Şrift ölçüsü:
A+
A
A-
Kr
12 Aprel 2016

"Hansı şəhid qapısını açıramsa, ailələrin əksəriyyəti deyir ki, tək oğul idi. Dəhşətdir, fəlakətdir!"

“… Həyatda həmvətənlərini, vətənini qorumaq naminə öz həyatını qurban verməkdən gözəl ideya ola bilməz. Humanist ideyalar olmadan isə insanlıq yaşaya bilməz, hətta mən təxmin edirəm ki, insanlıq müharibəni məhz bu humanist ideyaları həyata keçirmək üçün sevir. Buna ehtiyac var”. F.Dostoyevski.

Hər oğul, övlad bir evin ümidi, işığı, sevinci, gələcəyi, arzularıdır. Müharibə, bəzən də təbii fəlakətlər insan arzularını yarımçıq qoyur. Dünya yaranandan insanlar müharibələrdədir. Ayağımızın altında düşünən, bizi yaşadan, bizi ucaldan, son anda qoynuna alan o ana torpaq nə qədər qovğalar, müharibələr, təbii fəlakətlər görüb. Dünyanın hər yerində üstündə gəzilən torpaqlar ölən insanların torpaq halına dönən sümüklərindən yaranır. Heç bunun fərqindəsinizmi?

Vətənimiz 25 ilə yaxındır ki, müharibə şəraitindədir və bizim istəmədiyimiz, rus imperiyası tərəfindən bu müharibəyə təhrik edilən separatçı ermənilərin iştirakı ilə Vətənimizə təcavüz davam edir. Qanlı müharibə ötən illər ərzində nə qədər arzuları, ömürləri yarımçıq qoydu. Əslində bu ağır günlərdə “oğul” deyib sevdikləri balalarını, “ər” deyib güvəndikləri baş taclarını əsgəri xidmətə, hərbdə qulluq etməyə göndərən ana-bacılarımızın əksəriyyətinin qəlbində “Birdən qayıtmasa?!” adlı bir sual dolanıb həmişə. Kimisini yuxudan diksindirib, kimisini yatmağa qoymayıb gecələr. Ancaq, dünya, həyat öz axarındadır.

 

 

2-5 aprel günlərində Vətənin mənfur erməni tapdağında qalan torpaqlarını azad etmə mücadiləsində də yenə müharibə öz qanlı dişlərini qıcadı… Hələki o qanlı döyüşlər gedən gecələr, ömrünü bizə bağışlayıb, müqəddəs şəhidlik məqamına çatan övladlarımızın dəqiq saynı yaza bilmirik. O uca məqama sahib olan oğullarımızdan biri də Elvin Sədrəddin oğlu Qayıbov idi.

“ATA, MƏN QAYIDACAĞAM…”

…Xaçmazın Əbilyataq kəndində yaşayan Sədrəddin kişinin həyətinə 8 ay bundan əvvəl qohum-əqraba, dost-tanış toya yığılmışdı. Yeganə oğlu Elvinin toyu idi. Sevinə-sevinə gəlin gətirmişdi bu yay. Qızlar, gəlinlər halay gedib, mahnı oxumuşdular:

Anam-bacım, qız, gəlin,
Əl ayağı, düz gəlin.
Yeddi oğul istərəm,
Bircə dənə qız, gəlin.

Sədrəddin kişinin həyətinə girəndə, əslində hiss etmək olur ki, o toyun səliqəsi-səhmanı, havası hələ bu həyətdən getməyib. Dayanıb başsağlığı verirəm. Büzülüb bükülmüş atanın gözləri dolur. Bir az söhbətləşirik.

"Hansı şəhid qapısını açıramsa, ailələrin əksəriyyəti deyir ki, tək oğul idi. Dəhşətdir, fəlakətdir!"

 

“İki qızım var. Oğlum tək idi. 1989-cü il dekabırın 26-da doğulub. Çox çətinliklə böyütmüşəm. Əziyyətimiz çox olub. Onun əli iş tutandan sonra dadımıza çatdı. Ağır işdə işləyirdi, tank mexaniki idi. Baş mexanik dərəcəsini yenicə almışdı. Mart ayında evə gəldi. Bədənində narahatlığı var idi. O üzdən elə Qubadakı klinikada əməliyyat etdirdim onu. Arayışı sonra aparıb hərbi hissəyə verdi, 15 gün istirahət verdilər ki, yarası birləşsin. Elvinin bədəni dəmir kimi idi. Mübariz kimi bir oğlan idi. Elə boy-buxundan, sifətdən də ona çox oxşayırdı. Axırıncı gün onu bu həyətdən yola salanda kövrəldim həmişəki kimi. Mən xasiyyətcə çox kövrək insanam. Kürəyimə vurub dedi: “Ata, gedirəm, yenə gələcəyəm”. Son ümidim, arzum , köməyim idi… İndi mən neyləyim?!” – deyə mənə sual etdi, Sədrəddin kişi…

Başımı yerə dikib heç nə demədim. Göz yaşları içərisində, səsi titrəyə-titrəyə davam etdi: “Heç olmasa, balamın qanını alsın dövlətimiz, balamın qanı yerdə qalmasın. Bəlkə onda rahatlanaram. Nə qədər ki, balamın qanı alınmasa, onun özü də narahat olacaq”.

Gözlərinin yaşını silib, məni yeni təmirdən çıxmış kürsülü evinə dəvət etdi.. Dedi ki, “get anası ilə söhbət elə…”.

“ …MƏNİ BIR DƏ SAKİT VAXTDA GƏTİR QƏBİR ÜSTÜNƏ, ELVİNƏ DEYƏCƏKLƏRİM, SORUŞACAQLARIM VAR”

…Bir anlığa elə bil ki, dizlərim titrədi, taqətim kəsildi, boğazım qurudu. Evinin tək dirəyi, işığı olan, yenicə toy çaldırıb, toyunun ləzzətini axıra qədər görməyən ürəyi dağlı anadan nə soruşacaqdım? Necə baxım onun gözlərinə, nə deyim? Amma məramım məqamı mübarək şəhid balalarımızın adının tarixdə yaşamaları üçün ürəyimdən keçəni yazmaqdır. Və bu yük nə qədər ağır olsa da, başladığım işi axıra çatdırmaq istəyirdim.

"Hansı şəhid qapısını açıramsa, ailələrin əksəriyyəti deyir ki, tək oğul idi. Dəhşətdir, fəlakətdir!"

 

Həmin gün, aprelin 7-si Əbilyataq kəndində şəhid Elvin Qayıbovun üç mərasimi verilirdi. Bir tərəfləri qubalı, bir tərəfləri də afurcalıdırlar. Dağ adamıdırlar. Dilləri dağlıların tat dili qrupuna mənsubdur. Bu yerlərin yas mərasimlərində rəhmətə gedəni bayatı, layla deyə-deyə öyərlər, ağlayarlar. Pilləkənləri yuxarı çıxdım. Bir qadın yanqılı səslə bayatı deyirdi:

Qapıda şana yatar,
Yan düşüb yana yatar.
Burda bir oğlan ölüb
Boyanıb qana yatar.

Maralın gözü qanlı,
Topuğu, dizi qanlı.
Balamı mənə verin,
Tutaram Sizi qanlı.

Elvinin böyük xalası Zöhrə məni qarşılayıb, bəy otağına apardı: “Balamın xonçaları hələ açılmayıb. Gəlinimiz Aytacın 18 yaşı bu evdə tamam oldu. Heç xınası əlindən getməyib. Balamız 5 gün bu bəy otağında rahat yatmadı. Gəlini bu gün qəbir üstünə aparmışdıq. Dırnaqları ilə torpağı eşim-eşim elədi, yanıb-tökülürdü gəlin. Şəklini verdim ki, nə sözün var şəklinə de. Yalvardı ki, “xala, məni bir də sakit vaxtda gətir qəbir üstünə, Elvinə deyəcəklərim, soruşacaqlarım var”. Xonçaları açılmayıb, şirin-şərbət suyunu hələ içib qurtarmayıblar”.

 

 

Ağ duvağ ağlı qaldı,
Boxçası bağlı qaldı.
Balamı bizdən ayıran fələk
Ürəyimiz dağlı qaldı.

“ÜÇ GÜN ƏVVƏL YUXUMDA GÖRDÜM Kİ, ÜZÜYÜMÜN QAŞINI İTİRMİŞƏM” – ELVİNİN HƏYAT YOLDAŞI

Açılmamış səbətlər, xonçalar təzə gəlinin otağında boy-boya vermişdi. Bu mənzərəyə baxanda adamın ürəyi dağlanırdı. Bir azdan Aytac da gəldi. Başına qara bağlamışdı 18 yaşlı gəlin, güllü-çiçəkli, bəzəkli paltar əvəzinə qara libasda bürünmüşdü. Bir azdan söhbətə qoşuldu Aytac:

 

 

 

"Hansı şəhid qapısını açıramsa, ailələrin əksəriyyəti deyir ki, tək oğul idi. Dəhşətdir, fəlakətdir!"

 

– Nail tankçı-mexanik idi. Toyumuzdan 3 gün sonra hərbi hissəyə qayıtdı. Heç burada olmurdu, cəbhə bölgəsində yaşayırdı, Füzulidə. Toyumuzdan 3 ay sonra böyüklərin məsləhəti ilə məni də apardı yanına. Evə elə gec, yorğun gəlirdi. Hər zaman üst-başı mazutlu, çirkli olurdu, solyarka iyi verirdi paltarları. Çətin şəraitdə yaşayırdıq. Martın 27-si onu yola salanda mənə dedi ki, halallıq ver, şəhid olmaq hər kəsə qismət olmur. Sözlərini zarafat saldım. Heç ağlımdan belə keçmədi ki, bunun ürəyinə nəsə damıb. Amma müharibə xəbəri çıxmazdan üç gün əvvəl yuxumda gördüm ki, üzüyümün qaşını itirmişəm. Aprelin 2-si zəngləşdik. Aprelin 4-ü səhər-səhər 8-də yenə danışdıq. Dedi ki, vaxtım azdır, tankım palçığa batıb, onu çıxarmağa gedirəm. 2 saat sonra Elvinin telefonuna zəng çatmadı…

“TABUTUNU AÇDIRDIM, SİFƏTİ BUMBUZ İDİ”

Anası Əfşan ana gəldi. “Bu evlər bundan sonra mənim nəyimə lazımdır. Mənim balam gedib, çinarboylu,hündürboylu, enlikürək. Atası da, mən də xəstəyik. 85 yaşında babası da əlil. Çox yalvardıq ki, raport yazsın, çıxıb gəlsin kəndə, bizə həyan olsun. Raport yazdı, komandiri cırıb atmışdı ki, sənin kimi hərbçini buraxa bilmərəm.

 

 

 

Bu kəndin uşaqlarının əksəriyyəti tankçıdırlar. Elə bil bir-birinin bəhsinə tankçı olublar. Başqa iş yeri də yoxdur axı, gedib harda işləsinlər? Özlərini, ailələrini nə ilə dolandırsınlar? Əsgərlikdən sonra gedib Nabranda 2 il ofisinat işlədi. Sonra gedib müddətdən artıq hərbi xidmət kursunu oxudu. Qazandığı pulla evin damını, döşəməsini vurdu. Güc-bəla bu evi tikib başa gətirdik, balama toy elədim ki, bəxtəvər olacam. Boynunu tumarlayıb, həzz alırdım oğlumdan. Qoymadı fələk. Tabutunu açdırdım. Sifəti bumbuz idi. Qan içində. Amma üzündə həmişəki təbəssümü, gülüşü var idi”.

Ağlaram ozan olsa,
Gül dönüb xəzan olsa.
Bağlanıb dastan olar
Dərdimi yazan olsa.

Mən aşiqəm laylaya,
Bülbül güllə laylaya.
Balam çox yuxusuzdu,
Dizim üstə üstə laylaya.

 

 

… Məndən müharibənin nə vaxt qurtaracağını, torpaqlarımızın nə zaman alınacağını soruşdu Elvinin anası. Dedim ki, alınacaq, balanızın qanı yerdə qalmayacaq.

Sədrəddin kişi məni həyətin darvazasına qədər ötürdü. Həyətin sol yanında ala-bula bir it nəzərimi cəlb etdi. Torpağın içərisində eşələnib oyuq açmışdı. Sədrəddin kişidən soruşdum ki, bu it nə zamandan burda eşələnir?!

– Heç vallah bu neçə günü o itə fikir verməmişik. Ancaq vallah, o xəbər çıxan gündən bu it həyətdə görünmür. Elə burada yatır. İndi fərqinə vardım. Elvin həyətə gəlməzdən əvvəl o qapıda zingildəyərdi. Elvin gələndə isə, səsi-küyü həyəti başına götürərdi.

Sədrəddin kişinin yeganə oğlunun yasına qurulmuş çadırını tərk edəndə Elvinin Rusiyada yaşayan dayısı Rəşid Kərimov ayaq saxlamağımı istədi. Və bunları dedi:

– Mənim bacım xəstə, əri də xəstədir. Özüm də burda yaşamıram. Hamı kimi mən də qayıdıb gedəcəm, ancaq qalmışam nigaran, görəsən bu ahıl yaşda onların qayğısına kim qalacaq, kim nazların çəkəcək, kim soraq tutacaq? Dövlətimiz belə öhdəçiliyi üstünə götürə biləcəkmi?! Mən bir söz demirəm, oğlumuz Vətən yolunda gedib, bu nəslimizə də şərəfdir, şandır. Bir nişanəsi də yoxdur ki, deyim ki, o böyüyüb, bunlara arxa duracaq. Elvin ata-babasının hər zaman qayğısını çəkərdi. Hərbidən evə gələndə həmişə onu çimizdirər, başını qırxar, nazını çəkərdi… Bəs Elvinin ata-anası necə olacaq?!

Sualına cavab verə bilmədim. Yenə başımı ağaşı saldım. Xudahafizləşib ayrıldım. Oradan qayıdandan sonra, dəftərimə bu sözləri yazdım:

 


"Hansı şəhid qapısını açıramsa, ailələrin əksəriyyəti deyir ki, tək oğul idi. Dəhşətdir, fəlakətdir!"

Hansı şəhid qapısını açıramsa, ailələrin əksəriyyəti deyir ki, tək oğul idi. Dəhşətdir, fəlakətdir! Bu ailələrin əksəriyyəti də kasıblığın son həddində ömür sürməkdədirlər. Ancaq mərddirlər!Onların əksəriyyəti kasıb kənd evlərində, gözəl təbiət qoynunda, təbiətlə həmahəng yaşayıblar. Fransanı, İspaniyanı, Amerikanı ancaq xəyallarında qurublar. Lakin onlar lap elə tək oğul kimi adları, şərəfləri ilə tarix yazdılar. Yazıq o şəxslərdir ki, mülkləri, var-dövlətləri başlarından aşır, balaları, oğlanları da ən bahalı maşınlarda, villallarda, imarətlərdə kef edirlər. O kasıb ailələrin qanından, canından sovurduqları haram pullarla İspaniyada, Fransada, Böyük Britaniya, Amerika, Almaniyada oturub, Azərbaycanın bugünkü durumunu uzaqdan izləyirlər. Vətəni vətən edən gənclərimiz bayrağımıza bürünüb şəhərlərimizin məhəllələri, küçələri ilə irəllədikcə, Vətən deyə bağırdıqca, bizim ürəklərimiz sevinclə , vüqarla dolur. Onlara hətta şanlı, üçrəngli, hər zaman ucalarda dalğalanan bayrağımızın bu neçə gün ərzində inasanlar arasında yaratdığı coşqunun izdihamında irəliləmək nəsib deyil.

Çünki məmur, nazir, deputat, məktəb direktoru olan “papaları” onları… dovşan kimi, şərəfsizcəsinə qaçırıb. Nə vaxtsa o varın, dövlətin də axırı gələcək. Ancaq tarixdə bu gün qanları ilə Müstəqil Azərbaycanın şanlı tarixini yazan 2-5 aprel şəhidlərinin adı qalacaq. Onların həmin gecə tökülən qanlarından QALİBİYYƏT qazanıldı. O gecə Azərbaycanın qeyrətli oğulları qanları, canları, inadları ilə dünyaya bizim VAR olduğumuzun, necə qüdrətli və güclü olduğumuzun mesajını verdilər. Şəhidlik Məqamına, Qazilik Məqamına yüksəldilər. Ən bahalı universitetlərdə Vətəndən oğurladıqları taladıqları pulların hesabına oxuyanlara isə bu MƏQAM, bu ŞƏRƏF heç vaxt nəsib olmayacaq. Tarixdə qanı ilə tarix yazan qəhrəmanlar qalır”./azadliq.info/

877 dəfə baxılıb
Loading ...
Nur-Az Xeber
07.12.16, 10:54
Hətta bir yuxusuz gecə...
06.12.16, 11:00
Mosulda uğurlu əməliyyat
06.12.16, 09:10
40 dərdin dərmanı
Go to TOP