Şrift ölçüsü:
A+
A
A-
Kr
03 Aprel 2016

Bakının mərkəzində "Suriya"… - FOTOLAR

Burada insanın həyatı hər an təhlükədədir. Plansız və istifadəyə yararsız kommunal xətlər, üfunət qoxulu ensiz dəhlizlər… Bu dəhlizdə hətta üz-üzə yerləşən tualetlə mətbəxi görə bilərsiniz. Söhbət məcburi köç-    künlərin məskunlaşdıqları qəzalı vəziyyətdə olan tələbə yataqxanalarından gedir. Həmin yataqxanalar Azərbaycan Texniki Universitetinə və Azərbaycan Memarlıq və İnşaat Universitetinə məxsusdur.
 
Burada məskunlaşanlar əsasən Dağlıq Qarabağın ətraf rayonlarının-Füzuli, Cəbrayıl, Zəngilan, Ağdam və Qubadlı sakinləridirlər.
 
20 ildir ki, yararsız vəziyyətdə olan yataqxanada məskunlaşan köçkünlər bizimlə söhbətində bildirdilər ki, yeni mənzilin verilməsi adı ilə dəfələrlə onları qeydiyyatı aparılıb. Amma mənzil şəraitinin yaxşılaşdırılması ilə bağlı gözləntiləri özünü doğrultmur.
 
Qaçqın və Məcburi Köç- künlərlə iş üzrə Dövlət Komitəsinin nümayəndələri ilə görüşlər və müraciətlərdən sonra yataqxanada müəyyən kosmetik işlər görülüb. Tualetdə və mətbəxdə su xətlərinin krantı dəyişdirilib, eləcə də pilləkənlərdə rənglənmə işləri həyata keçirilib. Bununla belə qəza təhlükəsi sovuşmayıb. Plansız və istifadəyə yararsız işıq və su xətlərində problem qalmaqdadır. 
"Bizim ailə yataqxanaya köçəndə mən hələ məktəbə getmirdim. İllər keçdi, məktəbi bitirdim, amma 5 nəfərdən ibarət olan ailəmiz  hələ də darısqal bir otaqlı evdə yaşayır. Yayda vəziyyət daha acınacaqlı olur. Üfunətli qoxudan və istidən nəfəs almaq mümkün olmur. Evdən kənarda olanda "köçkünlərin yaşadığı yataqxana yanıb" xəbərini eşidəndə çox narahat oluram. Bir neçə dəfə də yanğın hadisəsi baş verib deyə təlaş içində anama zəng edirəm. Dəfələrlə burada uçqunlar da olub"-deyə Füzuli rayonundan məcburi köçkün 24 yaşlı Elnur Əliyev bildirir. O, işsizlikdən əziyyət çəkdiyini dedi. 
 
Burada məskunlaşan məcburi köçkünlərin bəziləri elə yataqxananın həyətində ticarətlə məşğul olurlar. Hamı bir-biri ilə alış-veriş edir. Sakinlər bildirirlər ki, məcburi köçkünlərin təkcə mənzil deyil, həm də işsizlik problemi mövcuddur. Amma hazırda onlar üçün əsas məsələ mənzilin şəraitinin yaxşılaşdırılmasıdır.  
 
Bizimlə söhbətində məcburi köçkünlərin yaşadıqları şəraitə görə narahat olduqlarını və utandıqlarını hiss etmək çətin deyildi. Onlar danışmaqdan çəkinirdilər. Şəkillərini çəkməyimizi istəmirdilər. Amma azyaşlı uşaqlar böyüklərin şəklini çəkdiyimizi zənn edərək qaçaraq gəlib "bizim də şəklimizi çəkin" dedilər.
 
Yataqxana sakinlərinin problem və gözləntiləri ilə bağlı Qaçqın və Məcburi Köçkünlərlə iş üzrə Dövlət Komitəsinə sorğu göndərdik. Bizim də bu qurumdan gözləntimiz var. Çünki hələ də sorğumuza cavab ala bilməmişik.

 
 
 
 
 
/Bizimyol/
803 dəfə baxılıb
Loading ...
Nur-Az Xeber
06.12.16, 11:00
Mosulda uğurlu əməliyyat
06.12.16, 09:10
40 dərdin dərmanı