanaşır. Himnimizə mədəniyyətsiz və məsuliyyətsiz yanaşan bu kəsin, heç şübhəsiz ki, dövlət bayrağına münasibəti də elə eyni cürdür.

Ölkə ictimaiyyəti onun bu saymazyana murdarlığına öz kəskin münasibətini bildirməli, mətbuat da öz növbəsində ona öz yerini göstərməlidir. Azərbaycan vətəndaşları parlamentə müraciətlər göndərməlidirlər. Araz Əlizadə başa salınmalıdır ki, o, başqa bir ölkənin deputatı deyil. Üzeyir Hacıbəyov əsrlərlə Azərbaycan xalqının ürəyində yaşayacaq. Bəzilərinin üstünü isə tarixin arxivindəcə toz-torpaq basacaq, üzərlərindəki kol-kosu təmizləmək mümkün olmayacaq…”

Xatırladaq ki, Sosial Demokrat Partiyasının sədri, millət vəkili Araz Əlizadə dahi Üzeyir Hacıbəyovun himnimizi mərsiyə kimi yazdığını söyləyərək, deyib: “Azərbaycan Demokratik Respublikasının baniləri tələm-tələsikdə musiqiyə sözlər uyğunlaşdırdılar. Dünyada yeganə ölkəyik ki, bizim himnimiz minordur. Bütün dünyada himnlər majordadır. Yəni majorda olan himnlər ruh yüksəkliyi gətirir. Bizim himnə qulaq asanda adam istəyir əlinə dəsmal alıb ağlasın”./moderator/
580 dəfə baxılıb
Loading ...
Nur-Az Xeber