Şrift ölçüsü:
A+
A
A-
Kr
09 Aprel 2016

''İki ildir məni süründürürlər''

Həsən Salmanov: "Mənə yardım təyin edilməməsinin yeganə səbəbi var, idarə müdirinin marağını təmin etməmişəm”

Salyanın Çəngənd kəndinin sakini Həsən Salmanovun problemi var. O, Meydan TV-yə müraciət edərək 2 ildir ki, ailəsinin qanunsuz olaraq sosial yardımdan məhrum edildiyini deyir:

“Qanunsuz olaraq iki ildir ki, ünvanlı dövlət sosial yardım proqramından kənarda qalmışam”.

“2 ildir ehtiyacım olduğu halda, sosial yardım ala bilmirəm”

İndiyədək müxtəlif orqanlara rəsmi şikayət edən vətəndaş, son çarəni KİV-ə müraciət etməkdə görüb. Şikayətçi xəstə olduğundan ailəsini dolandıra bilmir. Odur ki, sosial yardım üçün müraciət edib. Deyir, Salyan rayonu Əmək və Əhalinin Sosial Müdafiə Mərkəzində (ƏSMM) onun ehtiyaclı olduğu təsdiqlənib. Ancaq iki ildir ki, yardımı ala bilmir:


“Neçə illərdi ki, böyrək xəstəliyindən əziyyət çəkirəm. Həyat yoldaşım və 3 azyaşlı uşağımla birgə uçux-salxaq daxmada yaşayıram. Sosial yardımı almaq üçün dəfələrlə Salyan rayonu Əmək və Əhalinin Sosial Müdafiə Mərkəzinə müraciət etmişəm. Fərdi və ailəmlə birgə mərkəzin rəhbəri Ramil Salmanov tərəfindən qəbul edilmişik. Hər dəfə mənə bir sənəd gətirdir və deyirdi ki, gələn ay və yaxud da o biri ay yardım təyin ediləcək. 2 il ötüb. Ancaq mən haqqım olan yardımı ala bilməmişəm”.


“Süründürməçiliklə, hoqqabazlıqla haqqım olan yardımı vermək istəmirlər”

Həsən Salmanov deyir ki, bu ötən illərdə vaxtı keçən arayışları təzələməklə məşğul olub. Bu gün, sabaha, get-gələ salıb işini həll etməyiblər:

“Gördüm ki, bunlar süründürməçiliklə, hoqqabazlıqla bu yardımı vermək istəmirlər, mən də mərkəzi icra hakimiyyəti orqanlarına şikayət etdim. İndiyədək etdiyim heç bir müraciətə cavab verilməyib. Nə də dövlət adından əlimə bir parça kağız verməyiblər ki, bax, bu səbəbdən sənə yardım düşmür. Amma baxıram çevrəmə, neftçilər, qızıl azlverçiləri, sələmçilər, xarici avtomobillərdə gəzənlər, topdağıtmaz mülkləri olanlar bu yardım ıalırlar”.



Şikayətçi bildirir ki, əlində konkret faktlar var, şikayətini dinləyən bir orqan olsa, təqdim edə bilər: “Mənə yardım təyin edilməməsinin yeganə səbəbi var, idarə müdirinin marağını təmin etməmişəm”.

“İmkanlı şəxslərə qanunsuz yardım təyin etməklə yüz minlərlə manat büdcə vəsaiti israf olunub”



Həsən Salmanov sosial yardım almaq üçün yeni qaydalara əsəsən sənədlərini aidiyyəti üzrə təqdim edəcəyini, eyni zamanda, ötən 2 ildə qanunsuz olaraq yardımdan məhrum edilməsinin araşdırılması tələbində qaldığını deyir:

“Bu, bürokratik əngəllərə və məmur özbaşınalığına görə ailəm iztirab və məşəqqətlər çəkib, sağlamlığıma zərər dəyib. Bu hesabı kimsə ödəməlidir. Eyni zamanda, imkanlı şəxslərə qanunsuz olaraq yardım təyin etməklə yüzminlərlə manat büdcə vəsaiti israf olunub. Bütün bunların sağlam şəkildə araşdırılmağına ehtiyac var. Mən bir şeyə təəccüb edirəm ki, Salyan rayonu Əmək və Əhalinin Sosial Müdafiə Mərkəzinə etdiyim şikayətlərə başqa orqanlar niyə baxmır? Mərkəzin müdiri Ramil Salmanovun toxunulmazlıq statusumu var?”

“Vətəndaş idarəyə yaxınlaşsın, kömək edək”

Məsələyə münasibət öyrənmək üçün Salyan rayonu Əmək və Əhalinin Sosial Müdafiə Mərkəzi ilə əlaqə saxladıq. Mərkəzin mühasibi Təranə Əliyeva bildirdi ki, bu işlərə artıq onlar baxmırlar. Elektron üsula keçirilib:

“Həmin şəxs internet vasitəsilə sənədlərini yükləsin sistemə. Əgər ona sosial yardım düşürsə, ordan cavab veriləcək. Ailə üzvləri və özlərinin şəxsiyyət vəsiqəsi, bizim verdiyimiz arayış, kənddən aldıqları torpaq aktları və kənd sovetindən, yaşayış yerindən arayış alsınlar. Sonra həmin sənədləri təsdiqlətməlidirlər. Vətəndaş bizim idarəyə yaxınlaşsın. Biz ona kömək edək. Nə etmək, hara getmək lazımdır deyək”.



580 dəfə baxılıb
Loading ...
Nur-Az Xeber
30.11.16, 10:41