Şrift ölçüsü:
A+
A
A-
Kr
07 Aprel 2016

Adı korrupsiyada hallanan baş nazir istefa verirsə…

Korrupsiya çempionu olan hökumətimiz nə etməlidir?

Uzun illərdi insanların beyninə çürük təbliğat yeridilir. “hökumətlə hökumətlik eləmək olmaz”, “bunlar yeyib doyublar”, “rüşvət bizim qanımızdadır” kimi “ümummilli” arqumentlər hökumətin mətbəxində hazırlanıb və cəmiyyətə paylanıb. Bu şüarlar cəmiyyətin özünəinamını öldürmək, insanların ölkədə baş verənlərə biganə qalmasını təmin etmək üçündür. Məhz belə zərərli təbliğatın nəticəsidir ki, insanlar seçim haqqının oğurlanmasına, dövlətin sərvətlərinin talan edilməsinə, bir qrup insanın ölkəni ata malı kimi bölüşdürməsinə səssiz qalıb.

“Korrupsiya hər yerdə var” arqumenti də hökumətin cəmiyyətə yönləndirdiyi şüardı. Amma müasir dünyada gördüklərimiz bunu deməyə əsas verir ki, normal ölkələrdə korrupsiyaya qarşı ciddi mübarizə gedir və korrupsionerlər sığortalana bilmir. Dəfələrlə şahidi olmuşuq ki, müxtəlif Avropa ölkələrində korrupsiyada, vəzifə səlahiyyətlərini aşmaqda ittiham edilən vəzifəlilər ya həbs olunub, ya da istefa verib.


Bugünlərdə bunun bir daha şahidi olduq. Belə ki, Islandiyanın baş naziri Sigmundur David Gunnlaugsson vəsaitlərini ofşor şirkətdə gizlətdiyinə görə, ittihamlar fonunda istefa verdi. Bir gün əvvəl Islandiya parlamenti qarşısında baş nazirə qarşı izdihamlı etiraz aksiyası keçirildi, müxalifət isə baş naziri etimadsızlıq rəyi bildirməklə hədələdi. Çərşənbə axşamı Gunnlaugsson ölkə prezidenti Olafur Ragnar Grimsson-dan bu qalmaqalla bağlı ölkə parlamentinin buraxılmasını xahiş edib.

Amma Azərbyacanda vəziyyət tamam fərqlidir. Bizim ölkəmizdə korrupsiyada adı hallananalar, çirkli pullarla rəqs edənlər ən yüksək vəzifələrə təyin olunur, ən yüksək orden-medallara layiq görülür və xalqa təmizlik, şəffaflıq dərsi keçirlər.

Bildiyiniz kimi bugünə qədər hakim ailədən tutmuş, nazirlər, komitə sədrləri, icra başçılarına qədər müxtəlif ranqlı şəxslər barəsində korrupsiya faktları ortaya çıxıb, ciddi ittihamlar səsləndirilib. Amma heç vaxt bu ittihamlar təkzib edilməyib, bununla bağlı cəmiyyətə izahat verilməyib və heç kim məsuliyyətə cəlb olunmayıb. Hakim ailəyə məxsus Dubay mülkləri, Çovdar qızıl yataqları, banklar, ölkə xaricində bahalı villalar, biznes şəbəkəsi ortaya çıxıb, ofşorlarda 48 milyard dollar vəsaitin saxlanması haqqında araşdırmalar var. Eyni zamanda nazirlərin, məmur övladlarının müxtəlif ölkələrdə biznes imperiyası qurduqları aşkar edilib.

Bir neçə gün öncə isə Beynəlxalq Jurnalist Araşdırmaları Konsorsiumi (ICIC) yeni hesabat dərc etd. ICIC-nin dərc etdiyi materiallarda bir sıra dövlət və hökumət başçıları, yaxud onların ailələri, tanınmış iş adamları, idmançılar və nüfuzlu şəxslərlə bağlı ofşor hesablardan da söz açılır. Hesabatda ölkə başçısı Ilham Əliyev və onun ailəsi haaqında da faktlar yer alıb. Söhbət milyardlardan gedir və bu milyardlar dövlətin sərvətidir.

Amma yenə də hamı susub. Nə hökumət izahat vermir, nə məsuliyyətə cəlb oluna var, nə istefa verən tapılır. Eyni zamanda xalqın etirazı da müşahidə olunmur. Hansıki, borc bataqlığında çabalayan, dolana bilmədiyi üçün intihar seçimi edən, belinə xarici borc yüklənən, 150-200 manatın girovuna çevrilən xalq üçün təhqirdi.

Hökumət elə bir vəziyyət yaradıb ki, artıq korrupsiya faktları, oğurluqlar, vəzifədən sui-istifadə halları adiləşib. Faktiki olaraq bu qədər ifşadan, faktlardan sonra heç kim istefa verməyib, heç bir vəzifəli utanc hissi keçirmir. Hətta ağlasığmaz cinayətlərdə ittiham edilən MTN-in keçmiş şefi də məsuliyyətə cəlb olunmur.

Hökumətin gecə-gündüz topa tutduğu Avropada, ABŞ-da belə aşkar faktlar qarşısında heç kim vəzifədə qala bilməz. Merkelin, Obamanın, Kameronun ofşorda milyardları tapılsaydı, həmin ölkələrdə nələr baş verərdi? Amma belə biabırçı hallar yalnız avtoritar ölkələrdə baş verir. Yeri gəlmişkən hökumətimizin dostu Putinin də ofşorlarda milyardlar saxladığı məlum olub.

Zərrə qədər xalq, dövlət sevgisi olan hökumət bu qədər vəsaiti ölkədən çıxarmağa, xalqı ağlar günə salmağa razı ola bilməzdi. Hüquqsuzluğun, qanunsuzluğun Azərbaycanda nə qədər çiçəkləndiyini bu faktlardan da aydın görmək olur. Normal ölkədə bu qədər çirkaba batmış adamlar xalqın adından çıxış etməyə imkan tapa bilməzdi./azadliq/
488 dəfə baxılıb
Loading ...
Nur-Az Xeber
01.12.16, 23:41