Şrift ölçüsü:
A+
A
A-
Kr
22 Dekabr 2013

Mafiya hökumət içində olanda...

Türkiyədə baş verənlər öz ölkəmiz barədə təkrar və dərindən düşünməyə fürsət yaradır.

Türkiyədəki həbslərə verilən açıqlama tutulanların korrupsiyaya bulaşması ilə bağlıdır.

Hakim partiya, iqtidar isə bu həbsləri xarici qüvvələrə bağlayır. Onlara görə, Türkiyənin son illərdəki uğurlarını həzm etməyənlər dövlətin içinə sızdırdığı qüvvələrlə belə işlər görür.

Heç bir versiyaya xüsusi üstünlük verməsək belə, iki hal Türkiyə dövləti üçün narahat olmağa ciddi əsasdır.

Həbsi həyata keçirənlərin iddiası doğrudursa, çox pis. Deməli, vəzifə səlahiyyətlərinin verdiyi imkanlardan istifadə edib xalqın malını yeyənlər orada da varmış. Özü də bu, illərlə davam edən bir cinayət olub.

Hökumətin açıqlaması doğrudursa, lap betər. Deməli, AKP iqtidarının bu qədər özünü oda-közə vurmasına, təmizləmə əməliyyatlarına rəğmən, xarici qüvvələr dövlətin içinə kifayət qədər sirayət edə bilib. Hətta o qədər yüksəlib ki, dövlət məmurlarının övladlarını güdüb, xəbərsiz həbs edib aparır.

Indi gələk özümüzə.

Heç kimə sirr deyil ki, Azərbaycan hakimiyyəti kriminal mahiyyətdədir. Nüfuzlu beynəlxalq hesabatlarda, son bir ildə üzə çıxan faktlarda görür və oxuyuruq ki, Azərbaycan bir ailə və onun ətrafındakı bir neçə ailənin istilası altındadı; xalqımızın təbii sərvətləri talan edilir, bu, azmış kimi, camaatın əlində olan beş-on manat da ən müxtəlif yollarla rüşvət, mənimsəmə və s. ilə məmurların cibində, offşorlarda cəmlənir. Ona görə inanmıram, məsələn, sabah Ziya Məmmədovun və ya bir başqa nazirin oğlunun evindən 15-55 milyon pul çıxsa, camaatımız təəccüblənsin. Uzaq başı, məbləğin azlığı heyrət yarada bilər.

Bir də... Türkiyə cəmiyyətində son tutqularla bağlı hakimiyyətə qarşı qəzəbin bir səbəbi də odur ki, orada vətəndaşlar korrupsiyanın necə bir bəla olduğunu dərk edirlər. Gəlin razılaşaq ki, bizdə deyəndə ki, hökumət korrupsionerdir, bu söz geniş kütlələrin beyninə o qədər təsir eləmir. Kobud desək, bizdə korrupsiyaya sözünün tərcüməyə ehtiyacı var. Siyasətçilər, iqtisadçılar çıxışlarında bunu mütləq nəzərə almalıdır. Məndən olsa, korrupsiyanın əvəzi kimi, bizim ölkədə bu ifadə işlədilməlidir: “Bunlar yetim payın oğurlamaqla məşğuldular!” Ancaq bu cür sözlər yüzminlərin hisslərini itiləyə bilər.

Ən təhlükəlisi, dövlətin içindəkilərin ipinin xarici qüvvələrin əlində olmasıdır.

Düşünün, Türkiyə güc orqanlarına xarici qüvvə sirayət edibsə, Azərbaycanda vəziyyət necədir? Adam bu sual üzərində düşünəndə belə qorxur.

Nəzərə alın, Türkiyədə xalqdan səs alan hakimiyyət var, bizdən xeyli dərəcədə müsbət mənada fərqlənən media və şəffaflıq var, amma orduda, polisdə dövlətin iradəsindən kənar qüvvələr formalaşır.

Azərbaycan hökuməti uşaq başı aldatmaqla məşğuldu. Hər kvartal beş-on məzlumu tutub damlayır ki, xaricə işləyir-filan. Daim müxalifət belə ittihamlarla üz-üzədir. Fəqət, əsl təhlükə hakimiyyətin, güc orqanlarının belə hadisəyə tuş gəlməsidir.

Yadınıza iki fakt salım: Elşad Abdullayevin və Naxçıvandan qaçan bir MTN-çinin açıqlamalarında göstərilirdi ki, Azərbaycanda xüsusi xidmət orqanlarına, gizli polisə düzəlmək üçün 15-20 min manat bəs edir.

Ölkə ilə bağlı planı olanlar üçün sizcə, bu qədər pul tapmaq çətindimi? Deməli, təkcə bir JEEP-in puluna beş-altı zabiti hüquq-mühafizə sisteminə soxuşdurmaq olar.

Hələ mən əksəriyəti tamahına qul olan məmur korpusunun şirin vədlərə uyaraq ölkənin hər şeyini satmaq riskini yazmıram.

Biz bu məqamda seçkinin, hakimiyyət dəyişikliyinin ölkənin təhlükəsizliyi üçün nə qədər vacib olduğunu görürük. Hakimiyyət dəyişikliyi həm də ona görə zəruridir ki, bir iqtidarın səlahiyyətləri iradələrinə zidd və ya könüllü öz iplərini mafiyanın ixtiyarına verəndə o, əbədi təhlükəyə çevrilməsin. Uzunmüddətli, əbədi hakimiyyət mafiyadan başqa heç kimə xeyir gətirmir. Hətta sonda şaha da...
Natiq Güləhmədoğlu/azadlıq
1651 dəfə baxılıb
Loading ...
Nur-Az Xeber
29.11.16, 18:03</