Şrift ölçüsü:
A+
A
A-
Kr
08 Aprel 2016

Azərbaycandakı “Eurovision” məhbusu»nun məhkəməsində nələr oldu?

«Nicat Əliyevin yeganə «günahı» Bakıdakı «Eurovision» zamanı tənqidi çıxış və məqalələri, «gey-parad»a etiraz etməsi olub»

Aprelin 7-də Ali Məhkəmədə “Eurovision” məhbusu” kimi tanınan jurnalist, “Azadxeber.org” saytının redaktoru Nicat Əliyevin işi üzrə kassasiya şikayətinə baxılıb. Məhkəmədə Nicat Əliyev özü iştirak etməyib.

Vəkil Yalçın Imanov kassasiya şikayətinin dəlillərini müdafiə edib. Müdafiəçi bildirib ki, Nicat Əliyevə qarşı ittihamlar saxtadır. O, yalnız “Eurovision” ərəfəsində tənqidi fikir və yazılarına görə həbs olunub və uzunmüddətli həbslə cəzalandırılıb.


Polis bölməsində işgəncələr və “yerdən tapılan” narkotik

Vəkil şikayətində göstərib ki, Nicat Əliyev 2012-ci il mayın 20-də paltar mağazasında olarkən 20-yə yaxın mülki və polis formalı şəxs dükana daxil olaraq, onun, eləcə də mağazada olan alıcı və satıcıların mobil telefonlarını alıblar. Daha sonra Nicat Əliyevin qoluna qandal vurub, Yasamal rayonu, 27-ci polis bölməsinə aparıblar: “Orada o, 10 nəfərə yaxın mülki geyimli şəxs tərəfindən təhqirlərə, işgəncələrə məruz qalıb. Işgəncələr nəticəsində Nicat Əliyevin iki dişi sınıb, sol qulağının pərdəsi zədələnib. Nicat Əliyev özü də birinci instansiya məhkəməsindəki ifadəsində göstərdi ki, polis bölməsində onu xeyli döyüb, yaxınlarını da bölməyə gətirib işgəncə verəcəklərilə hədələyəndən sonra qarşısında narkotik və silah qoyub, seçim etməyi tələb ediblər. O da işgəncə və təhdidlər nəticəsində məcburiyyət qarşısında qalıb, cibinə atılan narkotikin ona məxsus olması barədə protokola qol çəkib. Müstəntiqin diqtəsilə yazıb ki, guya narkotiki ”Papanin” adlanan ərazidən keçərkən körpünün yanında yerdən tapıb, istifadə etmək məqsədilə götürüb. Bədənindəki xəsarət izləri getsin deyə, onu yeddi gündən sonra istintaq təcridxanasına köçürüblər”.

Vəkilin sözlərinə görə, həbsindən 7 ay sonra Nicat Əliyevə yeni ittihamlar irəli sürülüb: “Nicat Əliyevə istinad edilən cinayət əməlləri qeyri-hüquqi sifarişin təxəyyülüdür”.

Yalçın Imanov onu da qeyd edib ki, həbsindən əvvəl Nicat Əliyev təhdid olunurdu: “Həbs olunan günə qədər e-mail ünvanına təhdid xarakterli məkublar gəlirdi. Həmin məktublarda o, hazırda həbsdə olan dindar Hacı Abgül Süleymanov və digər həbs olunanların vəziyyətinə salınacağı ilə hədələnib,. Nicat Əliyev bu barədə məqalə də yazıb, hakimiyyətin islamofob siyasətini kəskin tənqid edib, həbsindən əvvəl dəfələrlə keçmiş MTN-ə çağırılıb və dini əqidəsi ilə bağlı sorğu-sual edilib”.

Inqilab Nəsirovun sədrlik etdiyi hakimlər kollegiyası kassasiya şikayətini təmin etməyib.

“Eurovision” məhbusu”nun işi Avropa Məhkəməsinə gedir

Yalçın Imanov bildirib ki, Nicat Əliyev yalnız ifadə azadlığı hüququndan istifadə etdiyinə görə uzunmüddətli ağır cəzaya məruz qalıb: “Nicat Əliyevin yeganə ”günahı” 2012-ci ilin mayında Bakıda keçirilən “Eurovision” mahnı müsabiqəsi zamanı bu məzmunda tənqidi çıxış və məqalələri, o cümlədən “gey-parad”a etiraz etməsi olub. Hesab edib ki, əhalisinin böyük əksəriyyəti müsəlmanlardan ibarət olan Azərbaycanda xalqın dini inancına görə bu cür paradların keçirilməsi yolverilməzdir. Məhz bu mövqeyinə görə o və daha 9 nəfər həbs olundu, ağlagəlməz işgəncələrə məruz qaldı və uzunmüddətli həbs cəzasına məhkum edildi”.

Vəkil qeyd edib ki, Ali Məhkəmənin qərarını alandan sonra Avropa Məhkəməsinə müraciət olunacaq: “Nicat Əliyev yerli və beynəlxalq hüquq-müdafiə təşkilatlarının Azərbaycan hökumətindən azadlığa buraxılmasını tələb etdiyi şəxslərdən biridir. O, ”Eurovision məhbusu” adlandırılır. Ümid edirdim ki, son vaxtlar siyasi məhbuslara münasibətdə müşahidə olunan yumşalma ona qarşı da olacaq. Amma bu baş vermədi”.

Nicat Əliyev şərlənərək CM-nin 234.1-ci (narkotik), 281-ci (dövlət əleyhinə çağırışlar), 283-cü (milli, irqi, sosial və ya dini nifrət və düşmənçiliyin salınması) maddələrilə təqsirli bilinərək 10 il azadlıqdan məhrum edilib. Nicat Əliyev və onunla birlikdə mühakimə olunan daha doqquz dindar hakimiyyətin siyasətini tənqid edən vərəqə və videodisklər yaymaqda günahlandırılır./azadıq/
483 dəfə baxılıb
Loading ...
Nur-Az Xeber