Şrift ölçüsü:
A+
A
A-
Kr
10 Aprel 2016

Əli Kərimli: ''Ordumuza ''dur!'' əmrini mən vermişəm, yoxsa İlham Əliyev?''

''Şəhid ailələrinin qanpulusunu da Avropa Oyunları, Formula-1 kimi avantüralara bəlkə mən xərcləmişəm?''


 "Mən bunların lideri kimi cavanlıqda əsgəri xidmətdən yayınmamışam. Xüsusi təyinatlı hərbi hissədə xidmət etmişəm. Qarabağ savaşı zamanı mən bunların lideri kimi dəri kurtka alverilə məşğul olmamışam. AXC BDU şöbəsinin sədri olaraq, hüquq fakultəsində təhsilimi yarımçıq qoyub, valideynlərimə belə demədən, 90 nəfər tələbə yoldaşımla birlikdə Laçın və Qubadlının sərhəd kəndlərinin müdafiəsinə yollanmışam. Bu gün mənasını anlamadan əllərində gəzdirdikləri üçrəngli bayrağı ilk qaldıranlardan olmuşam".

Bu sözləri AXCP sədri Əli Kərimli özünün Facebook səhifəsində haqqında deyilən tənqidlərə cavab olaraq bildirib. Partiya sədri yazıb:

"2 apreldə ermənilərin atəşkəsi pozmasını eşidən kimi statusumda belə yazdım: “Bu gərgin məqamlarda bütün varlığımızla ordumuzun yanında olduğumuzu bəyan edirəm”. Həmin gün 2-ci statusumda yazırdım: “Bir halda ki, işğalçı Ermənistan atəşkəsi pozub, torpaqlarımızın işğaldan azad olunmasını istəyirik! Ermənilərin və havadarlarının bu təxribatını fürsətə çevirməliyik... Müxalifətdən isə qətiyyən narahat olmayın. Biz Azərbaycanda dövlət qurmuş, Qarabağ üçün savaşmış, şəhidlər vermiş siyasi qüvvəyik. Ordumuza hər cür dəstək verməyə hazırıq...”. Və beləcə bütün yazılarımda ordumuza, əsgər və zabitlərimizə dəstək ifadə etmişəm. Yazılarımın hamısını bu səhifədən oxumaq olar. Hökuməti isə yalnız yenidən rusların vasitəçiliyi ilə ermənilərlə atəşkəs sazişı imzaladıqdan sonra tənqid etmişəm. Onda da ona görə ki, hökumət niyə torpaqları azad etmək üçün yaranmış bu fürsətdən yararlanıb, daha çox torpağımızı işğaldan azad etmədi. Əvvəlcədən xəbər tutanda şəhidlərin dəfnində iştirak etmişəm. Vətənin sınağa çəkildiyi bu ağır günlərdə,  bu, mənim davranışım. İndi baxaq görək, Vətəni, milləti deyil, vəzifələrini müqəddəs bilənlər nə etdilər? Bunlar da qəhrəman ordumuzun zəfər yürüşünü dayandırıb, bir saatdan bir mənim evimin qarşısında düşük aksiyalar keçirirlər. Evimizin qarşısında rejimin göndərdiyi  dəstə qışqırır ki, “Qarabağ bizimdir, bizim olacaq!”. Adamdan soruşarlar ki, ordumuza “dur!” əmrini mənmi vermişəm, yoxsa sizin lideriniz İlham Əliyev? Ölkəmizi düşmən erməninin dostu, himayədarı Rusiya asılılığına aparan mənəm, yoxsa İlham Əliyev? Bu xalqdan oğurlanıb, Panamada ofşor hesablarda gizlədilən milyardlar da bəlkə, İlham Əliyevin yox, mənimdir? Şəhid ailələrinin qanpulusunu da Avropa Oyunları, Formula-1 kimi avantüralara bəlkə mən xərcləmişəm?"

Əli Kərimli hesab edir ki, vətəni, milləti düşünən insanlar bu addımları atmaz

Aprelin 9-da bir qrup Əli Kərimlinin sosial şəbəkələrdəki paylaşımlarına etiraz edərək, onun evinin önündə aksiya keçiriblər.


aksiya

618 dəfə baxılıb
Loading ...
Nur-Az Xeber