Şrift ölçüsü:
A+
A
A-
Kr
22 Dekabr 2013

Cəmil Həsənliyə qarşı təxribat

Milli Şuranın sədrinə qəzet aparan yayım işçisi hədələndi

Dekabrın 21-də saat 11:30 radələrində Milli Şuranın (MŞ) sədri, professor Cəmil Həsənlinin evinə gündəlik qəzetləri gətirən pərakəndə yayım işçisi hədələnib və onun satış üçün qoltuğunda gəzdirdiyi qəzetlər əlindən alınıb. Bu barədə "musavat.com"-a C.Həsənli özü məlumat verib.

MŞ sədrinin sözlərinə görə, bir qayda olaraq onun evinə "Azadlıq", "Yeni Müsavat", "Zerkalo" və "Bizim yol" qəzetlərini gündəlik aparan yayım işçisi dekabr ayının 21-də qəzetləri mənzilin qapısında qoyub blokdan çıxarkən mülki geyimli şəxs tərəfindən saxlanılıb və qəzetlərin kimə aparılması ilə bağlı sorğu-sual edilib. Uzun sorğu-sualdan sonra yayım işçisi qəzetləri professor C.Həsənli üçün apardığını bildirib. Bundan sonra mülki geyimli şəxs onun qəzetlərini əlindən alıb və təhdid edərək bir də burada görünməməyi tapşırıb. Həmin şəxs həyətin giriş hissəsində oturan mühafizə işçilərinə tapşırıb ki, müxalifət qəzetləri satan bu şəxsi bir daha Bakı Dövlət Universitetinin müəllimləri yaşayan kompleksə buraxmasınlar.

Xatırladaq ki, Milli Şuranın sədri professor C.Həsənli BDU-nun Mirəli Seyidov küçəsi 31/38 ünvanda inşa edilmiş yeni yaşayış kompleksində yaşayır. Maraqlıdır ki, bu hadisə prezident İlham Əliyevin Mətbuat Şurası ilə görüşündən heç bir ay ötməmiş baş verib. Həmin görüşdə İ.Əliyev mətbuat yayımına heç bir maneə törədilməməsi haqqında mövqeyini ifadə etmişdi./deyerler/
1559 dəfə baxılıb
Loading ...
Nur-Az Xeber