Şrift ölçüsü:
A+
A
A-
Kr
08 Aprel 2016

Bizdə elə məmur var ki, qarnı 3 x 2 metrə nisbətindədir, sərhəddə dayananda arxası Azərbaycanda olanda qarnı İranda müalicəyə gedir

Əkrəmin daş əli

Başımız cəbhə xəttinə qarışdı, ölkənin başqa bir istiqamətində gedən ciddi bir döyüşə diqqət yetirə bilmədik. Binə hava limanında cəsur sərhədçilərimiz yazıçı Əkrəm Əylislinin Venesiyaya gedib konfransda çıxış eləmək, Azərbaycana növbəti dəfə qara yaxmaq cəhdinin qarşısını qəhrəmancasına almışdır.

Rəhmətliyin oğlu, sən axı niyə respublikamıza ağ yaxıb həmişəki kimi bəy kefində yaşamaq istəmədin? Bu problemlər lazımın idimi? Gül kimi orden-medal yaxanda, deputat qoymuşdular, AXC-Müsavat cütlüyünün çoxəsrlik zülmü haqda da hərdən “Xaos diktaturası” adlı cızmaqara eləyib yaşayırdın özün üçün. İstəyəndə Venesiya nədir, lap Əylisə gedirdin, Vasif müəllimin kənddə ucaltdığı qalaçada uzanıb daş yuxuya gedirdin.

İndi isə görün nə olubdur. Baş Prokurorluğun verdiyi operativ məlumata görə, vətəndaş Əkrəm Əylisli 30 mart 2016-cı il tarixində ictimai qaydanı pozmuş, Dövlət Sərhəd Xidmətinin (DSX) əməkdaşı, 15.09.1981-ci il təvəllüdlü - doğulduğu günü zadı dəqiq yazıblar ki, birdən belə adamın olmasına inanmarıq - Seyidov Nihal Azər oğlunun döş qəfəsinin sağ yarı hissəsinin yuxarı üçdə birinə zərbə vurmuşdur. Zərbə nəticəsində Seyidov Nihal Azər oğlunun döş qəfəsinin sağ yarı hissəsinin yuxarı üçdə biri hissəsində 3,0x2,5 ölçüdə solğun göyümtül qançır yaranmışdır. Bu səbəbdən Əkrəm müəllim barəsində Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 221.1 maddəsi ilə (xuliqanlıq) cinayət işi açılmış, dilindən heç yana getməmək haqda iltizam alınmaqla qəti imkan tədbiri görülmüşdür!

Düzü, prokurorluq solğun göyümtül qançırın 3,0x2,5 ölçüsünün hansı vahidlə hesablandığını bildirməmişdir, bu baxımdan ağlımıza hər şey gəlir. Bəlkə bu metr deməkdir? Sərhədçimizin döşü nə boyda ola bilər? Şeytan bilir... Bizdə elə məmur, dövlət qulluqçusu var ki, qarnı 3 metrin 2 metrə nisbətindədir, sərhəddə dayananda arxası Azərbaycanda olanda (hər zaman vətənə arxalanmalıyıq) qarnı İran İslam Respublikasında müalicəyə gedir. Yard, fut, arşın, parsek, işıq ili kimi ölçü vahidlərində də ola bilər.

Hər halda, biz hesab edək bu solğun göyümtül qançır 3 millimetrin 2,5 millimetrə nisbətindədir, çünki yazıq Əkrəm müəllim 70 yaşında qoca bir kişidir, boyu da balacadır, Nihal müəllimi döş qəfəsindən vurmaq üçün gərək nə qədər də havaya hoppanaydı. Cekki Çan, Brus Li kimi. Hərçənd, mümkündür ermənipərəst roman yazarkən karate kurslarına da gedib - vətənpərvər insanlarımızın hücumunu önləmək, lap elə sərhədi yarmaq məqsədi ilə.

Ancaq yara bilmədi, düşmən tankı kimi vurulub geri çəkildi, Venesiya xülyası batdı. Burda bir məsələ də sərhədçimizin yetmiş yaşlı qocadan xəsarət almasıdır. Bəs bu bizi sabah necə qoruyacaqdır? Əgər hər sərhəd pozan qoca bunun döşünü qançır eləsə, sabah ana vətəndən əmdiyi süd burnundan gələcəkdir!

İlk növbədə biz Əkrəm müəllimin qarşısını döşü ilə alan matrosovçu sərhədçimizin adına diqqət eləməliyik. Bu zaman aydın olur ki, qəddar yazıçı onun döş qəfəsinin sağ yarı hissəsinin yuxarı üçdə birinə qançır vura bilərdi. Nihal adını gələcəkdə oğlan uşaqlarına qoymaq fikri olan soydaşlarımızı profilaktik maarifləndirmək məqsədi də güdürəm. Əgər biz bilsək ki, sərhəddə duran igidlərin adı Məmmədqulu, Cavanşir, Koroğlu, bəd ayaqda Attila, Oğuzxan, Çingizxandır, evdə rahat yatarıq.

Bütün hallarda ümidvarıq istintaq orqanları 1981-ci il təvəllüdlü Seyidov Nihal Azər oğlunun döş qəfəsinin sağ yarı hissəsinin yuxarı üçdə biri hissəsində 3,0x2,5 ölçüdə solğun göyümtül qançır yaranmasına düzgün hüquqi qiymət verəcəkdir. Əsrin məhkəməsi olacaqdır, Əkrəm müəllim, hazırlaş. Tutsalar lap maraqlı olardı - siyasi dustaqların bəzi yerləri təzə boşalıb.
“Daş yuxular” yazanda bilinirdi ki, elə bunun əli də daşdır, ağırdır.

Zamin Hacı/musavat
600 dəfə baxılıb
Loading ...
Nur-Az Xeber
07.12.16, 10:54
Hətta bir yuxusuz gecə...
06.12.16, 11:00
Mosulda uğurlu əməliyyat
06.12.16, 09:10
40 dərdin dərmanı
05.12.16, 18:43