Şrift ölçüsü:
A+
A
A-
Kr
14 Aprel 2016

Şəhid verən ölkənin teleməkanı niyə müğənnilərin ümidinə buraxılıb?

Azərbaycan-Ermənistan sərhədində atəşkəsin pozulması və cəbhə xəttində davam edən 4 günlük müharibə ilk gündən efir məkanına da təsir etdi. Bütün telekanalların efirindən şou, əyləncə verilişləri yığışdırıldı, əsas ağırlıq savaş xəbərlərinə və vətənpərvərlik ruhunda verilişlərə verildi.
Lakin atəşkəs imzalandığı gündən etibarən xüsusən özəl televiziyaların öz ənənəvi yayım siyasətinə, şou-proqramlara qayıtması cəmiyyətdə qıcıq doğurdu. Çünki hələ də şəhid xəbərlərinin, şəhid cənazələrinin gəldiyi bir vaxtda hansısa müğənninin əsgər paltarı geyərək, oxuyub oynaması auditoriyada da müsbət rəy formalaşdırmadı. Lakin təbii ki, tənqidin hədəfi həmin müğənnilər yox, onu efirə çıxaran televiziyanın rəhbərliyi və həmin televiziyanın yayım siyasətini diqtə edən şəxs və ya qurumlardır.

Bəs görəsən, televiziyaların yayım siyasətini müəyyənləşdirənlər niyə orada siyasi verilişləri, ictimai xadimlərin debatlarını yox, müğənniləri görmək istəyirlər? Bu yayım siyasətinin özəyində hansı məqsədlər durur?

“Turan” informasiya agentliyinin direktoru Mehman Əliyev “Yeni Müsavat”a açıqlamasında bildirdi ki, hakimiyyət televiziyalara siyasətçilərin çıxmasında maraqlı deyil: “Ümumiyyətlə, bizdə hər hansı bir siyasi aktivlik narahatlıqla qarşılanır. Hakimiyyətin illərlə apardığı izolyasiya siyasətidir ki, efirlərdə nə siyasətçilər, nə ictimai xadimlər gözə dəymir. Heç iqtidaryönlü siyasətçilər də efirə buraxılmır. Yəni söhbət ondan gedir ki, siyasət haqqında nə yaxşı, nə pis, heç nə olmasın”.
M. Əliyevin sözlərinə görə, belə vaxtlarda televiziyalarda əhval-ruhiyyənin yüksəldilməsi, qələbəyə inamın artması, mübarizəyə hazırlıq ruhu aşılanmalı idi: “Lakin hakimiyyətə bu cür vətənpərvərlik lazım deyil. Onlar bundan çox çəkinir, qorxur. Çünki bu vətənpərvərlik təkcə savaş məsələlərini həll eləmir. O insanlar sonradan normal demokratik, şəffaf dövlət, cəmiyyətdə normal münasibətlər, iqtidarla xalqın təması və sair tələb edəcəklər. Bu, iqtidara sərf eləmir. Hər cür ictimai aktivliyin əleyhinədirlər. İctimai aktivlik bu gün xalqı narahat edən başqa problemləri də ortaya çıxara bilər ki, bu da iqtidara sərf eləmir”.
713 dəfə baxılıb
Loading ...
Nur-Az Xeber
30.11.16, 08:19