Şrift ölçüsü:
A+
A
A-
Kr
22 Dekabr 2013

“Azəriqaz”ın sabiq idarə rəisindən şok faktlar

«ARDNŞ-in idarələri qazı necə gəldi camaata verirlər, sonra da faciə və fəsadlar yaşanır»

Qış mövsümünün başlanmasıyla “dəm qazı” faciəsinə start verilmiş olur. Ən azı gün ərzində neçə nəfər dəm qazından zəhərlənmələrlə xəstəxanalara çatdırılır. Dəm qazından dünyasını dəyişənlərin statistikası da az deyil. Görəsən,  insanların qazla bağlı problemləri və faciələri nədən bitib-tükənmir? Problemlərin həllinə məsul qurumlar nədən belə ağır mənzərələrə göz yumur? Onlar özləri məgər belə faciələrdən sığortalanıb?
“Azəriqaz” IB-nin sabiq idarə rəisi Nüsrət Qasımov “Şərq” qəzetinə açıqlamasında cəmiyyət üçün son dərəcə aktual olan bu məsələdən danışıb. N.Qasımov mavi yanacaqla bağlı əhalinin narahat qaldığı məqamlara aydınlıq gətirib.

Sabiq idarə rəisi öncə söyləyib ki, istehsal olunan mavi yanacaq Qaradağda Qaz Emalı Zavoduna daxil olandan sonra emal edilərək abonentlərə ötürülür. O, bu zaman çox təhlükəli və qanunsuz bir məsələnin də üstünü açıb. Belə ki, Sabunçu, Suraxanı, Binəqədi, Xəzər və Səbail rayonları ərazisində köhnə mədənlər fəaliyyət göstərir və ordan çıxan qazın tərkibinə lazımi qatqı maddəsi vurulmadan birbaşa abonentlərə ötürülür: “Bunlar hamısı köhnə buruqlardır, hələ də onlardan qaz hasil olunur, idarə və müəssisələr də həmin qaz itkiyə getməsin deyə əhaliyə verirlər. Qazı yalnız tərkibinə metan qatıldığı halda əhaliyə vermək olar. Mavi yanacağın tərkibində metanın faizi 60-dan aşağıdırsa, onu əhaliyə ötürmək olmaz. Onun faizi mütləq 60-dan çox olmalıdır. Qaz cihazları, istilik sistemlərinin korlanmasında bu amilin böyük rolu var. Metanın faizi aşağı olduğu üçün cihazlar işləməyə, xarab ola bilər. Problem qazdadır. Sözügedən mədən və buruqlar ARDNŞ-ın neft-qazçıxarma idarələrinin nəzarətindədir. Onlar qazı necə gəldi camaata verirlər, sonra da faciə və fəsadlar baş verir. ARDNŞ gərək abonentlərə verilən təbii qazın tərkibinə nəzarət etsin. Abonentlərə verilən təbii qazın tərkibinə mütləq etilmerkaptan  maddəsi vurulmalıdır ki, qaz sızması olanda insan bunu hiss etsin. Bu maddə təbii, məişət və yanmış qazların tərkibinə odorant - xüsusi qoxuverici kimi vurulur. Onun çox kəskin qoxusu var, bir növ yumurta iyi verir. Qaz sızması, qazın düzgün yanmaması zamanı bu qoxu insanları duyuq salır. Qışda qazın hər 1000 kubmetrində 16 mq, yayda isə 8 mq həmin maddədən olmalıdır”.
Qazdan zəhərlənmələrdə qaz və istilik cihazlarının düzgün seçilməməsi və quraşdırılmamasının da rolu olduğunu söyləyən N.Qasımov xarici avadanlıqların yerli qazın təzyiqinə tab gətirmədiyini deyib. O, qazın təzyiqinin bizdə az olduğu üçün insanların sobalara məcburən düzəlişlər etdiyini, nəticədə qazın düzgün yanmaması və dəm qazının əmələ gəlməsinə səbəb olduğunu bildirib. N.Qasımov kvartalda bir dəfə evlərin tüstü bacalarının təmizlənməsini, ildə bir dəfə də qızdırıcı cihazların mütləq yoxlanmalı olduğunu vurğulayıb. Qaz sahəsi üzrə köhnə mütəxəssis fəqət bu vacib məsələlərin nəzarətdən çıxdığını və ziyanı da əhalinin çəkdiyini söyləyib.
N.Qasımov daha sonra qeyd edib ki, dəm qazıyla metanı qarışdırmaq olmaz. Dəm qazı insanı öldürmür, onu zəhərləyir. Insanın ölümünə səbəb olan qaz metandır. Sabiq idarə rəisi vurğulayıb ki, havada metan konsentrasiyası 0,1 faiz olarsa, bir saat ərzində insanı zəhərləyir. Bundan yuxarı faizdə olanda isə yarım saatla 7 dəqiqə arasında ölüm baş verə bilər: “Ona görə də əhali ehtiyatlı olmalıdır. Qaz sobalarının düzgün işləməsinə diqqət etməli, havaçəkənləri işlək vəziyyətdə saxlamalıdırlar. Pis qoxu, qaz iyi hiss etdikdə  dərhal qaz cihazlarını söndürərək onu ilkin mənbəyindən bağlamalıdırlar. Insanlar mütəxəssislərə, qaz idarəsinə müraciət etməlidirlər”.

Neftçilərin Hüquqlarını Müdafiə Komitəsinin sədri Mirvari Qəhrəmanlı məsələ barədə şərhini söyləyərək “Azəriqaz”ın əsas işinin qazı zavoddan alaraq əhaliyə vermək olduğunu söyləyir. Hüquq müdafiəçisi zəhərlənmələri Qaz Emalı Zavodunda axtarmağı daha düzgün sayır: “Zavodda qazın emalı sahəsində, onun tərkibinə havanın çox vurulması məsələsində böyük problemlər var. Zəhərlənmələrin kökü həmin zavoddadır. Əslində, sovet vaxtında da belə mədənlərdə çıxarılan qazı əhaliyə satırdılar. Tərkibi təmizlənmiş quru qaz neft-qaz çıxarılan ərazidə yaşayan əhaliyə verilirdi. O vaxtlar kustar üsuluyla peçlər düzəldilsə də, faciələr indiki səviyyədə deyildi. Mən yenə də öz fikrimdə qalıram ki, bu məsələdə Qaz Emalı Zavodu günahkardır”. 
M.Qəhrəmanlı əhalinin də məsuliyyətini xatırladaraq onların  bacaları bağladığını, lüzum olmadığı halda sobaların yerini dəyişdiyini, qaydalara riayət etmədiyini söyləyir. Hüquq müdafiəçisi onu da bildirir ki, neft-qaz çıxarılan mədənlərdən alınan qazın əhaliyə satışında maraqlı məqam  zəhərlənmə hallarının mərkəzdən kənar ərazilərdə baş verməməsidir. Yəni problem hardadırsa, bu məsələ orada araşdırılmalıdır. Mirvari xanıma görə əsas problem Qaz Emalı Zavodundadır ki, hökumət orada böyük araşdırma aparmalıdır.

Azad Istehlakçılar Birliyinin sədri Eyyub Hüseynov problemə istinadən qeyd edir ki, mütəmadi olaraq istehlakçılardan qazın yanma və istehsaletmə qabiliyyətinin aşağı olması barədə mesaclar alırlar. Istehlakçılardan ardıcıl şəkildə  belə şikayətlər gəlir ki, qaz istilik deyil, tüstü verir, qaz yananda ondan səs çıxır və s. Bu baxımdan sözügedən sahədə köklü problemlərin olduğunu deyən həmsöhbətimiz istehlakçıların mavi yanacaqla bağlı ümumi fikrinin mənfi olduğunu deyir.
Haqqında bəhs edilən vacib məsələ barədə işə məsuliyyətli qurum olan  ARDNŞ isə susmağı üstün tutdu. Belə ki, Neft Şirkəti mətbuat xidmətinin rəhbəri Nizaməddin müəllim aramsız zənglərimizə rəğmən, mobil telefonunu açmadı. Dəm qazı belə çıxır, “SOKAR”dan da vaz keçməyib./azadlıq/

1649 dəfə baxılıb
Loading ...
Nur-Az Xeber
29.11.16, 12:22
Dollar 1,79-u keçdi
29.11.16, 09:25
Qış yuxusu
29.11.16, 09:10
PKK qaz borusunu partlatdı
28.11.16, 18:45
“O deyəsən ağlın