Şrift ölçüsü:
A+
A
A-
Kr
22 Dekabr 2013

Lənkəranda 10 ilin olimpiya kompleksi söküldü...

Lənkəranda 10 il əvvəl inşa edilən olimpiya kompleksi söküldü. Olimpiya idman kompleksi respublikada ilk inşa edilən komplekslərdən biridir. Aylarla tikilən kompleks 3-4 gündə söküldü və tikinti materiallarının hara aparıldığı da məlum deyil. Hər halda dağıdılmış obyektdə olarkən tikinti materiallarını görmədik. Burada yalnız qaldırıcı kran gözə dəyirdi. Yağış yağdığından orada işləyənlər yox idi. Gözətçiyə də rast gəlmədik.

KOMPLEKS NİYƏ SÖKÜLDÜ?

Sütəmurdov kəndində yerləşən bu kompleksdə respublika əhəmiyyətli tədbirlər keçirilirdi. Şahidlərin dediklərinə görə, kompleks heç də pis vəziyyətdə deyildi. Bu kompleksin açılışında ölkə prezidenti də iştirak etmişdi. Deyilənə görə, tikintidən razı qalmışdı.

Kompleksin sökülməsi ilə bağlı Lənkəran rayonunda müxtəlif söhbətlər gəzir. Ölkə mətbuatında gedən məlumatlara görə, kompleks binasının divarlarında çatlar olub. Buna görə kompleksin sökülməsinə qərar verilib. Lakin şahidlərin dediklərinə görə, divarlarda heç bir çat olmayıb.



«BÜDCƏDƏN AYRILAN VƏSAİTLƏR BELƏ DAĞIDILIR»

Lənkəran Müəllimlər Cəmiyyətinin sədri Rahim Nuriyev də kompleksin sökülməsini düzgün hesab etmir. Onun fikrincə, Lənkəran şəhərinin 50 mindən yuxarı əhalisi var. Buna görə də şəhərə iki olimpiya idman kompleksi lazımdır. O deyir ki, burda başqa məqsəd güdülüb:

«Belə tikilən və sonra sökülən təkcə idman kompleksi deyil. Mərkəzi meydanda Heydər Əliyev Mərkəzi də söküldü, yerində təzəsi, daha böyüyü tikildi. Mərkəzi meydanın özü hər icra başçısı dəyişəndə, sökülüb təzədən tikilir. Büdcədən ayrılan vəsaitlər belə dağıdılır. Əslində, belə bir tikinti aparmaq istəyirdilərsə, hazır kompleksin sökülməsinə nə ehtiyac var idi? Lənkəranın kifayət qədər əhalisi var ki, ikinci bir idman kompleksi də tikilə bilərdi. Elə şəhərin 50 mindən yuxarı əhalisi var. O şəhərdən kənarda, Sütəmurdov kəndində tikilən bir kompleks idi».



«BELƏ BİNALARI TİKMƏKDƏNSƏ...»

Rahim Nuriyev deyir ki, şəhər məktəblərində görüləsi işlər çoxdur. Bu vəsaiti həmin məktəblərə yönəltmək olardı:

«Lənkəran şəhərində məktəblər var ki, bu dəqiqə uyğunlaşdırılmış binada yerləşirlər. 8 nömrəli məktəb, 9 nömrəli məktəb. 9 nömrəli məktəbin döşəmələri, pəncərələri çürüyüb dağılır. Elə bu dəqiqə həmin məktəbdə yel vurub yengələr oynayır. 8 nömrəli məktəb həmçinin. Onun yeni məktəb binasına ehtiyacı var. Belə bir binaları tikməkdənsə, hazır kompleksi söküb yerində daha bahalı kompleksin tikilməsinə nə ehtiyac var?».

Rahim Nuriyev deyir ki, Lənkəran şəhərinin 70-ci illərdə salınmış səkiləri dağılıb, həmin səkilərdən keçmək olmur. Yağış yağanda gölməçələr əmələ gəlir .Onun fikrincə, bu işləri görmək daha önəmli idi.



Lənkəran şəhər sakini İltifat Rəhimzadə fərqi düşünür. O hesab edir ki, 10 il bundan əvvəl tikilmiş olimpiya idman kompleksi günün tələblərinə cavab vermirdi. Daha geniş, daha rahat kompleksə ehtiyac var.

Lənkəranda olimpiya idman kompleksini inşa edəndə onun smeta dəyəri və tikinti aparan şirkətlə maraqlanmışdıq. O vaxtları bu barədə məlumat ala bilməmişdik. Adətən böyük tikinti aparılarkən yaxınlıqda bununla bağlı izahlı lövhələr vurulur. Həmin lövhədə vacib olan məlumatlar öz əksini tapır. Lakin tikilməkdə olan olimpiya idman komplekslərinin ətrafında maketlərin şəkilləri vurulur. Tikintinin smetası isə açıqlanmır.

YENİ OLİMPİYA KOMPLEKSİ 2015-Cİ İLƏ HAZIR OLMALIDIR...

Lənkəran rayon Gənclər və İdman İdarəsinin rəisi Yalçın Əhmədov isə deyir ki, burda gizli bir şey yoxdur. Olimpiya idman kompleksi ona görə sökülüb ki, yerində daha böyüyü tikilsin. Tikintinin 2015-ci ilə kimi başa çatması nəzərdə tutulub.

Yardımlı və Lerik rayonlarını çıxmaq şərti ilə cənub rayonlarının hamısında olimpiya idman kompleksi inşa edilib.

Öyrəndik ki, Masallıda inşa edilən olimpiya idman kompleksinə 16 milyon manat xərclənib. Belə çıxır ki, Lənkəranda bir həftə ərzində təqribən 16 milyon manat göyə sovrulub.

Azadlig.org
1574 dəfə baxılıb
Loading ...
Nur-Az Xeber
07.12.16, 10:54
Hətta bir yuxusuz gecə...
06.12.16, 20:07